Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasının 1 ili tamam olub.
Agentliyin baş redaktoru Murad Əliyev bu günlə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.
O, bildirib ki, ötən bir ilin önəmli nailiyyətlərindən biri “Report”un artıq jurnalistika məktəbinə çevrilməsi olub: “Bir neçə gənc burada jurnalist fəaliyyətinə başlayıb və artıq peşəkarlarla ayaqlaşacaq səviyyədə yetişib”.
Baş redaktor “Report” əməkdaşlarının fəaliyyəti dövründə dövlət səviyyəsində yüksək qiymətə layiq görüldüklərini də qeyd edib: “Prezident İlham Əliyevin kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı sərəncamla “Report”un redaktoru İmdad Əlizadə “Tərəqqi” medalına layiq görülüb.
Bundan başqa, daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən “Report”un fotomüxbiri Orxan Əzimovu qəbul edib və ona nazirliyin “Fəxri fərmanı”nı təqdim edib”.
Baş redaktorun sözlərinə görə, ötən 1 ilin nailiyyətləri sırasında www.report.az saytının özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiq etməsi başlıca xüsusiyyətlərindən biridir:
“Eyni zamanda, ötən bir ildə ölkədə baş verən ən mühüm hadisələr agentliyin saytında geniş işıqlandırılıb. Bunların sırasında Bakıda keçirilən və bütün Avropanın idman hadisəsinə çevrilən "Bakı-2015" I Avropa Oyunlarını qeyd etmək olar. “Report” ilk Avropa Oyunlarına aid məlumatların yayım sayına və keyfiyyətinə görə ölkənin ən qabaqcıl informasiya resurslarından biri olub.
İqtisadiyyat sahəsindən peşəkar materiallar hazırlayan "Report" müxtəlif renkinqlər, təhlillər ilə maliyyə sahəsini hərtərəfli işıqlandırıb”.
Modern.az saytının kollektivi “Report”u 1 yaşı münasibəti ilə təbrik edir və uğurlarının davamlı olmasını arzulayır.
Vüsalə Qəzənfərqızı