Modern.az

“Spirtli içki satışı ilə bağlı yeni qayda problem yaradacaq”

“Spirtli içki satışı ilə bağlı yeni qayda problem yaradacaq”

İqtisadiyyat

30 Oktyabr 2015, 14:20


İnzibati Xətalar və Cinayət Məcəllələrinə ediləcək dəyişikliklərdə Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışının qadağan edilməsi nəzərdə tutulur. Həmin dəyişikliklərdə siqaret və alkoqollu içkilərin nağd satışına görə cərimə, hətta cinayət məsuliyyətinin tətbiqi də mümükün olacaq.

İqtisadçı Vüqar Bayramovun fikrincə, bununla vergidən yayınma hallarının qarşısı alınacaq.

O, Modern.az saytına hazırda aksizli markaların satışında vergidən yayınma hallarının olduğunu və onların qeyri-leqal həyata keçirildiyini bildirib: “Nağd ödənişlər olduğu üçün vergiyə cəlb edilməsi çətinliklər var. Bu baxımdan məqsəd vergidən yayınmanın qarşısını almaq və bütövlükdə dövriyyənin vergiyə cəlb edilməsini təmin etməkdir. Birmənalı şəkildə qaydaların tətbiq edilməsi imkan verəcək ki, həmin məhsulların satışı vergiyə cəlb olunsun”.

Ekspert dəyişiklik edilməsində digər məqsəd kimi nağdsız ödənişlərin dövriyyəsinin genişləndirilməsini əsas gətirib:

“Azərbaycanda spirtli içkidən istifadə edənlərin sayının kifayət qədər olduğunu nəzərə alsaq, 50 manatdan artıq olan satışın plastik kartlarla həyata keçirilməsi birmənalı şəkildə nağdsız hesablaşmaların dövriyyəsinin miqyasının genişləndirilməsinə imkan verəcək.

Bütövlükdə nağdsız ödəmələrin miqyasının genişləndirilməsi zamanı nağd hesablaşmaların dövriyyəsinin məhdudlaşdırılması müşahidə edilə bilər. Bu baxımdan, dəyişiklik nağdsız hesablaşmaların dövriyyəsinin genişləndirilməsinin əsas məqsədlərindən biridir”.  

Vüqar Bayramov yarana biləcək çətinliklərə də diqqət çəkib:

“Bəzi biznes subyektlərində post-terminalların olmadığını nəzərə alsaq, biznes üçün çətinlik yarana bilər. Çünki alkoqollu içkilərin və siqaretlərin satışında tətbiq olunacaq yeniliklə bağlı dükanlarda post-terminalların quraşdırılması əlavə xərc tələb edəcək.

Eyni zamanda, burada digər çətinlik birmənalı şəkildə həmin standartların tətbiq edilməsi ilə bağlı olacaq. Müştəri saat ərzində bir neçə dəfə alış-veriş edirsə, onların məbləği 50 manatdan azdırsa, gün ərzində ümumi məbləğ götürüləcək, yoxsa onların alış-verişlərinə ayrı-ayrılıqda baxılacağı müəyyənləşdiriləcək. Konkret meyarların müəyyənləşdirilməsi və tətbiq edilməsinə ehtiyac var.

Yalnız konkret meyarların müəyyənləşdirilməsi tətbiq edilməsi yolu ilə sözügedən dəyişikliklərin icrası mümkündür”. İqtisadçı bildirib ki, müştəri əlində olan mövcud plastik kartdan istifadə edərək ödəniş edə bilər: “Bunun üçün ayrıca kart almağa ehtiyac yoxdur”.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama