“Medianın etibarsız quruma çevrilməməsi hüquq-mühafizə orqanlarının da marağında olmalıdır”
Prezident İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklə istintaq orqanlarına təkzib və ya düzəliş tələb etmək səlahiyyəti verilib. Qanunun 44-cü maddəsinə bu məzmunda üçüncü hissə əlavə edilib: “Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.
Modern.az saytı “Bu, kütləvi informasiya vasitələrində nəyi dəyişəcək” sualı ilə media orqanlarının rəhbərlərinə müraciət edib.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, istənilən məsələnin qanunvericilik bazasının güclü olması medianın xeyrinədir:
“Fikrimcə, bu dəyişiklik mətbuatda yayılan dezinformasiyaların qarşısını alacaq, kütləvi informasiya vasitələrini havadan, sosial şəbəkələrdən götürülən, dəqiqləşdirilməmiş material verməkdən çəkindirəcək.
Media orqanı hər hansı məlumatı yazdığı zaman təkzib verməmək, nüfuzdan düşməmək üçün ilkin məlumatı yaymaq istəməyəcək. Amma hüquq-mühafizə orqanları bütün bunları nəzərə alıb məlumatları daha operativ cavablandırmalıdırlar. Qanunun işləməsi medianın ziyanına olmamalıdır. Onsuz da peşəkar media qurumları təsdiq olunmamış xəbərləri vermir. Məsələn, APA agentliyi təsdiq olunmamış, əsilsiz materiallar yaymır.
Təəssüf ki, indi onlayn mediada “filan məsələ barədə xəbər yayıldı”, “filan məsələdə belə deyilir” başlıqları ilə xəbərlər yayılır. Sonra da xəbərlər təkzib olunur, ictimai rəydə çaşqınlıq yaranır”.
Vüsalə Mahirqızı qanuna edilən dəyişikliyi proqressiv, pozitiv hesab edir:
“Çünki informasiya mühitində dezinformasiyaların yığışdırılmasına ehtiyac var. Onlayn mediada xaos hökm sürür. İstənilən halda təkzib kütləvi informasiya vasitələrini nüfuzdan salır. Çalışmalıyıq ki, media nüfuzlu və etibarlı mənbə rolunu oynasın.
Mən bəzi strukturlara sayt demək istəmirəm. Əlçatan adamlar haqqında belə məlumat verib, altında “sizin də mövqeyinizi dərc etməyə hazırıq” yazırlar. Hətta mənimlə bağlı da belə məlumatlar yazıblar. Telefonum hər zaman açıqdır, həmçinin “Facebook” sosial şəbəkəsində onlayn oluram. İnformasiya dəqiqləşdirmək istəyən o adamı axtarıb tapmalıdır. Bütün bunlar məqsədli yayılır. İstənilən halda verilən təkzib ilkin informasiyanın formalaşdırdığı rəyi tamamilə dəyişə bilmir.
Hüquq-mühafizə orqanları ciddi mətbuat orqanlarını çətin durumda qoymasınlar. Media ilə intensiv işləsinlər, qanun var deyə məlumatın təsdiq və ya inkar edilməsində gecikməsinlər. Bəzən məcburi şəkildə media qurumları əllərində olan ilkin məlumatı vermək məcburiyyətində qalırlar, çünki mətbuat xidmətləri operativ işləmirlər. Medianın təkzib verməməsi, etibarsız quruma çevrilməməsi hüquq mühafizə orqanlarının da marağında olmalıdır. Ona görə də təkzib yox, ilkin informasiyanın dolğun verilməsinə çalışmaq lazımdır”.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov dəyişikliyi müsbət qiymətləndirib:
“Təəssüf ki, son dövrdə kütləvi informasiya vasitələrinin kriminal xəbərlərə alüdəçiliyi artıb. Hamı çalışır ki, ilkin eşitdiyi məlumatı qəzet səhifəsinə, saytına çıxartsın. Ancaq bu halda müəyyən fəsadlar meydana gələcəyini, kiminsə mənliyinə toxuna biləcəyini düşünmürlər. Hətta informasiyalar, insanları müəyyən şeylərə təhrik edir.
Bu qüsurlardan biri də istintaq, araşdırma mərhələsində olan məsələ ilə bağlı xəbərlərin ictimailəşdirilməsidir. Məlumatı yayan müxbir bütün bunların obyektiv araşdırmalara kölgə saldığını, yaxud hadisə barədə ictimaiyyətdə yanlış fikir formalaşdırdığının fərqinə varmalıdır. Bu səbəbdən qanunda edilən dəyişikliyi müsbət qiymətləndirirəm”.
Bəxtiyar Sadıqov qeyd edib ki, yanlış verilən informasiya təkzib olunmalıdır: “Bu məqamdan istifadə edib jurnalist həmkarlarıma çatdırmaq istəyirəm ki, kriminal xəbərləri tez-tələsik çatdırmasınlar. Onu ictimailəşdirməzdən əvvəl ciddi düşünmək lazımdır. Xüsusilə ailədaxili münaqişələr barədə yazarkən məsələni insanları təhrik etmədən yazsınlar. “Oğul anasını öldürdü”, “qardaş qardaşı bıçaqladı” kimi acı xəbərləri müjdəli xəbər kimi yaymağa çalışırlar. Bütün bunlar xalqımızın milli-mənəvi dəyərlərinə ziddir. İnsanlar hətta düşünməli deyillər ki, insan anaya əl qaldıra bilər. Bu cür xəbərləri süzgəcdən keçirib vermək lazımdır. Kimsə bu tip xəbərləri vermək arzusundadırsa belə, onu qınaq şəklində vermək lazımdır”.
Gülşən RAUFQIZI