“Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana iki günlük rəsmi səfərə getdi. Bu səfər Azərbaycan-Gürcüstan əməkdaşlığı baxımından çox vacib idi. Çünki, bir həftə əvvəl Gürcüstana Ermənistan prezidenti Serj Sərkisyan səfər etmişdi və Tiflisdə İran qazının Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çatdırılması mövsuzu müzakirə olunmuşdu”.
Modern.az saytının məlumatına görə “Atlas” Araşdırmalar mərkəzininprezident İlham Əliyevin Gürcüstan səfəri ilə bağlı yaydığı analizdə bu barədə bildirilib.Qeyd olunub ki, rəsmi Tiflisin Rusiyadan qaz almaq istəyi də Bakıda suallar yaratmışdı. Ona görə də İlham Əliyev bu məsələləri gürcü rəsmilərlə müzakirələrdə aydınlıq gətirməli idi.
“Səfər uğurlu oldu. Hər iki tərəf strateji əməkdaşlığın davam etdiriləcəyini vurğuladı. Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycanla enerji əməkdaşlığına sadiq qalacaqlarını bildirdi.
İlham Əliyevin Tiflisdə dediyi “bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, həm də Avropa ölkələrini böyük həcmdə təbii qaz ilə təmin edə biləcək" sözləri isə Rusiyadan qaz almağı planlaşdıran Gürcüstan hökumətinə mesaj idi.
Çünki Gürcüstanın enerji naziri Kaxa Kaladze Rusiyadan qaz almağı belə əsaslandırmışdı ki, guya Azərbaycan Gürcüstanı qazla tam təmin edə bilmir. Buna cavab olaraq SOCAR rəhbərliyi dərhal açıqlama verərək Gürcüstana əlavə qaz sata biləcəklərini açıqladı”,-deyə şərh edilib.
Təhlildə Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin ölkəsinin həmişə Azərbaycanın yanında olacağını, strateji əməkdaşlığın dəyişməz olaraq qalacağını deməsinə isə belə münasibət bildirilib:
“Görünür, bununla Gürcüstan prezidenti demək istəyib ki, rəsmi Bakı Tiflisin gələcək planlarından narahat olmasın, bu planlar Azərbaycanın maraqları əleyhinə olmayacaq. Məsələn İlham Əliyevin Tiflisdəki görüşlərində razılaşdırılıb ki, iki ölkə həm bölgədə, həm də dünyada nəqliyyat sahəsində birgə siyasət aparacaqlar.
Bu o deməkdir ki, Gürcüstan Rusiya ilə Ermənistanı birləşdirən dəmir yolu xətti ilə bağlı qərarında Azərbaycanın rəyini nəzərə almalıdır.
Problem ondadır ki, Gürcüstan hökuməti prezidentə tabe deyil. Hökumətin arxasında isə oliqarx və keçmiş baş nazir Bidzina İvanişvili dayanır.
O isə Rusiyadan qaz almağı və Ermənistanla strateji əlaqələri inkişaf etdirməyi lazım bilir. Maraqlıdır ki, Bidzina İvanişvili Gürcüstana səfər edən Ermənistan prezidenti ilə görüşsə də, Azərbaycan prezidenti ilə görüşmədi. Bəlkə də İlham Əliyev İvanişvili ilə görüşmək istəməyib.
Gürcüstanın Rusiyadan qaz alması və Ermənistanla əməkdaşlığı genişləndirməsi Tiflisə problemlər yarada bilər. Çünki, Rusiya və Ermənistandan fərqli olaraq Gürcüstanın inkişafı və enerji sabitliyi məhz Azərbaycanla strateji əməkdaşlığın davamlılığından asılıdır. Azərbaycan Gürcüstana ucuz qiymətə qaz satır, SOCAR bütün Gürcüstanı qazlaşdırıb, xeyli yanacaqdoldurma məntəqəsi açıb, qonşu ölkəyə xeyli kredit verilib.
2012-2015-ci illər ərzində Azərbaycanın Gürcüstana birbaşa investisiyaları 3,7 dəfə artıb. Bu səbəbdən Tiflisin Azərbaycanın maraqları əleyhinə risqli addımlar atmayacağını proqnozlaşdırmaq olar”.
Aqşin Kərimov