“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli və Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının Gürcüstana buraxılması məsələsi hələ də öz həllini tapmayıb. Hər iki təşkilatın sədri Gürcüstanın baş naziri və prezidentinə yazılı müraciətlər ünvanlasa da, yekun cavab verilməyib.
QAT sədri Akif Nağı Modern.az-a açıqlamasında ümidverici məlumatın olmadığını deyib. “Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstan Xarici İşlər Nazirliyinə nota verib. Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət etmişik. Səfirliklə görüşmüşük. Amma heç bir müsbət cavab yoxdur”.
“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli də müraciətlərə cavab verilmədiyini vurğulayıb.
“Müəyyən aksiyalar keçiririk, ictimaiyyəti bu məsələyə yönəldirik. Hal-hazırda bizim iradəmizdən kənar olaraq Gürcüstandakı soydaşlarımız kütləvi şəkildə imzalar toplayırlar. Ziyalılarımız , Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət sektoru, parlament üzvləri müraciət edib.
Bu işdə parlament üzvlərindən Qənirə Paşayeva, Fazil Mustafa, indi deputat olmayan Sabir Rüstəmxalı, İqbal Ağazadə daha fəal çıxış edərək bu məsələni qaldırıblar.Yeni Azərbaycan Partiyasına da müraciət etmişik. Onlar rəsmi olaraq imtina etməyiblər. Bütün müraciətlərə baxmayaraq hələ də Gürcüstana buraxılmağımız təmin olunmayıb”.
Namidə BİNGÖL