Modern.az

O dünyadan Vaqif Bəhmənliyə məktub

O dünyadan Vaqif Bəhmənliyə məktub

28 Oktyabr 2015, 21:31

Mahir Qabiloğlu


Vaqif, salam! Necəsən? Səni Axirət Respublikası Yazıçılar Birliyinin adından 60 illik yubileyin münasibətilə təbrik edirəm. Sən fani dünyada yaşayıb-yaradan ilk şairsən ki, bu şərəfə layiq görülmüsən. Niyə? Bax indi açıqlamasını verim. İki il bundan əvvəl Əkrəm Əylislinin fəxri adlarının əlindən alınması və Yazıçılar Birliyinin üzvlüyündən qovulması məsələsiylə bağlı qurultay çağırmışdıq. İndi də eşitdik ki, yazdığın şeirə görə sənə “töhmət” elan ediblər. Bu münasibətlə yığışdıq. Mən sədr kimi birinci, sənin nazir Əbülfəs Qarayevə yazdığın şeiri oxudum. Adi şeirdir. Qeyri-adi bir şey yoxdur. Sən də əsl şairsən. Bunu heç kim inkar edə bilməz.


Sonra isə bu şeirə görə mədəniyyət və turizm nazirinin 28 oktyabr 2015-ci il tarixli əmriylə sənə töhmət elan olunduğunu qurultay iştirakçılarının nəzərinə çatdırdım. Elə əmri oxuyub qurtarmağımı gördüm.  İmaməddin Nəsimi o yanda qəşş eləyib özündən getdi. Hüseyn Cavidin başının tükləri biz-biz durdu. Mikayıl Müşfiq hönkürdü. Xəlil Rza “Yaşa, igid. Yenə də yaxşı qurtarmısan” dedi. “KQB”nin, sovetin Domokl qılıncını hər gün başları üstündə hiss edən, indi də o xof canlarından çıxmayan Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov, Bəxtiyar Vahabzadə, bir sözlə, 20-ci əsrdə yaşayıb-yaradan və 37-ci il repressiyalarından ölü və sağ çıxanlar mat-məəttəl bir-birilərinin üzünə baxdılar. Qəribə gəldi onlara ki, yazdığı şeirə görə nə əcəb Vaqif balanın  Azadlıq meydanında dərisini  soymayıblar. Nargin adasına apararaq güllələyib, qarğa-quzğuna yem eləməyiblər.  Sibirə sürgünə göndərməyiblər,  Lefortovo zindanına salmayıblar. 1986-cı ildə layiq görüldüyü Respublika Komsomolu mükafatından, 1989-cu ildə aldığı Azərbaycan Ali Sovetinin Fəxri Fərmanından, İsa İsmayılzadə adına "İlin ən yaxşı şeiri" mükafatından, Şahmar Əkbərzadə adına mükafatından, Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adından, “Yaddaş” Milli mükafatından, Rəsul Rza adına beynəlxalq mükafatdan, Əli Kərim adına ən yaxşı poeziya mükafatından məhrum etməyiblər? Bütün bunlar baş vermədiyinə görə Nəsimi başda olmaqla hamı diz çökərəq, əllərini yuxarı qaldırıb “Şükür sənə xudaya, bizə qıydın. Sağ ol ki, Vaqif balamıza qıymadın. Quru töhmətlə canını qurtardı. Özü də əmək kitabçasına yox, bütün qəzetlərə, saytlara yazılmaq şərtiylə”.

Elə bu dəm içəri kim girsə yaxşıdır?  1063-1092-ci illərdə Səlcuq Dövlətinin vəziri Nizamülmülk. Özü də rəngi qaçmış vəziyyətdə. Soruşduq ki, a kişi, nə olub, nə baş verib? Cavab verdi ki, bəs sizin bir nazir var, Əbülfəs Qarayev. Eşitmişəm ki, Qabil müəllim, sizinlə xalaoğludur. Tez onu xəbərdar etmək lazımdır ki, başında bir xəta var onun. Dedim ki, ay kişi, o mədəniyyət naziridir. Heç kimə pisliyi keçmir. Vaqif, hətta sənin şeirinə istinad edərək, hörmətli vəzirimizə Əbülfəs Qarayevin  “yaxşılıq yolunda can qoyduğunu”, “Nə ki yamanlıq var, ondan uzaq qaçdığını”, “iblis adamla da dil tapdığını”, Azərbaycan diliylə yanaşı “beş-altı dildə bülbül tək ötdüyünü”, “pisliyin dilini bilmədiyini”, nəinki alova “hisə də, pisə də yaxşılıq etdiyini”, bu cür həyat tərzinin ona ata-babalarından - “Qarayevlər nəslindən” miras qaldığını söylədim. Dedim ki, ay Nizamülmülk cənabları, sən yaxşı tanımırsan, neçə illər onunla bir yerdə çalışan Vaqif Quliyev – Vaqif Bəhmənli ona yazdığı şeirdə deyir ki,

Əclaf da, paxıl da unudur kini –
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy…
hər kəsin ərizəsinə –
Nizamülmülk kimi yaxşı vəzirsən…


Saxla, Qabil, saxla, Vaqif bala burda korlayıb da işləri. Birinci mənə bənzədib Əbülfəs Qarayevi. İraq məndən. Məni bilirsiz də bıçaqla qətlə yetiriblər. Taleyim Əbülfəs baladan iraq. Bir də ki, ay qurultay nümayəndələri, sizdən bir şey soruşum. Mən vəzir idim. Əbülfəs Qarayev də vəzirdir ki, Vaqif Bəhmənli onu mənə bənzədib? Yazıb ki, “Nizamülmülk kimi yaxşı vəzirsən…”.


Vaqif, bax burda mənim dilim tutuldu. Soyuq tər basdı. Adam tapmadın oxşatmağa? Özü də nazirə vəzir deyirsən. Dövlət qulluqçususan, amma siyasi savadın yoxdur. Vallah, sən bizdən də  ürəkliymişsən. Nazirin əmrini bu gün internetdən oxumasaydım, belə başa düşərdim ki, Əbülfəs Qarayevi Prezident Adminstrasiyasının rəhbəri qoyublar. Bala, ehtiyatlı ol.  Ola bilsin ki, nazir sənin yanında hansısa perspektivdən, arzularından danışıb. Hər deyilən şeyi axı gərək nəzmə çəkməyəsən. “Tembole” sənə də xəbərdarlıq edib ki, şeiri cır-at. Əvvəllər mətbuat yazırdı ki, Əbülfəs Qarayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı olmaq istəyir, indi də...

Vaqif, Nizamülmülkü yola saldıq. Bu dəm məni səhnə arxasına çağırdılar ki, bəs 4 nömrə Axirət Hökumət telefonundan zəng gəlib. Bilirsən də kim idi zəng edən? Haqq dünyasında ən böyük adam. Mənə tapşırıq verdi ki, sənə bəzi iradları çatdırım. Onu da əlavə etdi ki, bir də belə səhvlər etsə, bizim qurultayda sənin iştirakını gerçəkləşdirəcək. Vaqif, sən lap ağın eləmisən də. Məni də pis vəziyyətə salmısan. İndi səni Allahın yanında necə müdafiə edim? Hə? O nədir yazmısan Əbülfəsə?

Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.

Vaqif, gəl əyri oturaq, düz danışaq. Allah məsləhət bilməsəydi. Əbülfəsi nazir qoyardılar? İndi sən yazdığın kimi, Allah Əbülfəsin ziddinə getsə, onu da vəzifədən çıxartsalar necə olacaq? Təzə gələn səni şöbə müdirliyində saxlayacaqmı? Ha saxladı aa… El misalı var: “Təzə süpürgə yaxşı süpürər”.

Şəxsən mən Əbülfəsin yerinə olsaydım ən azı səni işdən çıxarardım. Özü də statyayla. O, nədir yazmısan şeirdə.

Qalaça tikirsən daş qalağından –
Adam çox…
hamıya bu vərdiş gəlmir.

Vaqif, qalaça nədir? Axı sən dilimizi yaxşı bilirsən. Qalaça – qədimdə  kiçik müdafiə tikilisi və ya xırda qaladır. Bunu başa düşdüm. Fransız Jerar Depardye bütün dünyaya car çəkərək “Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin evi əsl incəsənət nümunəsidi” deyir. Sən isə şeir yazıb təsdiq edirsən ki, nazir daş qalağından, yəni ki, Güzdək karxanasının “kolbasa” daşlarından qalaça tikir. Ayıb deyil? Vallah, Əbülfəsdə hövsələ var. Ya da ki, el diliylə desək, səni kabinetinə çağıranda  “anan namaz üstə olub”.

Nə isə. Bu qədər. Onsuz da saytlar bütün günü yığıblar səni boğaza. Yenə də deyirəm. Burdakılar da deyir. Şükür, min şükür, yaxşı qurtarmısan. Get qurban kəs.

Qurultayın son qərarı nə oldu? Yaxşı oldu. Adını tarixə yazdılar. Oxuyum? Baş üstə.

“Yazdıqları şeirlərə görə:
Nəsimi -  diri-diri dərisi soyulub.
Hüseyn Cavid - sürgün edilib.
Mikayıl Müşfiq - güllələnib.
Xəlil Rza - məhbəsə atılıb.
Vaqif Bəhmənli – “Töhmət” verilib”. 

Hamıya salamlar.
Hörmətlə: Axirət Respublikası Yazıçılar Birliyinin sədri QABİL
28 oktyabr 2015-ci il.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu