Bu gün futbol üzrə Topaz Premyer Liqasının 12-ci turunun oyunları davam edib. Modern.az saytı xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma keçirilib. Günün maraq doğuran qarşılaşması isə Lənkəranda baş tutub. "Xəzər Lənkəran" evdə "Qarabağ"ı qonaq edib. Yağışlı havada baş tutan oyunda əsasən qonaqların üstünlüyü qeydə alınıb. Cənub təmsilçisinin də ara-sıra fərqlənmək imkanı olub. Qarşılaşmanın ilk və yeganə qolu isə 33-cü dəqiqədə vurulub. Əfran İsmayılovun dəqiq zərbəsi ilə ağdamlılar səfərdən qələbə ilə ayrılıblar.
Turnir cədvəlində liderliyini möhkəmləndirən Azərbaycan çempionu turda ardıcıl 3-cü qələbəsini qazanaraq xalların sayını 29-a çatdırıb.
Günün sonuncu qarşılaşmasında isə "Neftçi" "Bakcell Arena"da autsayder "Rəvan"ı sınağa çəkib. “Neftçi” birinci hissənin 41 qəqiqəsində Ruslan Qurbanovun qolu ilə irəli çıxıb. Fasilədən sonra “Neftçi” təşəbbüsü əldən verib və nəticədə ardıcıl 8 oyunda qələbəyə həsrət qalan “Rəvan” uğursuz seriyanı qıra bilib. Qonaqlar 19 dəqiqəyə ev sabibinin qapısından ardıcıl üç top keçirib. Əvvəlcə Nicat Muxatrov 47-ci dəqiqədə darmadağının əsasını qoyub. Üç dəqiqə sonra isə Yamin Ağakərimzadə fərqlənib. Daha bir qol 66-cı dəqiqədə Ruslan Tağızadədən gəlib. Ruslan Qurbanovun 90-cı dəqiqədə etdiyi dubl məğlubiyyətdən yaxa qurtarmaq istəyən paytaxt təmsilçisinin köməyinə çatmayıb-2:3. Beləliklə, beş xalla sonuncu yerdə qərarlaşan “Rəvan” 12 turdan sonra ilk qələbəsini “Neftçi” üzərində rəsmiləşdirib. “Neftçi” isə 13 xalla 6-cı sırada qalıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ"-"İnter" matçı ilə yekun vurulacaq.
Modern.az