“Azəristiliktəchizat” yeni mövsümə hazırdır. Bərpası nəzərdə tutulan magistral məhəlli xətlər təmir edilib. Xətlərdə yoxlamalar aparılıb.
Bu haqda Modern.az saytına məlumat verən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, hətta bəzi yerlərə, məsələn, Əhmədli qəsəbəsinə test olaraq istilik sistemi verilib:
“Orada istilik enerji mərkəzindən gələn magistral xətlər uzun məsafəni əhatə edir, həmçinin 15-ə yaxın istilik məntəqəsi var. Ona görə də test olaraq istifadəyə vermişik. Ümumilikdə isə noyabrın 15-dən etibarən mənzillərə istilik veriləcək”.
Rafiq Əliyev qeyd edib ki, noyabrın 15-nin bazar gününə təsadüf etməsinə baxmayaraq bütün mənzillər istilik sistemi ilə təchiz ediləcək:
“Qrafikə uyğun olaraq bütün qazanxanalara istilik veriləcək”.
Xidmət rəisi qeyd edib ki, istilik tariflərinin artırılması gündəmdə deyil:
“Hazırda əhali, istehlak qrupu üçün 1 kvadratmetr yaşayış sahəsinə 15 qəpik isitmə haqqı nəzərdə tutulub. Baxmayaraq ki, tarifimiz maya dəyərindən aşağıdır, qiymətlərin artırılması gündəmdə deyil. Bununla bağlı tərəfimizdən Tarif Şurasına müraciət edilməyib”.
Gülşən RAUFQIZI