Noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qalib gəldi.
Cümhuriyyət Xalq Partiyası (CHP) isə yenə də ana müxalifət statusunu qorudu.
CHP-dən TBMM-ə millət vəkili seçilən Türkiyə Qəzetçilər Federasiyasının sabiq sədri Atilla Sertel Modern.az saytına maraqlı açıqlama verib.
O bildirib ki, hər zaman Qarabağ, Xocalı məsələsini parlamentdə gündəmə gətirəcək: “Bu günə kimi Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi üçün xeyli işlər görmüşük və özümü bir azərbaycanlı kimi hiss etmişəm.
Azərbaycandakı dostların bilsinlər ki, Xocalı soyqırımı məsələsini parlament səviyyəsində qaldıracam. Onu da bilsinlər ki, mənim timsalımda onların Türkiyə parlamentdə millət vəkili var. Azərbaycanı öz vətənim hesab edirəm, Azərbaycanın problemlərinə öz problemim kimi yanaşıram. İndiyə kimi fəaliyyətim dövründə bunu əməlimlə göstərmişəm. Bundan sonra da imkanlarımı həm də bu işə sərf edəcəm.
Bir müddət öncə dediyim kimi, Azərbaycan mediası ilə əməkdaşlığın daha da irəli getməsi üçün xeyli planlarım var və bu işləri mütləq Azərbaycandakı jurnalist dostlarımızla, xüsusulə, Azərbaycanı bizə sevdirən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı ilə birgə həyata keçirəcəyik”.
Atilla Sertel onu da əlavə edib ki, millət vəkili kimi ilk səfərini Azərbaycana etməyi planlaşdırır.
Aqşin Kərimov