Son bir həftədə ölkədə xarici valyutaya olan təlabat yenidən artıb.
Modern.az saytı xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) açıqlamasında dəyişikliyin daxili valyuta bazarında gedən proseslərlə əlaqədar olmadığını bildirib. Belə ki, daxili valyuta bazarında vəziyyət tam nəzarət altındadır və tələb-təklif tarazlığı təmin olunur. Sadəcə, Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi çərçivəsində həyata keçirilməsi ilə əlaqədar beynəlxalq valyuta bazarında avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən milli valyutanın məzənnəsinə ötürülür.
Bankdan deyilib ki, son günlər ərzində dünya bazarında ABŞ dollarının avroya qarşı məzənnəsinin yüksəlməsi müşahidə edilir. Bu əsasən onunla izah edilir ki, Avropa Mərkəzi Bankı monetar genişlənmə proqramının həyata keçirilməsini davam etdirdiyi şəraitdə ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən əsas faiz dərəcəsinin yüksəldiləcəyi ehtimalı ilə bağlı məlumatlar yayılıb. Dünya bazarında müşahidə edilən bu proseslər fonunda manatın ABŞ dollarına qarşı məzənnəsində də yumşaq gündəlik dəyişmə baş verib.AMB-dən bildiriblər ki, bir müddət əvvəl isə bu prosesin əksinə olaraq, dünya valyuta bazarlarında ABŞ dollarının məzənnəsinin avroya qarşı zəifləməsi nəticəsində ölkəmizdə də bu xarici valyutanın manata qarşı məzənnəsində ucuzlaşma müşahidə olunmuşdu:
"Belə ki, dolların manata qarşı rəsmi məzənnəsi bu il sentyabrın 15-də hətta 1,0469-dək ucuzlaşmışdı. Yəni normal bazar prosesi baş verir. O ki, qaldı valyutadəyişmə məntəqələrinə, Mərkəzi Bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi üzrə mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır".
Bu gün isə valyuta siyasətində dəyişiklik olub və AMB hər iki valyutanın, həm dollar, həm də avronun məzənnəsini artırıb. Bu siyasət bir neçə gün davam edərsə, artıq manatın yumşaq devalvasiyasına start verildiyini demək olar. Dolların daha da yüksələcəyini proqnozlaşdıran əhali yenidən çox güclü olmasa da, valyuta alışını artırıb.
Nəticədə, dolların valyutadəyişmə məntəqələrinə satış məzənnəsi 1,0535-1,0580 AZN/USD-yə yüksəlib. Mərkəzi Bank dünən valyuta bazarında 93,9 milqon dollarlıq intervensiya həyata keçirib.
Məsələyə münasibət bildirən iqtisadçı Samir Əliyev isə mətbuata açıqlamasında vurğulayıb ki, hal-hazırki bahalaşmanı devalvasiya hesab etmək mümkün olmasa da, ölkədə yumşaq devalvasiyanın olacağı gözləniləndir: “Əslində bu gün dünyada dolların bahalaşması prosesi gedir. Əsas valyutalar dollara nisbətdə ucuzlaşır. Düşünürəm ki, Azərbaycanda dolların bahalaşması daha çox texniki bahalaşmadır. Yəni mən bunu heç də yumşaq devalvasiya kimi qiymətləndirmirəm. Düzünü desəm, Azərbaycanda nə vaxtsa yumşaq devalvasiyanın olacağını gözləyirəm.
Bu hökümətin qərarı ilə baş verən zəruri bir prosesdir. Lakin bugünkü situasiya devalvasiyanın olacağını diqtə edir. Hər halda qərarı hökümət verəcək. Bu gün dünya bazarında baş verənləri, dolların bahalaşmasını bunu tələb edir. Ola bilsin ki, sabah dollar ucuzlaşsın və biz Azərbaycanda da bu ucuzlaşmasını müşahidə edək.
Dünəndən başlayaraq dolların qiymətinin artması yumşaq devalvasiya deyil, amma gələcəkdə Azərbaycanda yumşaq devalvasiyanın olacağını istisna da etmirəm. Əgər Azərbaycanda yumşaq devalvasiya baş verərsə, bu devalvasiya ya sərt, ya da ucuzlaşma ola bilər. Mən hər bir halda yumşaq devalvasiyanın tərəfdarıyam. Sərt devalvasiya olarsa, ucuzlaşma ən aşağı 20-30% olacaq. Yumşaq devalvasiya olarsa, bu ay ərzində təxminən 3-5% arasında dəyişə bilər. Yumşaq devalvasiya tədricən baş verən prosesdir”.
Modern.az