filologiya üzrə elmlər doktoru, professor
Nitq mədəniyyətinin yazılı qolu şifahi qolu ilə müqayisədə müasir dövrdə üstün cəhətləri ilə seçilir. Bu üstünlük ondan ibarətdir ki, sosial şəbəkələrdə aparılan danışıqlar həm fikirlərin paylaşması, həm də fikirlərə başqalarının münasibətini bildirmək baxımından önəmli rol oynayır. Bu, şərait yaradır ki, insanlar sosial şəbəkələrdə öz fikir və mülahizələrini bölüşə bilsinlər. Kimin mövqeyinin əsaslı və düzgün olmasını mövqelərin sərbəstliyi üzə çıxarır. Sosial şəbəkələr bu mənada öz rolunu oynaya bilir. Ancaq yenə də sosial şəbəkənin imkanlarından düzgün faydalanmağın əhəmiyyətini də unutmamaq lazımdır.
Sosial şəbəkənin imkanlarından müxtəlif məqsədlə istifadə edənlər cəmiyyətdə söz sahibi, mövqe sahibi olmağa çalışırlar. Onlar bəzən yanlış və təşviş yaradan məlumatları müxtəlif saytlarda paylaşırlar. Yanlış və təşviş yaradan məlumatlar sosial şəbəkələr vasitəsilə daha tez yayılır, insanlar arasında narahatçılıq, fikir çaşqınlığı əmələ gətirir. İnformasiya vasitələri içərisində televiziya, radio, qəzetlə müqayisədə sosial şəbəkələrin təcrübəsi azdır. Ona görə də bu sahədə peşəkarlığın zəifliyi bəzən çaşqınlıq yaradan informasiyaların yayılmasına şərait yaradır. Ona görə də insanlar üçün həssas olan mövzular sosial şəbəkələrin marağında olmaqla cəmiyyətdə psixoloji gərginliyə səbəb ola bilir. Görünür ki, bəzi saytların özü də bu işdə maraqlı olur. Hər halda kütləvi informasiya vasitələrinə daxil olan televiziya, radio, qəzet sahəsində xeyli təmizlənmə, saflaşma prosesi gedibdir. Sosial şəbəkələrdə, saytlarda da bu prosesin gedəcəyinə ehtiyac var. Və bu proses sosial şəbəkələrdə, saytlarda zamanında, vaxtında öz həllini tapacaqdır.
Müasir dünyada insanlarla əlaqə qurmayan, danışmayan, duyğularını və istəklərini bölüşməyən adamlar da vardır. Onlar heç kəslə öz hisslərini, duyğularını bölüşmədən yaşayırlar. Özlərinə qapılaraq az qala cəmiyyətdən təcrid olunurlar. Belə adamlar unudurlar ki, sevdikləri, inandıqları, ehtiyac hiss etdikləri adamlarla ünsiyyət qurmaq onlara rahatlıq gətirə bilir. Hətta bir süfrə arxasında əyləşib çörək yeyə-yeyə, çay içə-içə söhbətləşmək həyatdan zövq almaq, ətrafdakıları və özünü tanımaq baxımından əhəmiyyətli bir işdir. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq insanların qohumları, tanışları və bir-biri ilə ünsiyyət qurmalarına daha çox ehtiyac var. Uzun müddət bir-biri ilə görüşməyən qohumlar, tanışlar bir yerə yığıldıqda bəzən bir-biri ilə ünsiyyət qurmaq əvəzinə onları psixoloji cəhətdən yükləyən, gərginliyə səbəb olan fəaliyyətə üstünlük verirlər. Məsələn, birisinin toy şənliyinin vidyosuna, başqa birisinin nişan mərasiminin çəkilişinə, digər birinin ad gününə və s.-yə baxmaqla yenə də ünsiyyət mədəniyyətindən uzaqlaşırlar. Halbuki indi insanların mənəvi cəhətdən rahatlıq tapması üçün onların hər birinin ünsiyyətə həddindən artıq ehtiyacı var. İnsanların ünsiyyət əlaqələrindən uzaqlaşması onların bir-birindən soyumasına, ögeyləşməsinə gətirib çıxarır. Bu hal son dövrlərdə qohumlar, tanışlar, dostlar və yaxınlar arasında da özünü göstərir. İndi insanların böyük əksəriyyəti öz fikirlərini bölüşmək üçün tərəf müqabili tapa bilmirlər. Ünsiyyətsizlik bu gün dünya insanlarının ən ciddi problemlərindən biridir. Ünsiyyətsizlik bu gün dünyada insanlara quru bir görkəm verir. Bu quruluğun içərisində insanların bəziləri az qala roborta bənzəyirlər.
Azərbaycanda nitq mədəniyyəti ilə bağlı mövcud olan belə bir reallığı da qeyd etmək yerinə düşər. Bu da ondan ibarətdir ki, indi vətəndaşlarımız öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Müstəqilliyimiz vətəndaşlarımızın öz fikirlərini ifadə etmək qabiliyyətini üzə çıxara bilibdir. Vətəndaşlarımızda nitq mədəniyyətinin formalaşması istiqamətində xeyli irəliləyiş yaradıbdır. İndi insanlar keçmişdən fərqli olaraq (Sovetlər İttifaqı dövründən) öz fikirlərini sərbəst şəkildə söyləyə bilirlər. Uşaqlar, yeniyetmələr, gənclər, orta və yaşlı nəslin nümayəndələri istənilən sosial-ictimai xarakterli sorğuya münasibət bildirməkdən çəkinmirlər. Hətta ucqar rayonlarda, kəndlərdə yaşayan yaşlı insanlar da müsahib ola bilirlər, istənilən bir məsələyə öz doğma dilində rəy, fikir söyləməyi bacarırlar. Onlara verilən suallara cavab verməkdən utanmır, çəkinmir və ehtiyat etmirlər. Əslində bunlar nitq mədəniyyətinin göstəriciləri kimi diqqəti cəlb edir. Halbuki keçmişdə (Sovetlər İttifaqı dövründə) insanların öz fikirlərini söyləmək bacarığı indi ilə müqayisədə çox zəif idi. Nəinki sıravi vətəndaşlar, hətta bir çox ziyalılar müstəqil danışmağı, onlara verilən hər hansı bir suala müstəqil cavab verməyi bacarmırdılar. Nitq mədəniyyətinin geriliyi açıq-aydın şəkildə hiss olunurdu. Tanınmış jurnalist Akif Cabbarlının təcrübəsinə əsaslanan mövqeyinə görə, o vaxt radioda, televiziyada fikrini sərbəst ifadə etməyi bacaran müsahibləri tapmaq çox çətin idi. Az qala müsahiblər hazır mətnləri əzbərləməklə fikrlərini ifadə edirdilər. Bəzən isə bunu əzbərləməyə vaxt tapmadıqları üçün özlərini də, onlardan müsahibə götürən jurnalistləri də minbir əziyyətə salırdılar. İndi müstəqiliyyimizin bizə verdiyi imkanlar – söz, mətbuat azadlığı, senzuranın ləğvi, özəl və regional radio, televiziya kanallarının yaradılması elə mühit formalaşdırıbdır ki, insanlar öz fikirlərini söyləyir, cəmiyyətə çatdıra bilirlər. Ancaq müstəqilliyimizin yaratdığı bu imkanlardan da düzgün faydalanmaq lazımdır. Yaradılan imkandan istifadə edərək nə istəyiriksə, onu da danışa bilmərik, nə istəyiriksə, onu da deyə bilmərik. Nə istədiyini deyən, danışan, yazan jurnalistlər, aparıcılar, qəzet, radio, televiziya işçiləri var. Onların əməlləri nitq mədəniyyətinin inkişafına maneçilik göstərir, nitq mədəniyyətinin uğurlu gələcəyinə kölgə salır. Qəzet, radio, televiziya belələrindən öz yaxasını qurtarmağın yollarını tapmalıdır.
Azərbaycan cəmiyyətində dövlət tərəfindən Azərbaycan dilinə və nitq mədəniyyətinə yüksək səviyyədə qayğı, diqqət göstərilir. Elə bunun nəticəsidir ki, Azərbaycanın bütün ali təhsil müəssisələrindəki fakültələrdə, ixtisaslarda “Azərbaycan dili və nitq mədəniyyəti” fənni tədris olunur. Hazırlanan mütəxəssislərin Azərbaycan dilinin zənginliklərinə bələd olması və nitq mədəniyyətinin sirlərinə yiyələnməsi istiqamətində dərsliklər, dərs vəsaitləri yazılır. Belə kitablar içərisində filologiya üzrə fəlsəfə doktoru, dosent Fikrət Şiriyevin ali məktəblər üçün dərs vəsaiti kimi hazırladığı “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı kitabı (Nurlar Nəşriyyat – Poliqrafiya Mərkəzi, Bakı, 2014) nitq mədəniyyətinin 3000 illik yolunu, klassik Yunan və Roma məktəblərinin təcrübəsini, Şərq ritorikasının ilk nümunələrindən misallar verilməsini, Azərbaycan nitq mədəniyyətinin tarixini əks etdirmək baxımından olduqca dəyərlidir. Bu dəyərli dərs vəsaiti öz orijinallığı ilə həm də ona görə seçilir ki, burada ümumritorik qanunlar, nitqin texnikası, şifahi ünsiyyət ustalığı, mübahisə qaydaları, mədəni və işgüzar nitq, nitq normaları və s. məsələlər geniş şəkildə, beynəlxalq təcrübəyə əsaslanmaqla verilir. Kitabda ritorikanın tarixinə, natiqlik sənətinin sosial hadisə olmasına, ritorikanın bir fənn olmasına geniş yer ayrılır. Və ritorika və nitq mədəniyyəti, məntiqin nitq mədəniyyətinin əsasını təşkil etməsi, nitq mədəniyyətinin növləri və üsulları, nitq etiketləri həm elmi-nəzəri, həm də praktik cəhətdən izah olunur. Müəllif ünsiyyət ritorikasının mahiyyətini tam şəkildə açmaq üçün ünsiyyət prosesinə, ünsiyyət vasitələrinə, həmsöhbətlərin tiplərinə, əlaqələrin yaradılması metodikasına və s. məsələlərə geniş izah və aydınlıq gətirir. Kitabda nitqin forma və janrları bir neçə istiqamətdə tədqiq olunur. Onun dialoq, monoloq formaları yüksək səviyyədə səciyyələndirilir. Bundan başqa, nitq fəaliyyəti və onun mərhələləri, nitqin obrazlılığı, emosional ifadəliliyi nümunələr əsasında izah olunur. Kitabdan nitq texnikasının komponentləri, natiqin jestləri və s. məsələlər barədə də geniş məlumat əldə etmək mümkündür. Müəllif şifahi nitq, polemika ustalığı, nitqin kompozisiya quruluşu, diskussiya, şifahi nitq bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı dolğun məlumat verir.
İşgüzar ritorika hər zaman öz aktuallığı ilə fərqlənibdir. İnsanlar arasında həmişə işgüzar ünsiyyət mədəniyyətinə böyük ehtiyac olubdur. Bu mənada Fikrət Şiriyevin kitabında işgüzar ritorika mədəniyyəti də diqqət mərkəzində saxlanılır. İşgüzar ritorika mədəniyyətinin tələbləri (nəzakətlilik, ədəblilik, mərifətlilik, təvazökarlıq, dəqiqlik, xeyirxahlıq, mötəbərlik, təşəbbüskarlıq, səmimilik, açıqürəklilik, özünüdərketmə və s.) bir-bir nəzərdən keçirilir, işgüzar ünsiyyətin növləri (bilavasitə təmas, bilvasitə təmas) araşdırılır. Eyni zamanda işgüzar ünsiyyətin formaları (işgüzar söhbət, işgüzar danışıqlar, mübahisə, diskussiya, polemika, işgüzar müşavirə, kütlə qarşısında çıxış, telefon danışıqları, işgüzar məktublaşma) anlaşıqlı və aydın bir formada təhlil olunur. Kitabda nitq mədəniyyətinə aid nümunələrin, eləcə də nitq mədəniyyəti və ritorikaya aid terminlər lüğətinin verilməsi onun elmi dəyərini daha da artırır. Bir sözlə, nitq mədəniyyəti və ritorikaya aid son dövrlərdə çap olunmuş kitablar içərisində Fikrət Şiriyevin “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” kitabı dəyərli bir dərs vəsaitidir.
Son dövrlərdə ziyalıların, vətəndaşların nitqinin mədəni olması yolunda müsbət addımlar atılır. Beləliklə, hər bir kəs anlamalıdır ki, özünü mədəni hesab edən şəxs birinci növbədə nitq mədəniyyətinə dərindən yiyələnməlidir.