İqtisadiyyat və Sənaye Nazirliyindən sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb. Bu gün 5 saylı “ASAN xidmət” mərkəzində ilk dəfə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar və taksi minik avtomobillərində sərnişindaşıma fəaliyyəti üzrə lisenziyalar sahibkarlara təqdim olunub.
Modern.az saytının verdiyi xəbərə görə bu haqda jurnalistlərə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov məlumat verib.
Nazirlik rəsmisi qeyd edib ki, verilən lisenziyaların sayının minimuma endirilməsi, qaydaların sadələşdirilməsi və şəffaflığın təmin edilməsinə dair konkret təkliflər hazırlanır: “Təkliflər qısa müddətdə aidiyyəti üzrə təqdim olunacaq. Ona görə yeni lisenziyalaşdırılan fəaliyyət növü üzrə lisenziya əldə etmək istəyən sahibkarlar bir qədər gözləsinlər. Çünki hazırda nazirlikdə lisenziyaların sayının azaldılması istiqamətində işlər aparılır”.
Sahib Məmmədovun sözlərinə görə, noyabrın 2-dən vaxtı bitmiş və yenisi ilə əvəz olunan lisenziyalarla bağlı sənədlərin qəbuluna başlanılıb: “Bu gün həmin lisenziyalar sahibkarlara təqdim olundu. Hazırda 23 dövlət qurumu tərəfindən 59 fəaliyyət növü lisenziyalaşdırılır. Noyabrın 2-dən bu günədək lisenziyaların yenilənməsi ilə bağlı 600 müraciət daxil olub. Onlardan 57 lisenziya ilə bağlı müraciət icraata götürülüb. Qısa müddətdə həmin lisenziyalar sahiblərinə təqdim olunacaq”.
Gülşən RAUFQIZI