Modern.az

Namizədlərin təşviqatı necə gedir?

Namizədlərin təşviqatı necə gedir?

Qarabağ

27 Oktyabr 2015, 09:20


Milli Məclisə keçiriləcək növbəti seçkilərə bir həftədən də az vaxt qalır. Namizədlərin təbliğat-təşviqat kampaniyaları da yekunlaşmaq üzrədir.

Bəs ölkədə seçkiqabağı ümumi vəziyyət necədir? Bu dəfəki seçkilər əvvəlki illərə nisbətən nə ilə fərqlənir?  

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasının  uğurla davam etdiyini deyib.  

“Əvvəlki illərə nisbətən bu dəfəki seçkilərdə daha çox adam namizədliyini qeydiyyatdan keçirib. Bu isə təbliğat-təşviqat kampaniyasının daha canlı və miqyaslı keçməsinə şərait yaradır. Hər bir namizəd öz təbliğat-təşviqat kampaniyasını qurub. Əhali ilə işləyir. Partiyalar kütləvi tədbirlər, mitinqlər keçirir. Bütün bunlar seçki qabağı atmosferin canlı və sürətli cərəyan etdiyini göstərir”.  

Qabil Hüseynli sadə vətəndaşların seçki aktivliyini də şərh edib.

“Seçki aktivliyini əhaliyə şamil etmək çətindir. Çünki əhali arasında bir qədər passivlik var. Güman edirəm ki, namizədlər öz təbliğat-təşviqat kampaniyaları ilə bu passivliyi mütləq aradan qaldıracaq.  

Azərbaycan seçki təcrübəsini hər seçki ili bir az da təkmilləşdirir. Təsadüfi deyil ki, hər dəfə Azərbaycanda keçirilən seçkiləri demokratiyaya doğru atılmış addım kimi qiymətləndirirlər. Azərbaycan postsovet məkanına daxil olan ölkədir.

Burada demokratiyanın bütün elementləri tam bərqərar olmayıb. Digər postsovet ölkələri ilə müqayisədə isə Azərbaycan demokratik proseslərin həyata keçirilməsi sahəsində kifayət qədər qabaqdadır”.   Politoloq seçki saxtakarlığının mümkünlüyünü də istisna etməyib.  

“Seçkilərin saxtakarlığının mövcudluğu ola bilər. Sadəcə, namizədlər özlərinin və partiyalarının müşahidəçiləri vasitəsilə seçki məntəqələrində daima keşik çəkməli, saxtakarlıq hallarının hamısını aktlaşdırmalı, ona qarşı mübarizə aparmalı və imkan verməməlidirlər ki, seçkilərin şəffaf və adil keçməsinə kimsə mane olsun”  

Namidə BİNGÖL

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu