Modern.az

Məğlub namizədlər qalib deputatları təbrik etdimi? - AÇIQLAMALAR

Məğlub namizədlər qalib deputatları təbrik etdimi? - AÇIQLAMALAR

4 Noyabr 2015, 09:45

V çağırış Milli Məclisə seçkilər keçirildi və nəticələr də artıq məlumdur. Hər seçki darəsindən seçilən yeni deputatların adı ictimaiyyətə açıqlanıb. Maraqlıdır, bu gün dost-tanışdan, qohum-əqrəbadan xoşməramlı mesajlar alan deputatları onların rəqibləri olmuş keçmiş namizədlər də təbrik edirmi?

Beynəlxalq praktikada belə bir məqam var: əksər ölkələrdə seçkini uduzan namizəd qalib gəlmiş  namizədi təbrik edir. Siyasətdə bu siyasi jest, yaxud siyasi mədəniyyət kimi qiymətləndirilir.

 Azərbaycanda isə belə hallar çox nadir hallarda baş verir, ya da heç baş vermir...

26 saylı Sabunçu birinci seçki dairəsində qalib gəlmiş deputat Fazil Mustafa Modern.az-a deyib ki, rəqibindən təbrik aldığını deyib: “AMİP-in sədr vəzifəsini icra edən baş katibi Arzuxan Əlizadə zəng vurub məni təbrik edərək, uğurlar arzu etdi”.

35 saylı Xətai üçüncü seçki dairəsindən deputat seçilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə təbrik gözləmir: “Rəqib namizəd özünü seçki vaxtı adam kimi aparsaydı, bu, elə təbrik olardı. Mənim ümumiyyətlə təbrikə ehtiyacım yoxdur”.

60 saylı Salyan-Neftçala seçki dairəsində qələbə qazanmış Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə təbrik alıb: “Rəqib namizədlərdən bir neçəsi məni təbrik etdi. Əfzələddin Zakirov, Rüstəm Məlikov, Səlimağa Səlimli zəng vurub məni qələbə münasibəti ilə təbrik etdilər”.

34 saylı Xətai ikinci seçki dairəsindən millət vəkili seçilən Fuad Muradovun da rəqibləri siyasi mədəniyyət nümunəsi göstəriblər: “Məni namizədlərin çoxu təbrik edib. 5 nəfər isə mənim xeyrimə namizədliyini geri götürmüşdü. Onlar da məni təbrik ediblər”.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat seçilən Tahir Kərimli də qalib gələndən sonra rəqiblərindən təbrik alıb:
“ Mən seçildiyim dairədən bəzi alim və şairlərimiz də namizədliyini vermişdilər. Lakin mənim xeyrimə namizədliklərini geri götürdülər. Deputatlığa namizəd olan Emin Babayev isə seçkidən sonra məni təbrik etdi. Digər namizəd Amil Hüseynovun böyükləri gəlib qərərgahımda məni onun adından təbrik etdilər”.

Ağa Akifoğlu

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama