Modern.az

“XXI əsrdə radionun yeni populyarlıq mərhələsi başlayıb” - MÜSAHİBƏ - FOTOLAR

 “XXI əsrdə radionun yeni populyarlıq mərhələsi başlayıb” - MÜSAHİBƏ - FOTOLAR

Media

6 Noyabr 2015, 15:59


Bu gün Azərbaycanda televiziya və radio jurnalistlərinin peşə bayramıdır. 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə o zamanın nəhəng ixtirası olan radio fəaliyyətə başlayıb. Müharibə dövründə hər bir ailənin ən yaxın xəbərçisi olan radio uzun müddət kütləvi informasiya vasitələri arasında liderliyini qoruyub saxlayıb. “Azərbaycan” radiosu o zaman bir çox dahilərə qucaq açıb. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Müslüm Maqomayev kimi bəstəkarlar və nüfuz baxımından onlarla eyni sırada dayana biləcək bir çox söz adamlar radionun inkişafında əllərindən gələni əsirgəmədilər. Bu gün XXI əsrin inkişaf parametrlərinə uyğun olaraq radionu nisbətən kölgədə qalmış hesab etmək olar. Modern.az radio işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Dövlət Radiosunun şöbə müdiri, BDU-nun jurnalistika fakültəsinin müəllimi Natəvan Dəmirçioğlu ilə müsahibəni təqdim edir. Vaxtilə Aydın Qaradağlı, Mərziyyə Davudova, Fatma Qədri, Məhluqə Sadıqova, Əli Zeynalov və digər tanınmışların çalışdığı radionun, ümumiyyətlə, Azərbaycan radio məkanı ilə bağlı bir neçə suala xanım jurnalist bu cür cavablar verib:

- Azərbaycan radiosuna göstərilən diqqət sizi qane edir?

- Burada söhbət hansısa maddi və mənəvi diqqətdən getmir. Elektron KİV vasitəsi olaraq radionun mövcud durumundan gedir. Əvvəlcə Fransada radio efirini daim aktual saxlamaq üçün edilən bir formaya diqqət çəkmək istərdim. 

Uzun illər və bəlkə indi də Fransa prezidenti ayda bir dəfə radio ilə xalqa müraciət edib. Dünyanın bir sıra ölkələrində isə ən mühüm dövlət qərarları, əmrlər, sərəncamlar, göstərişlər radio dalğalarında dərhal yayımlanır.

Bizdə və ümumən müasir dünya reallığında mənzərə necədir?

Radio təbii olaraq öz inkişaf tarixi dövründə bir mərhələdə böyük hesabla televiziyaya, ikinci mərhələdə isə  internetə uduzdu.

Üçüncü mərhələdə internet televiziyalara uduzur. Dördüncü mərhələdə müxtəlif innovativ vasitələrin son kəşfləri ilə əlaqədar online jurnalistikada radio jurnalistikanın tamamilə sıradan çıxma təhlükəsi yarandı. Elə burada da vəziyyət dəyişdi.

Özünün çox güclü rəqibləri olan televiziya və internet qarşısında reytinq itirən radioların XXI əsrdə yeni populyarlıq mərhələsinin başlanğıcı qoyuldu. Bu gün heç kəs inkar edə bilməz ki, gənclik müxtəlif texniki vasitələrdə gün ərzində ən çox radioları dinləyir. Bu, radionu aktuallaşdırır və diqqəti artırmağı zəruri edir. Bu gün radiolar dinlənilmə arialına görə yenidən diqqət mərkəzinə gətirilə bilər.



- Belə bir çətin rəqabət şəraitində radio hansı üstünlüklərinə görə özünü ayaqda saxlaya biləcək?

- Radionun bir sıra üstünlükləri var: Vizuallığın həddindən artıq artıqlığı və səhhət baxımından insan həyatında təhlükələr yaratdığı dövrdə radio nisbətən təhlükəsiz informasiya qaynağıdır. İkincisi, görüntülənən seçimlərin içərisində zərərli, parnoqrafik nəsnələrdən uzaqlaşmanın bir yolu da radiolara qulaq asmaq vərdişlərinin artırılması ola bilər. Amma görək, radiolara diqqət bu maraqları yaratmağa yetərlidirmi?!

- Bu gün Azərbaycan radiosunun unudulmaqda olan hansı qocaman əməkdaşlarına və diktorlarına xüsusi diqqət ayrılmalıdır?

- Diqqət göstərilən kifayət qədər radio veteranı var. Bunu unutmaq ədalətsizlik olar. Hətta onların arasında prezident təqaüdçüləri vdə ar. Mən də Fəridə Aslanbəyova, Söhrab Zeynalov və digərləri ilə yanaşı işləyirəm.

Amma şübhəsiz, çalışmaq lazımdır ki, heç kəs yaddan çıxmasın, heç kəs unudulmasın. Hər bir insana fərdi yanaşmaq lazımdır. Ümumi diqqət, bəzən yetərli olmur.

- Dinləyici auditoriyasının Azərbaycanın ən birinci radiosuna olan münasibəti sizi qane edir?

- Azərbaycan radiosu və AzTV haqqında bir az yanlış fikirlər mövcuddur. Guya bu elektron informasiya qaynaqlarında illərdən qalma, köhnə qaydalar hökm sürür.

Bəzən bu ittihamı heç son illər bu qurumların xidmətindən istifadə etmədən də deməyi özlərinə rəva bilirlər.

Nə olsun, şagirdlər və tələbələr də dərsdən daha çox tənəffüsü xoşlayırlar.

Azərbaycan radiosuna daha az diqqət yetirən dinləyicini, özəl və kommersiya radiolarını dinləyən dinləyiciləri mən istedadlı, yaradıcılıq qabiliyyəti olan tələbələrimin çalışmaqdansa “Facebook”da vaxt itirməkdən özünü yayındıra bilmədiyi psixoloji durumu ilə müqayisə etmək istərdim.

- İndiki diktorların dil qüsurları barəsində nə deyə bilərsiniz?

- Elektron KİV-in arterial, venası, aorta qan damarı həyatın ritmi ilə həmahəngdir. Həyat necə dəyişir, necə inkişaf edir, necə müəyyən zaman kəsiyində ləngiyir, təlatümlü olursa, bu elektron mediada çox qəribə şəkildə təcəssümünü tapır.

İndiki dövrümüz dinamika, sürət və mobil olaraq dəyərləndirilə bilər. Buna müvafiq olaraq, efir, onun aparıcısının timsalında dinamik, çevik, mütəhərrik və lakonik olmalıdır. Aparıcıların nitqindəki sürət zamanla bağlıdır. Amma bu sözləri çeynəmək, şəkilçiləri yemək, nitq aparatını - ağız elementlərini əcaib hala salmaq hesabına olacaqsa, olmasa yaxşıdır. Aparıcının nitqində bunlar əsasdır: temp, tembr, diapazon, məntiqi vurğu, pauza, sözlərin orfoepiya qaydasına əməl edilməsi, yəni sözlərin düzgün, tam səslənişi.  Əgər nitqin tempi, tembri - səsin gözəlliyini, özünəməxsusluğunu, hətta məzmununu, rəngini öldürürsə onda bu xeyirdən olmadı, bu zamanla ayaqlaşmaq olmadı. Bizdə problem burdan qaynaqlanır.

Elmin NURİ

Qeyd: Fotolar bu gün Azərbaycan Dövlət Radiosunun foyesində çəkilib. Həyatını radioya həsr edən insanlar peşə bayramlarını bu cür qeyd edirlər.




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi