Noyabr ayının 1-də Azərbaycanda V çağırış Milli Məclisə seçkilər keçirildi.
Konstitusiyanın 86-cı maddəsinə görə, seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Bəs bunun üçün təyin olunan müddət nə qədərdir?
Modern.az saytı qanunvericiliyə istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını onlara əlavə sənədlərlə birlikdə yoxlayır.
Sənədlər tamam yoxlanıldıqdan sonra 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edilir.
Eyni maddənin 3-cü bəndində göstərilir ki, Konstitusiya Məhkəməsi göstərilən sənədləri 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə, onların Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.
Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.
Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.
Konstitusiyanın 88-ci maddəsinin I bəndinə əsasən, Milli Məclisin yeni seçilmiş 83 deputatının səlahiyyətləri təsdiqlənəndən sonra bir həftədən gec olmayaraq parlamentin ilk iclası keçirilməlidir.
Əgər seçkilərdən sona martın 10-dək 83 deputatın səlahiyyəti təsdiqlənməzsə, Milli Məclisin ilk iclasının keçirilmə vaxtını Konstitusiya Məhkəməsi müəyyən edir.
Aqşin Kərimov