Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılmasından sonra bu qurumdakı bəzi vəzifəlilərin “reket mətbuat orqanlarına və jurnalistlərə” himayədarlıq etdiyi də gündəmə gəldi.
Mətbuat Şurasının “Reket Jurnalistika”ya Qarşı Mübarizə Komissiyasının üzvi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bildirdi ki, bu tipli “reket mətbuat”ın arxasında hansısa güclü dayaqlar durur və onların hansısa xüsusi xidmət orqanlarındakı adamlarla əlaqələrinin olması şübhə doğururdu. Bəs, bu “reket mətbuat və jurnalistlərlə” bağlı Mətbuat Şurası tərəfindən nələr edilir və onların yenidən “qara siyahı”ya salınması gündəmdədirmi?
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, bu məsələ qurumun gündəliyində deyil: “Son günlər tez-tez hallanan “reket” mətbuat orqanları məsələsi ilə bağlı Mətbuat Şurasının gündəliyində heç nə yoxdur. Bu barədə şuranın sədri daha dəqiq məlumat verə bilər”.
O qeyd edib ki, Mətbuat Şurası “reket” media məsələsinə konkret şikayət və araşdırmalar əsasında baxır:
“Bizim əsasnaməmizdə yazılıb ki, hansısa mətbu qurum barədə konkret müraciət daxil olursa, o müraciət araşdırılır. Əgər şikayət olunan yazıda həqiqətən də etik prinsipin pozulması halları varsa, araşdırılır və şikayətlər komissiyasında baxılır.
Əgər daha ağırlaşdırıcı faktlar ortaya çıxarsa, bu zaman “Reket Jurnalistika”ya Qarşı Mübarizə Komissiyasına yönləndirilir və baxılır. Bu baxımdan da kimlərinsə adının haradasa açıqlanması, ehtimallar irəli sürülməsi Mətbuat Şurasında bu məsləyə baxılmasına əsas yaratmır”.
Aytən ZƏHRA