Abid TAHİRLİ
Qarabağda rus əsgərlərinin dəstəyi ilə erməni vəhşiliyi tüğyan edəndə tez-tez “Odlar yurdu” qəzetinin müxbiri kimi ora ezam olunurdum. Növbəti səfərimizdə Şuşanın üzərini duman –çis bürümüşdü, vertolyotumuz Turşsuya endi.
Yolda bizim maşına atəş açan rus hərbçilərinin komandirini sahə müvəkkilinin otağına dəvət etdim, stolun üstündəki avtomat güllələrini ona göstərib sahə müvəkkili ilə birlikdə komandirdən izahat tələb etdik.O, üzünü mənə tutub ” Sizin burada nə işiniz var ki, Sizə də atəş açırlar?” –deyə bağırdı. Əsəblərim tarıma çəkilmişdi, bu sözlər isə məni havalandırdı : “ Bura mənim Vətənimdir, əslində sənin burada nə işin var , ....” -deyib ona çox sevdikləri sözlə səsləndim. Zabit hirslə ayağa qalxdı, mənə tərəf gəldi, bu zaman onun sərxoş olduğunu hiss etdim.
O, az qala çənəmin altına girib “Yoldaş jurnalist, şükür et ki, bu güllələr səndən yan keçib “- dedi və stolun üstündəki güllələrə işarə vurub müvəkkilin otağını tərk etdi.
Sahə müvəkkili hirsindən partlayır, naəlac şəkildə komandirin arxasınca “Hamınızı gəbərdib “uf” da – deməzdim söyləməklə kifayətlənirdi. Ətraflı oxu ” Cavabsız min bir sual”. «Odlar yurdu» qəzeti, № 20-21, oktyabr 1989.