Modern.az

Milli Məclisin həkim deputatları: Onların bəziləri həm də hüquqşünasdır

Milli Məclisin həkim deputatları: Onların bəziləri həm də hüquqşünasdır

3 Noyabr 2015, 16:15

 

Noyabrın 1-də keçirilən seçkilərdə Milli Məclisin yeni tərkibi formalaşıb. 125 deputat arasında müxtəlif peşə sahibləri var. Yeni deputat mandatı əldə edən tanınmış həkim Rəşad Mahmudov haqqında, onun işi barəsində isə sosial mediada daha çox danışılır. Ümumiyyətlə, Milli Məclisdə necə həkim-deputatın olduğunu Modern.az araşdırıb.

9 saylı Binəqədi ikinci seçki dairəsindən seçilən Kəmaləddin Qafarov Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir.  

Yenidən deputat seçilən Məlahət İbrahimqızı Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. Lakin fəaliyyətini bu sahədə davam etdirməyib və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq ikinci ixtisasa yiyələnib və bu istiqamətdə fəaliyyət göstərib.    

Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirən Ülvi Quliyev də sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.  

Həkim deputat Asim Mollazadə 1980-1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyasında Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1992-ci ilin iyun-dekabr aylarında Azərbaycan nevroloji psixogen və psixosomatik xəstəliklər mərkəzinin direktoru olub.  

Milli Məclisin digər həkim-deputatı Sədaqət Vəliyevadır. O 1972-ci ildə Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr, baş həkim, müxtəlif illərdə Suraxanı və Sabunçu rayonlarında səhiyyə şöbələrinin müdiri işləyib. 2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi təyin edilib, hazırda bu vəzifədə çalışır. Ali dərəcəli həkimdir.  

Deputat Fərəc Quliyev 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirsə də, fəaliyyətini səhiyyə sistemində deyil, siyasi müstəvidə davam etdirib.  

Şair, tibb elmləri namizədi Musa Quliyev Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirsə də, ikinci təhsilini Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsində alıb. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlayıb. Gəncə Narkoloji Dispanserində həkim-narkoloq, Bakı şəhərindəki 7 saylı poliklinikada həkim nevropatoloq, Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq işləyib.    

Cərrah-onkoloq, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanov N.Nərimanov adına Dövlət Tibb Univeristetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Hələ tələbə ikən, Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.

Universiteti bitirdikdən sonra həmin xəstəxananın cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb,  1992-ci ildən Tibb Universitetinin rektorudur, universitetin Onkologiya kafedrasının müdir, Onkoloji klinikasının direktorudur.  

Yeni deputat seçilən tibb elmləri doktor Rəşad Mahmudov ürək-damar cərrahıdır. Türkiyədə 9 Eylül Universitetinin tibb fakültəsində oxuyub və 1997-2003-cü illərdə isə həmin universitetin ürək-damar cərrahiyyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb. 2003-cü ildə Uzmanlıq Diplomunu müdafiə edib.

2006-cı ildə Ali Attestasiya Komissiyasında namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 1997-2002-ci illərdə Türkiyədə Ege Universitetinin ürək-damar cərrahiyyəsi mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında, 2005-ci ildən indiyə qədər Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir. 

Tibb elmləri doktoru, digər həkim-deputat Rafiq Məmmədhəsənov da N.Nərimanov adına Azərbaycan Tibb Dövlət İnstitutunun müalicə - profilaktika fakültəsini bitirib. 1969-1971-ci illərdə təyinatla Naftalan sanatoriyasında həkim-terapevt, sonra Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt işləyib. 1974-1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub.

Respublikada ixtisaslaşmış müdafiə elmi şurası olmadığına görə 1979-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1977-1986-cı illərdə həmin kafedrada assistent işləyib. 1986-1990-cı illərdə Moskvada Ümümittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub.1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1990-cı ildən bu günə qədər Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiridir və həmin ildən indiyə qədər eyni zamanda Səhiyyə Nazirliyinin baş endokrinoloqudur. 1993-cü ildən indiyə qədər həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektorudur.  

Həkim, jurnalist, deputat olan Qənirə Paşayeva isə Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Lakin o, öz ixtoisası üzrə deyil, əvvəlcə jurnalist kimi fəaliyyət göstərib, daha sonra Milli Məclisə deputat seçilib. İkinci təhsilini isə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində alıb.  

Aytən ZƏHRA


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama