Modern.az

“Yazıçılar Birliyinin üzvləri lənətləmiş kəslər deyillər ki...”

“Yazıçılar Birliyinin üzvləri lənətləmiş kəslər deyillər ki...”

5 Noyabr 2015, 14:36

Noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra V çağırış Milli Məclisin tərkibi müəyyən edildi. Budəfəki seçkilərdə nəzərə çarpan məqamlardan biri də bir çox qələm adamlarının iştirakı oldu. Lakin Aqil Abbas və Hüseynbala Mirələmovu çıxmaq şərtilə onların heç birisi seçicilərin səs çoxluğunu qazana bilmədi. Amma sirr deyil ki, parlamentin əvvəlki çağırışlarında bir çox qələm adamları deputat kimi öz dairələrlərini təmsil ediblər. Onlara misal olaraq mərhum xalq şairləri Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, xalq yazıçısı Yusif Səmədoğlu, AYB-in hazırkı sədri Anar, yazıçı Əkrəm Əylisli və başqalarını misal göstərmək olar. Lakin sonrakı illərdə qələm adamı olan deputatların sayı get-gedə azaldı.

Modern.az saytının “Yazıçı, şairin parlamentdə təmsil olunması cəmiyyət üçün nə dərəcədə vacibdir” sualına cavab verən xalq şairi Fikrət Qoca qələm adamının parlamentdə təmsil olunmasını müsbət hal kimi qiymətləndirib:

“Yazıçılar Birliyinin üzvləri lənətləmiş kəslər deyil ki, parlamentdə oturmasınlar. Azad hüquqi dövlətdə yaşayırıq. Hər bir vətəndaşın deputat seçilmə ixtiyarı var. Yazıçı deputat seçilsə də yaxşıdır. Seçilməsə də bunda çox böyük qəbahət olmaz. Çünki onun yazmaq üçün daha çox vaxtı olacaq”.

Qeyd edək ki, parlamentdə təmsil olunan sonuncu xalq şairləri Zəlimxan Yaqub və Sabir Rüstəmxanlı olub. Buna baxmayaraq hazırki deputatların bəziləri Azərbaycan Yazıçılar Birliyinin üzvləridir. Onlara misal olaraq Nizami Cəfərov, Rafael Hüseynov, Elmira Axundova, Qənirə Paşayeva, Musa Quliyev, Yaqub Mahmudovu göstərmək olar.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu