Hər şey Musavat Partiyasının seçkiləri boykot qərarından sonra başladı.
Qurumun bu qərarından sonra bölgələrdə öz seçki təbliğatı ilə məşğul olan müsavatçılar məsələyə etirazlarını açıq şəkildə bəyan etdilər.
Fikirlərini “Seçicilərə sayğısızlıq etmək olmaz”, “Bu qədər təbliğat işləri aparmışıq” və s.kimi arqumentlərlə izah etdilər.
Şübhə yoxdur ki, Müsavat Partiyası onun qərarına qarşı çıxan üzvlərini öz sıralarından kənarlaşdıracaq. Və ona da şübhə yoxdur ki, deputat seçilmək şansı olan müsavatçı mandatı partiya üzvlüyündən üstün tutacaq. Bunun ardından onun parlamentdə Müsavat adına istinad edəcəyi, bu partiyanın təmsilçisi olacağını bildirəcəyi bir aksiomadır. Ən azı Azərbaycan cəmiyyəti dəfələrlə belə təcrübələrə şahidlik edib.
Bu məqamda Müsavat Partiyasının boykot qərarına qarşı çıxan deputatlığa namizədlərin nüfuz məsələsini nəzərə alsaq, ortaya başqa mənzərə çıxır. Onların həm partiyada, həm də partiyadankənar böyük hörmətləri var. Demək ki, bu şəxslər partiyanın arxasını yerə vura biləcək gücdədirlər.
Üstəgəl həmin şəxslərin Pənah Hüseynlə bir yerdə olmaları və ikincinin revanşları yuxarıdakı məqamları daha inandırıcı göstərir.
Sabaha isə saatlar qalır. Birinin mandat alacağı, o birinin arxasının yerə dəyəcəyi sabah.
Aqşin KƏRİMOV