XX əsrin əvvllərində Bakıda torpağın altından fontan vuran neft torpağın üstündə bir sıra möhtəşəm binaların ucalmasına səbəb oldu. O zaman fantastik gəlir əldə edən Bakı milyonçuları bir-birinin bəhsinə bu gün üçün memarlıq nümunələri sayılan möhtəşəm binalar tikdirirdilər.
Bu gün Bakını memarlıq üslubu baxımından bəzəyən bir çox tikililərdə hökumətin ayrı-ayrı qurumları yerləşir.
Modern.az saytı rəsmi qurumların binalarının kimlər tərəfindən və nə zaman tikildiyini araşdırmağa çalışıb.
Hökumət Evi - Paytaxtın vizit kartlarından biri olan və nadir memarlıq üslubu ilə seçilən Hökumət Evinin inşasının maraqlı bir tarixçəsi var. Binanın tarixi çox qədim olamasa da, bir çox tarixi proseslərin şahididir. Öncə onu qeyd etmək istərdik ki, xalqımızın azadlıq hərəkatı mənz bu binanın yerləşdiyi meydandan - Azadlıq meydanından başlayıb. Sovet hakimiyyəti öz qanlı əlini bu illərdə də üzərimizdən çəkmədi. 1990-cı il yanvarın 20-də sovet əsgərlərinin vəhşi müdaxiləsi nəticəsində həlak olan şəhidlərimizin bu bina qarşısından keçərək dəfn edilməsi yaddaşa həkk olunan mənzərədəir. 1991-ci ilin oktyabrnda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinə şahid olan bu tarixi memarlıq nümunəsinin Azərbaycan tarixində yeri olduqca mühümdür.
Bəs bu nəhəng və əzəmətli bina necə tikilib?
Ötən əsrin əvvəllərində Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu dövrlərdə hökumət işçilərinin çalışması üçün müvafiq bina olmadığından, belə bir tikilinin inşasına ehtiyac duyulub. Layihə üzərində çalışan memarlar qarşısında isə “böyük sosialist” dövlətinin qüdrətini və parlaq gələcəyini özündə əks etdirən bir bina inşa etmək vəzifəsi qoyulub.
Hazırkı Hökumət Evinin tikilməsi qərarına XX əsrin 20-ci illərinin ikinci yarısında gəlinib. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilib. Proses 30-cu illərin əvvəllərinə kimi uzanıb və 1932-ci ildə müsabiqə elan edilib. İki illik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşib. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak ediblər. Onların əsərləri bu günə kimi ən layiqli əsərlər sırasındadır. Lakin məlum səbəblər üzündən həmin layihə təsdiqlənməyib.
Tanınmış memar Nəriman Əliyev Hökumət Evi haqda Modern.az-a danışarkən bildirmişdi ki, Mikayıl Hüseynov və Sadıq Dadaşovun layihəsi daha təkmil və əzəmətli olub. Lakin Moskvanın yaratdığı münsiflər heyəti müsabiqədə birinci yeri Lev Rudnevə verib.
Binanın layihəsi təsdiqləndikdən sonra onun tikintisi üçün xüsusi yer seçmək lazım gəlib. Şəhərin Qərb zonasından Şərqə doğru inkişaf etdiyini nəzərə alaraq, mərkəzdə belə bir binanın tikilməsi məqsədəuyğun hesab edilib. Bu məqsədlə, mərkəzdə 6 hektarlıq meydan seçilib. Qeyd edək ki, binanın qarşısında olan və hazırda "Azadlıq" adlanan meydan bütün keçmiş SSRİ ərazisində böyüklüyünə görə yeganədir. (İkinci belə bir meydan isə Belarusun paytaxtı Minsk şəhərindədir. Lakin o meydanının ərazisi bizim “Azadlıq” meydanından bir qədər azdır. Həmin meydanın ərazisi 6 hektara yaxındır).
Hökumət Evinin tikiləcəyi ərazi müəyyənləşdikdən sonra 13 mərtəbəli bina inşası barədə qərar təsdiqlənib. Lakin bu zaman təsdiq olunan layihədə nöqsanlar üzə çıxıb. Belə ki, 1931-ci ildə dövlətin verdiyi qərara görə, Azərbaycanda tikilən memarlıq əsərlərində millilik xüsusiyyəti əks olunmalı idi. Lakin rus memarının hazırladığı layihədə belə xüsusiyyətlər yox idi. Buna görə də binanın ilkin formasında kiçik dəyişikliklər etmək qərarına gəliblər.
