Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov parlament seçkilərindən partiyanın uğursuzluğu ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
- Rauf müəllim, parlament seçkilərində partiyanız heç bir uğur əldə edə bilmədi. Bu qədər uğursuzluqdan sonra Azərbaycan Kommunist Partiyasından istefa vermək haqqında düşünmürsünüzmü?- Buna uğursuzluq deməzdim. İstər parlament seçkiləri istər bələdiyyə seçkiləri olsun - bunlar siyasi partiyanın cəmiyyətdə bir daha genişlənmməsinə, auditoriyasının artmasına xidmət edir. Düzdür, parlament seçkilərində bizim partiyadan 8 namizəd qeydiyyata alınsa da heç biri uğurlu nəticə əldə edə bilmədi. Bu isə “siyasi partiya uğursuzluqla üz-üzədir” deməyə əsas vermir.
- Bu qədər uğursuzluqdan yorulub “siyasəti buraxaq getsin” deyə düşünmürsünüz?
-Qətiyyən. Seçkilərdən əvvəl əhval-ruhiyyəm necə idisə, bu gün də həmin səviyyədədir. Sadəcə olaraq, ümumi milli mənafe nöqteyi-nəzərindən narahatlıq keçirirdim ki, seçkilər sakit keçsin, ictimai asayiş pozulmasın. Şükür Allaha hər şey əmin-amanlıqla keçdi.Bu da məni sevindirən əsas amillərdən biridir. Azərbaycanlı kimi hamımızın ümumi qələbəsidir ki, digər qardaş ölkələrdə baş verən hadisələr bizdə təkrarlanmadı. Təbii ki, belə ssenarilər hazırlanmışdı.
Buna cəhdlər də oldu. Bunu içimizdə olan bəzi “beşinci kolon”un nümayəndələrinin əli ilə törətməyə çalışdılar. Amma insanların ayıq-sayıqlığı dövlətin möhkəmliyini göstərdi ki, neqativ hallar respublikamızda baş verə bilməz.
- Partiyanın uğursuzluğu sizi ruhdan salmaya bilər. Maraqlıdır, bunu partiya üzvlərinə də şamil etmək olarmı? Bəlkə onlar bu uğursuzluqdan beziblər?
- Partiya rəhbəri olaraq onların ruhdan düşməsinə imkan vermirəm. Parlament seçkilərinin nəticələri elan olunandan sonra rayon komitəsinin katibləri, partiyanın üzvləri tərəfindən mənə zənglər oldu. Açıq etiraf edim ki, partiya üzvlərində qanqaraçılıq olduğunu hiss etdim. Ruhdan düşdüklərini görəndə dedim ki, bizim mübarizəmiz daha qlobal mübarizədir. Ona görə ruhdan düşmək olmaz.
Parlament seçkiləri ilə bizim mübarizəmiz yekunlaşmır. Sosializm cəmiyyəti uğrunda mübarizə aparırıq. Parlament seçkiləri ərəfəsində 20-dən artıq görüşlər keçirdim. Onların yerlərdə kommunist partiyasına marağını, rəhbər olaraq özümə qarşı olan hörməti gördüm.
Namidə BİNGÖL