Modern.az

“Bu kitabları oxu” - Elçin Əlibəylinin təklif etdiyi kitablar - RUBRİKA

“Bu kitabları oxu” - Elçin Əlibəylinin təklif etdiyi kitablar - RUBRİKA

1 Noyabr 2015, 11:57

Modern.az saytı “Bu kitabları oxu” adlı  rubrikasını davam etdirir. Rubrikada mütaliəsinə görə seçilən şəxslər özlərinin sevdiyi və başqalarına tövsiyə etdiyi kitab onluğunu tərtib edir və o kitabların oxunmasının vacibliyinin səbəblərini açıqlayırlar.

Bu dəfə tanınmış televiziya aparıcısı Elçin Əlibəyli özünün çox sevdiyi kitabları tövsiyə edir: 

1. Migel de Servantesin “Don Kixot” əsəri - Hesab edirəm ki, bəşər tarixində yazılmış ən gözəl əsərlərdən biridir. İnsan taleyini açan, arzularını ifadə edən böyük əsərdir.

2. Fyodr Dostoyevskinin “İdiot” əsəri - Hərdən mənə elə gəlir ki, Dostoyevski adi insan deyil, göydən düşüb. Çünki insanın daxili aləmini onun kimi aça bilən ikinci bir yazıçı bəlkə də yoxdur. Bu, yalnız “İdiot” əsərinə aid deyil. Mən gənclərə Dostoyevskinin digər əsərlərini, xüsusən də “Karamazov qardaşları”nı oxumağı tövsiyə edərdim.

3. Mixail Bulqakovun "Master və Marqarita" əsəri - Mənim fikrimcə, bu əsər mistik realizmdə inqilab idi. Bədii cəhətdən də güclü əsərdir. Əsərin özündə də mistika var.

4. Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” əsəri - Bu əsər xüsusilə mənim həyatımda da rol oynayıb. Hərdən özümü əsərdə yer alan Xose Aureliano obrazına bənzədirəm. Markes oxucunu həyəcanlandırmağı bacaran yazıçıdır.

5. Boris Pasternakın “Doktor Jivaqo” əsəri - Dünya ədəbiyatının güclü nəsr əsərlərindəndir. O, mənim üçün şair kimi daha maraqlıdır. Onun şeiriyyatında olan yanaşma Pasternakı “gümüş dövr”  rus ədəbiyyatının ən parlaq simalarından birinə çevirib.  “Doktor Jivaqo”da yazıçı bir çox məsələlərə toxunub, tarixin insan taleyinə təsirini təhlil edib.

6. Umberto Ekonun “Qızılgülün adı əsəri – postmodernist romanın ən gözəl       nümunələrindən biridir. Umberto Eko təkcə ədəbiyyatçı deyil, həm də çox böyük kulturoloqdur  və kulturoloji nəzəriyyələri ilə tanınır. Bu romanında o, həmın kulturoloji problemlərin həllinə  toxunur.

7. İsa Muğannanın “İdeal” romanı- “İdeal” İsa Muğannanın yaradıcılığında ayrıca   zolaqdır. Bu əsər həm bədii, həm də struktur cəhətdən dünya ədəbiyyatının seçilən əsərlərindən sayılmağa  layiq bir əsərdir.

8. Azərbaycan ədəbiyyatından Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” əsərini oxumağı  gənclərə tövsiyə edirəm. Həm tarixi, həm də bədii yanaşma baxımından gözəl əsərdir. Həmçinin, Yusif Vəzir Çəmənzəminlinin “Əli və Nino” əsərini də çox sevərək oxumuşam.

9. Çexovun yaradıcılığı- onun əsərləri yalnız rus ədəbiyyatı üçün yox, dünya ədəbiyyatı üçün çox maraqlıdır. Onun əsərləri obrazları ilə yadda qalır. Rusiyanı tanımaq üçün Çexovu tanımaq gərəkdir. Çünki kiçik hekayələrində belə Rusiyanın obrazına rast gəlmək mümkündür.

10. Anna Axmatovanın şeirlərini oxumağı gənclərə tövsiyyə edirəm.

Türkan BƏŞİR

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu