Modern.az

Yazarlar Vaqif Bəhmənlini müdafiə etdilər: “Barıtı bir qədər çox olub”

Yazarlar Vaqif Bəhmənlini müdafiə etdilər: “Barıtı bir qədər çox olub”

29 Oktyabr 2015, 14:02


Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ona şeir ithaf edən şair, qurumun şöbə müdiri Vaqif Quliyevə (Bəhmənli) verdiyi töhmət mediada rezonans doğurdu. Amma diqqətçəkən başqa bir məqam da oldu: sanki media və ədəbiyyat adamları elə startda dayanaraq, belə bir məqamı gözləyirmişlər. Əllərinə düşən böyük imkandan istifadə edərək illərdir bu mövzuda ürəklərində qalaqlanmış bütün əsəblərini Vaqif Bəhmənlinin üzərinə tökdülər. Təbii ki, şeirdə ifrat, ithaf elementləri var və bu özünü təsdiqləmiş bir şair tərəfindən yazılması qəbulolunmaz hal hesab oluna bilər. Amma bu dərəcədə daş-qalaq etməyə isə təbii ki, heç bir gərək yox idi.
Modern.az saytına bu istiqamətdə açıqlama verən yazarlar da əsasən sosial şəbəkəlrədə və saytlarda ifratavarma cəhdlərini pislədilər:

Faiq Balabəyli, şair – “Mən də bunu pis qarşıladım, hətta jurnalist Xalid Kazımlının status kimi yazdığı iki bəndlik şeirə 3 bənd də mən əlavə olaraq şərh-şeir yazdım. Amma, bu qədər olmaz. Yerindən duran özünü müqəddəs kimi göstərib Vaqif Bəhmənli kimi gözəl bir şairə hücum etməsi xoşagələn deyil. Axı az qala millətin xarakterik xüsusiyyəti kimi formalaşıb yaltaqlıq, xoşa gəlmək üçün irişmək, boyun bükmək, quyruq bulamaq... Məsələn, tabeçiliyində olanda bunu gözləyən məmurlar, idarə müdürləri var və demək olar ki, 90 faizi belədir. Düşünmürəm ki, Əbülfəz Qarayevin tərifdən xoşu gəlməsin. Sadəcə şairin nazirə yazdığı şeirin barıtı bir qədər çox olub. Bəzən ağına-bozuna baxmadan kiminsə statusuna rəy yazırlar və özləri də bilmir ki, bu rəyi yazmağa onun özünün haqqı çatır, yoxsa yox. Bir şeyi də deyim, Mən Vaqif müəllimin o şeirini hələ oxumamışam. Bilirsən, qaragüruh məni qorxutdu. İstəmədim o şeiri oxuyam və mənim şeirlərini bu vaxta qədər sevə-sevə oxuduğum şairə münasibətim dəyişsin. Səməd Vurğun yazmışdı ki, “ehtiyac qul edər qəhrəmanı da”. Düşünmürəm ki, Vaqif Bəhmənli bu durumdadır, amma o özünə olan diqqəti beləcə artırmaq istəyib”.

Kənan Hacı, yazıçı  “Vaqif Bəhmənlinin müasir Azərbaycan poeziyasında özünəməxsus yeri var. Düşünürəm ki, onun mənim müdafiəmə zərrəcə ehtiyacı yoxdur. Sadəcə, bir şeirin ətrafında belə şou yaratmaq mənə qəribə görünür. Vaqif müəllimin yüzlərlə gözəl şeiri var, gənc yazarlar üçün örnək olası gözəl publisistikası var. Vaqif müəllimə bu cür münasibəti haqsızlıq hesab edirəm.
Təkrar edirəm, mənim Vaqif müəllimdən heç bir keçəcək işim yoxdur və indiyə qədər də kiməsə xoş gəlmək üçün fikir bildirməmişəm. Bu, mənim xarakterimə yaddır.
Sadəcə, şairə qarşı belə xoşagəlməz münasibət mənə çox pis təsir etdi”.

Vüqar Əhməd, şair - Qətiyyən ağsaqqal şairi ruhdan salmaq, belə təkləmək düzgün deyil! Əbülfəs Qarayev təmiz, aristokrat insan, nümunəvi məmur, Qara Qarayev şəcərəsinin nümayəndəsidir. Vaqif Bəhmənli bunu nazirdən görüb, öz hisslərini poetik dillə ifadə edib. Bəhmənli saf adamdır. O, bəziləri kimi hiyləgər olsaydı şeiri ictimailəşdirməzdi. 60 illiyində şairi mənəvi repressiyaya uğratmayaq. Olub da... Eldar Mahmudov o boyda dövləti cinayət eləyib, düşüblər kasıb-günahsız bir şairin üstünə. Əbülfəs müəllim ona dəstək olmalıdır”.

Mövlud Mövlud, gənc yazar – “Qınamaq olar, amma dərinə getmək lazım deyil. Mən, ümumiyyətlə, insanları çox ittiham eləməyin tərəfdarı deyiləm. Həmişə ittihamçı, ona-buna satqın, yaltaq deyənləri sonradan bülbül kimi cəh-cəh vuran görmüşəm. “İncil”də deyildiyi kimi: “Mühakimə etməyin, mühakimə olunarsınız”.

“İncil”dən sitat gətirdik, qoy öz “Quran”ımıza da əl basaq. “Quran”a əl basıb deyirəm: “Vaqif Bəhmənli o şeiri yazmaq üçün münbit mənəvi şərait görməsəydi, yazmazdı. Və şeir səs-küy salmasaydı, ona töhmət verilməzdi. Problemin kökü budur: Bizdə yaltaqlığa tələbat var, ona görə də yaltaqlıq var. Öpürəm hamınızı".

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu