Modern.az

Manatı yenidən çətin sınaq gözləyir

Manatı yenidən çətin sınaq gözləyir

İqtisadiyyat

10 Noyabr 2015, 15:54

Azərbaycanda da artıq dollar 1,051 manat həddinə kimi bahalaşıb. İnsanlarda bununla bağlı gərginlik yaranıb və hamı bunu üzən məzənnəyə keçid kimi qiymətləndirir. Əksəriyyət yeni devalvasiyaya hazırlaşır...

 İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Modern.az saytına bildirib ki, manat üçün sınaq dövrü gəlir:

“İstənilən halda hər bir ölkənin valyutasında aşağı-yuxarı dəyişmələr olur. Bu baxımdan qarşıdan manat üçün çətin sınaq dövrü gəlir”. Ekspert bunu ölkəyə daxil olan neft gəlirlərinin azalması, büdcə daxilolmalarındakı problemlər, digər tərəfdən qarşıdan gələn dövrdə Amerikada dolların məzənnəsinin güclənməsinə yönəlik addımların atılması (uçot dərəcəsinin yüksəldilməsi) ilə əlaqələndirib:

“Bütün bunlar manatın məzənnəsinə təzyiqləri artıran amillər hesab olunur. Bu baxımdan Azərbaycanda manatın sabit qalmasını gözləmək mümkün deyil. Mərkəzi Bankın və maliyyə naziri Samir Şərifovun açıqlamasına görə manat üzən kurs üzrə hərəkət edəcək. Hesab edirəm ki, bugünkü bahalaşma onun əlaməti ola bilər:

“Mərkəzi Bank tədricən - hər hansı ağırlıq hiss etdirmədən, kəskin devalvasiyaya getmədən, manatın məzənnəsində dəyişiklik xətti götürə bilər. Mümkündür ki, bu, onun elementi olsun. Amma bunu ilk gündəki dəyişiklikdən çıxış edərək elan etmək düzgün deyil. Mərkəzi Bankın sonrakı günlərdə siyasətindən diqqət etmək lazımdır”. İndiki situasiyada, ən pis halda manatı nə gözləyir?

Azər Mehtiyev bunun dəqiq təhlillər aparılaraq müəyyən edilə biləcəyini bildirib: “Bunun üçün ciddi araşdırmalar lazımdır. Təəssüf ki, son günlər nə Mərkəzi Bankın, nə də Statistika Komitəsinin açıqladığı rəqəmlər manatın məzənnəsinin nə qədər ucuzlaşacağını deməyə imkan vermir.

Yaxşı olar ki, Mərkəzi Bank kəskin devalvasiyaya getməmək üçün, prosesləri nəzarətdə saxlamaqla manatın düşmə siyasətini həyata keçirsin. Bu ya yumşaq devalvasiya, ya da tənzimlənən-üzən kurs olacaq. Manatın məzənnəsinin tədricən dəyişikliyə məruz qalması qaçılmazdır.

Çünki iqtisadiyyatın durumundan asılı olaraq bu dəyişiklik gözlənilir. Bu baxımdan manatın ucuzlaşması qeyri-adi hal deyil. Burada məsələ insanların gözlənilməz risklərə və ucuzlaşmalara məruz qalmalarıdır. Əgər kurs tədricən dəyişəcəksə, iqtisadiyyat və insanların davranışları da tədricən buna uyğunlaşacaq”.                                                    

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama