Bir neçə il əvvəl məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinin tabeliyinə verildi.
Bu dəyişikliyin səbəbi kimi bağçalarda mövcud durumun aşağı səviyyədə olması və uşaqlara verilən qida məhsullarının keyfiyyətsizliyi qeyd edilirdi.
Bəs, yerli icra hakimiyyətlərinə verildikdən sonra bu problemlər həllini tapıbmı? Bu gün bölgələrdəki bağçalar uşaqların hamısını tam əhatə edirmi?
Modern.az bununla bağlı bəzi yerli icra hakimiyyətlərindən münasibət öyrənməyə çalışıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdəki məktəbəqədər təhsil müəssisələri bağça yaşlı uşaqları tam əhatə etmir: “Bağçalara bütün uşaqları yerləşdirmək çətindir. Kontingent çoxdur, bağçalar isə azdır. Sumqayıtda hazırda 56 bağça fəaliyyət göstərir və bütün qruplarda sıxlıq var. Hazırda bağçalarımızın dam örtüyü təzələnir və istilik sistemləri çəkilir. Artıq bağçaların əksəriyyətinə istilik sistemi quraşdırılıb. Yeni bağçaların tikilməsi üçün də iş gedir. Bundan əlavə, şəhərdə 5 özəl bağça da fəaliyyət göstərir”.
Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, şəhərdə fəaliyyət göstərən 42 bağça oradakı uşaq kontingentini tam əhatə edir: “Hazırda Hacıkənd, Məhsəti və Şıxmanlı qəsəbələrində yeni bağçalar tikilir. Bir bağça isə əsaslı təmir olunub. Bağçalar uşaqları tam əhatə etsə də, sıxlıq da hiss olunur, çünki tələbat var”.
Lənkəran Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tahir Zülfüqarovun sözlərinə görə, 52 bağçanın 14-ü rayon mərkəzində, qalanları isə kəndlərdədir:
“Məktəbəqədər təhsil müəssisələri rayonun bütün bağça yaşlı uşaqlarını tam əhatə edə bilmir. Çünki uşaq çoxdur, bağça azdır. Rayondakı bağça yaşlı uşaqların yalnız 27-29 faizi cəlb olunub. Cəmi 157 qrup və 9100 uşaq bağçalara yerləşdirilə bilib. Qalanlarını isə bağçalarda yer olmadığı üçün yerləşdirmək mümkün deyil”.
Tahir Zülfüqarov yaxın vaxtlarda rayon mərkəzində daha bir bağçanın tikiləcəyini qeyd edib: “Bağçanın layihə smetası artıq hazırdır və 1-2 günə tikintiyə başlanılacaq. Kənd bağçalarımız əsasən odunla, rayon mərkəzindəki bağçalar isə elektrik, qaz peçi ilə isinir. Bir bağçada isə mərkəzi istilik sistemi quraşdırılıb”.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş mütəxəssisi Sahib Əliyev bildirib ki, şəhərdəki məktəbəqədər təhsil müəssisələri bağça yaşlı uşaqları tam əhatə edir:
“Şəhərdə 21 dövlət, 1 özəl bağça fəaliyyət göstərir. Bağçalarla bağlı son illər xeyli iş görülüb, yeməkləri yaxşılaşdırılıb, gündə 4 dəfə yemək verilir. Bəzi bağçalarda mərkəzi istilik sistemi ilə təchiz olunub. Bəzilərində isə bu problem qalır. Çünki bağçaların əksəriyyətində məcburi köçkünlər məskunlaşmışdı. Onlar çıxarıldıqdan sonra 2 bağçada əsaslı təmir aparılıb və bu iş yavaş-yavaş davam etdiriləcək”.
Aytən ZƏHRA