Tanınmış şoumen Qorxmaz Əlili məcburi köçkünlər, qaçqınlar haqqında sosial şəbəkədə bildirdiyi fikirlərə görə üzr istəyib.
O, bununla bağlı Modern.az saytına açıqlamasında bildirib:
“Mən rəsmi şəkildə heç bir yerdə bu haqda danışmamışam. Sadəcə sösial şəbəkədə, öz şəxsi səhifəmdə fikirlərimi bildirmişəm. Bu fikirlərdə də səhvim olubsa, bunu mediada yayımlamağa ehtiyac yox idi.
Bunu yazanlar bilmirlər ki, ölkədə çaxnaşma yarada bilərlər? Əgər bunu yayımlamaq vacib idisə, mənim özümlə əlaqə saxlaya bilərdilər. Fikirlərimi daha ətraflı öyrənib sonra dərc edərdilər”.
Qorxmaz Əlili deyib ki, xəbərin bu şəkildə yayımlanması iki tərəfi üz-üzə qoya bilər.
“İndi məni hörmətdən salmaq istəyirlər? Tanıyan bilir ki, mən heç vaxt qalmaqalda olmamışam. Mediadan həmişə qaçmışam. Çünki məndən münasibət öyrənib, sonra fikirlərimi tərsinə yazıblar.
15 ildir ki, məhz buna görə müsahibə vermirəm. Mən 25 ildə həmişə məcburi köçkünlərə ürək yanğısıyla yanaşmışam, onları təhqir edəcək, şəxiyyətini alçaldacaq kiçik bir ifadə belə işlətməmişəm. İndi qəfildən niyə onlara qarşı sərt münasibət göstərim ki?
Bir ay əvvəl yazmışdım bu sözləri mən. Niyə indi yayımladılar ki? Bəzi insanlar ölkədə seçki qabağı qalmaqal yaratmaq istəyirlər. Ancaq məncə buna nail olmayacaqlar. Xaqlımız kifayət qədər müdrik, ağıllı xalqdır.
Mənim məcburi köçkün olan çoxsaylı dostlarım var. Sadəcə bəzi insanlar var ki, onlara yaradılan şəraitdən istifadə edirlər, özlərini layiqli aparmırlar. Mən bu barədə yazmışam. Lakin özüm də fərqinə varmadan fikirlərim ümumi səslənib. Bu anlaşılmazlığa görə üzürxahlıq da etmişəm. Səhvimə görə təkrar üzür istəyirəm”.
Qeyd edək ki, şoumen şəxsi facebook hesabında Şirməmməd Hüseynovun jurnalist MirŞahinlə olan müsahibəsinin videosunu paylaşaraq qaçqınların ünvanına etirazlara səbəb olan sözlər yazıb:
“Dilinə qurban, de, danış. Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. 20 faiz əsil qaçqınlıq həyatı sürdülər, o da reklama görə.
Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər”.
Orxan Bahadırsoy