İndi binada gördüyümüz çıxıntılar - dənizə tərəf olan tinlərdəki tağlar, məhz həmin dəyişikliyin nəticəsidir. Tağlar əvvəlcədən layihədə olmayıb. Layihə ölkənin millilik ornamentlərinin zəruriliyi qərarına görə dəyişdirilib. Diqqətlə fikir versək, görərik ki, 13 mərtəbəli binada yalnız 3 mərtəbəli tağ var. Düzdür, bu, o qədər də dəhşətli səhv sayılmasa da, memarlıq baxımından savadsızlığa yol verilib. Tağların ətrafında yaranan eyvanların heç birinə, binanın heç bir mərtəbəsindən və ya otağından çıxışın olmaması da həmin savadsızlığın nəticələrindən biridir.
Buradan belə bir nəticəyə gəlmək olar ki, həmin eyvanlar sadəcə olaraq, görkəm xatirinə - millilik xüsusiyyəti yaratmaq üçün inşa edilib.
Binanın inşasına 1934-cü ildə start verilsə də, İkinci Dünya Müharibəsinin başlanması bu sahədə gedən işləri yarımçıq qoyur. 1945-ci ildə İkinci Dünya Müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatandan sonra yarımçıq qalan binanın tikinti işləri yenidən bərpa edilir. Nəhayət, 1952-ci ildə bu binanın tikintisi başa çatır. Layihənin ilkin variantında 13 mərtəbədən ibarət olması planlaşdırılan binanın son 3 mərtəbəsi təxirə salınır.
O zaman Hökümət Evininin tikintisinə İkinci Dünya Müharibəsində sovetlərə əsir düşmüş alman əsgərləri də cəlb edilib. Faşist əsgərlərinin binanın tikintisində iştirak etməsi tarixin danılmaz faktıdır.
Hazırda Azadlıq meydanında ucalan tarixi memarlıq abidəsi 10 mərtəbədən ibarətdir. Binanın sahəsi isə təxminən 2 hektara yaxındır.
Prezident Sarayı - 1977-ci ildə inşasına başlanılıb və 1986 –cı ildə istifadəyə verilib. Prezident Sarayı mərmər və qranit üzlüklü 12 mərtəbəli müasir üslubda tikilən binadır. Modern üslubda tikilən binanın layihə rəhbəri Fuad Orucov, memarı Tahir Allahverdiyev, konstrukturu isə Mədət Xələfov olub. Prezident Sarayının əsas memarlıq xüsusiyyəti sərt sadəlikdə möhtəşəmliyin təcəssümüdür. Bu cür memarlıq üslubunda inşa edilən binalar gözə qətiyyən yoruculuq gətirmir, hündürlüyü ilə arxitektor görünüşünə xüsusi rəng qatır.
Konstitutsiya Məhkəməsinin binası - Gənclər meydanında Qoşa qala qapısına yaxın olan bina milyonçu Hacıbaba Haşımovun evi olub. Klassik üslubda tikilən bina fasaddan dörd mərtəbəlidir. Tamaşa salonu üçüncü qatdadır. Sovetlər dönəmində “Siyasi Maarif Evi” adlanırdı. Məşhur milyonçu bu binanın o zaman əsas fəaliyyət yerləri və qazanc məkanları Bakı olan rus memarlarına tikdirib. Bina yeni tikildiyi zamanlarda köhnə bakılılar tərfindən “Haşımovun evi” adlandırılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin binası – Paytaxt meriyasının yerləşdiyi binanın memarı milliyətcə polyak olan İ.V.Qoslavski idi. Bu binanın inşasında barokko motivlərindən istifadə edib. Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmər gətirilib.
Memar klassik kompozisiya sxeminə riayət edərək, binanı simmetrik tikib. Binada Bakı şəhərinin gerbi bugünədək qorunub saxlanılır. Bina 1900-1904-cü illər ərzində tikilib.
Azərbaycan Milli Elmlər Akademiyasını və onun elmi-tədqiqat institutlarının böyük bir hissəsi keçən əsrin 60-cı illərində memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilib. Binalar klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirib.
Elmin NURİ