AŞPA-nın siyasi məsələlər üzrə komitəsinin Parisdə keçirilən iclasında məruzəçi Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər ərazilərində gərginliyin artmasına dair” məruzə müzakirə edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.
O, Azərbaycan ərazilərini zəbt etdiyinə və uzun illər ərzində işğal altında saxladığına görə 2014-cü ildə Ermənistana sanksiyaların tətbiq olunmasını tələb edən 2 qətnamə layihəsi təqdim etdiyini bildirib. Buna görə də AŞPA rəhbərliyi və qurum daxilində fəaliyyət göstərən antiazərbaycan qüvvələrin güclü təzyiqlərinin yarandığı diqqətə çatdırılıb. Buna baxmayaraq, qətiyyətli mübarizə nəticəsində məruzənin hazırlanması barədə qərar qəbul edildi.
Məruzədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və 20 ildən artıq müddət ərzində işğal altında saxlanılması öz əksini tapıb. Sənəddə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələr xatırlanır, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir. Girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağdakı separatçı rejimin tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir.
Deputat məruzəyə üç düzəliş irəli sürüldüyünü qeyd edib. Bu düzəlişlərdən biri məruzənin 4-cü bəndində “...Dağlıq Qarabağ regionuna dair münaqişə hələ də həll edilməyib” ifadəsinin “...Azərbaycanın zəbt olunmuş əraziləri hələ də işğaldan azad edilməyib” ifadəsi ilə əvəz olunmasını ehtiva edir. İkinci düzəlişdə isə D.Əsgərov və Ş.Quliyevin qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı “...işğalçı qüvvə olan Ermənistanın dərhal azad etməsini təmin etməyə çağırır” ifadəsi təklif edilib. Nəhayət, 3-cü düzəlişdə Ermənistan hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə “təəssüflənir” ifadəsinin “qətiyyətlə pislənir” ifadəsi ilə əvəzlənməsi əks etdirilir.
Qəbul edilən bu məruzə AŞPA-nın yanvar sessiyasında müzakirə edilərək təsdiq olunacaq.
Modern.az