Modern.az

“Kitabi-Dədə Qorqud”: oxuduqlarım, gördüklərim, eşitdiklərim

“Kitabi-Dədə Qorqud”: oxuduqlarım, gördüklərim, eşitdiklərim

12 Noyabr 2015, 11:20

filologiya üzrə elmlər doktoru, professor

 “Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olan Drezden və Vatikan nüsxələrini indiyə qədər hər kəs görməyib, əlinə almayıbdır. Ancaq görənlər, əlinə alanlar, onunla üz-üzə dayanıb, nəfəs-nəfəsə duranlar da olubdur. Təbii ki, onların sayı çox azdır. Belələrindən biri də Samir Tağıyev olmuşdur. Bu həmyerlimiz Türkiyədə çalışıb və tale elə gətirib ki, Drezdendə olarkən Drezden nüsxəsini gözləri ilə görüb, əlinə alıb və onunla üz-üzə dayanmaq şərəfinə nail olubdur. Bunu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev Bilik Fondunun Dədə Qorqudla bağlı təşkil etdiyi tədbirdə söylədi. O, vaxtilə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlərdə xarici ölkələrə gedən nümayəndə heyətinin rəhbəri kimi Drezdendə olmuşdur. Drezden kitabxanasında olarkən görmüşdür ki, kitabxananın xatirə kitabında belə sözlər yazılıb: “Mən xoşbəxtəm ki, Dədə Qorqudu əlimə aldım, onu gördüm”. Bu cümləni Drezden kitabxanasındakı xatirə kitabına 1978-ci ildə Samir Tağıyev yazmışdır.


“Kitabi-Dədə Qorqud”un izləri torpağımızın hər qarışında, yurd yerlərimizin hər birində qorunub saxlanılır. Dastandakı adlar övladlarımıza ad kimi verilir. Oradakı bəy və xanım adlarının əksəriyyəti dilin lüğət tərkibinin fəal fonduna daxil olur. Təsadüfi deyil ki, Qaraca Çoban obrazı vaxtilə professor Əbdüləzəl Dəmirçizadənin “Qaraca Çoban” pyesini yaratdı. Qaraca sözü şəxs adı kimi işləndi. Bu söz yer-yurd adlarında qorunub saxlanıldı. Hətta Xocavənd rayonunda Nərgiztəpə deyilən ərazidə Qaraca Çobanın qəbri aşkarlandı. Bu qəbrin ətrafında xeyli sayda iri daşlar  var. Bu daşlar deyilənlərə görə, o vaxt Qaraca Çobanın sapanda qoyub atdığı daşlar olubdur. Deyilənlərə görə, Dədə Qorqud dövründə Qaraca Çoban Salur Qazanın qoyun sürülərini yağılardan qorumaq üçün sapanda bu iri daşları qoyub düşmənlərin üstünə yağdırıbdır. O, bu daşlar qurtardıqdan sonra qoyunları bir-bir sapanda qoyub və yağıların üstünə atıbdır. Yaxşı ki, Nərgiztəpə deyilən ərazi və Qaraca Çobanın qəbri, qəbrin ətrafındakı daşlar sənədli bir filmdə öz əksini tapıbdır. Yeri gəlmişkən daş abidələr, çoban obrazı və onun daşa dönməsi ilə bağlı abidələr türklərin yaşadığı müxtəlif ərazilərdə də vardır. Məsələn, Qırğızıstan ərazisində olan qoç, qoyun heykəlləri, yaxud mən uşaqlıqda öz gözlərimlə gördüyüm qoç heykəllər buna ən bariz nümunələrdir. Mən qoç heykəlləri Amasiya rayonunun Ellərkənd kəndində görmüşəm. Ermənilər bu qoç heykəllərini XX əsrin 70-ci illərinin sonu, 80-cı illərin əvvəllərində o vaxtkı Leninakan, indiki Gümrü şəhərindəki muzeyə apardılar. O vaxt insanlar, yerli camaat (azərbaycanlılar) ermənilərin bu məqsədinin mahiyyətini başa düşmürdü. İndi bu məqsədin arxasında nəyin dayandığını hər bir kəs başa düşür. Xüsusilə bir hadisə qoç, qoyun heykəllərinin mahiyyəti barədə əsl həqiqəti mənə də anlatdı. Bu hadisə Qırğızıstana elmi konfransa gedən zaman baş verdi. Belə ki, 1992-ci ildə Qırğızıstanda elmi konfransda olarkən çoxlu sayda daşdan olan qoyun heykəllərini gördüm. Qoyun kultu, qoyuna səcdə vaxtilə hun babalarımızda da olubdur. Bahəddin Ögəlin “Böyük hun imperiyası” əsərində də “qoyun kultu” barədə xeyli bilgi vardır. Yeri gəlmişkən, onu da qeyd edək ki, Amasiya rayonunun Ellərkənd kəndində dağ yolu ilə Axılkələk, Əsmincə, Adıgey – bir sözlə, repressiya olunana qədər Mesxeti türklərinin yaşadığı əraziyə doğru gedərkən qəribə bir mənzərə vardı. Burada daşdan çoban və qoyun heykəlləri insanın diqqətini cəlb edirdi. Yəqin ki, həmin daş heykəllər gözdən və könüldən uzaq bir yerdə olduğu üçün ermənilərin diqqətindən yayınırdı. Əks təqdirdə, ermənilər həmin daş heykəlləri ya uçurdar, ya məhv edər, ya da muzeyə qoymaq adı ilə aparardılar. Bəlkə də həmin daş heykəlləri indi dağıdıblar. Nə isə... Həmin daş heykəllərin görünüşü belə idi: Daşdan olan çoban heykəli qoyun heykəllərinin düz ortasında dayanmışdı. Çobanın əynində yapıncısı, ətrafında isə daşdan olan qoyunlar vardı. Yaşlı adamlar bu qəribə mənzərə haqqında belə deyirdilər ki, guya qədimdə çoban öz sürüsü ilə daşa çevrilibdir. Mifik təsəvvürlərə görə, çoban və onun sürüsü düşmən əlinə keçməsin deyə daşa çevrilmişdir. Hər halda belə daş abidələr, türkün yaşadığı ərazilərdə az deyildir. Oğuz türklərinin, o cümlədən Cənubi Qafqazdakı türklərin, azərbaycanlıların yaşadıqları ərazilərdə belə faktları toplayıb sistemə salmaq tarixi həqiqətləri bərpa etməkdir.

Azərbaycanlıların yaşadıqları müxtəlif ərazilərdə daşdan qoç, qoyun heykəlləri vardır. Məsələn, Sisyan və Qafan rayonlarında qədim dövrlərə məxsus qoç heykəlli qəbir daşları olmuşdur. Məsələn, Sisyan rayonunun Ərəfsə kəndinin ərazisində üstü alban əlifbası ilə yazılmış qəbir daşları, üstü ərəb əlifbası ilə yazılmış erkən orta əsrlərə məxsus qoç heykəlli qəbir daşları qədimlikdən xəbər verir (bax: “Zəngəzurun səsi” qəzeti. № 06-07 (240-241), 13 fevral 2015-ci il, s.12). Bir sözlə, ermənilərin daşdan olan abidələri muzeyə aparmaq adı ilə məhv etmələri tarixi, məhz türkün tarixini məhv etmək məqsədinə xidmət etmişdir.

Türklərdə at, qoyun kult səviyyəsində olubdur. Ona görə kult səviyyəsində olub ki, türklər atdan, qoyundan faydalanıblar. Məsələn, atın, qoyunun ətindən, südündən istifadə ediblər. Türklər atı təkcə minmək, çapmaq üçün deyil, həm də südündən kımız hazırlamaq üçün istifadə ediblər. Türklər dəvə südündən də içki hazırlayıblar. Dəvə südündən hazırlanan içkinin adı kımran olubdur.

Kımız, kımran, ayran qədim türklərin istifadə etdiyi içki növləri olubdur. Bunlardan kımız, kımran eyni etimoloji (kım-) mənbədəndir. Kımranayran sözləri eyni strukturda və modeldə formalaşmış sözlərdir (kım-ran, ay-ran).

Kımız, kımran daha çox qıpçaq türklərinin istifadə etdiyi içki növü olsa da, ayran oğuz türklərinin hazırladıqları və istifadə etdikləri ağartı məhsullarından olmuşdur. Bunlardan kımızayran hal-hazırda içki növü kimi istifadə edilir. Kımızdan qıpçaq türkləri, ayrandan oğuz türkləri gen-bol indi də istifadə edirlər.

Daşa daş kimi baxmaq olmaz. Dünyadakı daşlar həm də tarixdir. Daşa tarix kimi baxmaq lazımdır. Bunu daş üzərinə həkk olunmuş rəsmlər, yazılar da təsdiq edir. Orxon-Yenisey, Qobustan, Gəmiqaya yazılı abidələri buna sübutdur. Dünyada çox şeylər dəyişir, yox olur. Daşlar isə, demək olar ki, elə daş olaraq qalır. Axtarsan onların yaşı ağacların yaşından da böyükdür. Axtarsan görərsən ki, o daşların başına nələr gəlib. O daşlar nələr görüb. Bəlkə o daşlar gördüklərindən qorxaraq dilləri tutulub, lal olublar, daş olublar. Özündə tarixi yaşadan belə daşlar çoxdur. Yadımdadır ki, uşaq olanda belə daşları ziyarətgaha çevirən nənələrimiz, babalarımız daşlardan çox şeylər danışardılar. Daş ziyarətgahlara gedər, ora nəzir-niyaz edib, dualar qılardılar. Bu mənada yuxarıda qeyd etdiyimiz  daş abidə barədə, yəni çobanın otardığı qoyunlarla birlikdə daşa çevrilməsi barədə çox danışardılar. Biri düz ortada çiynində yapınçı olan çobanı, digərləri isə onun ətrafında olan qoyunları əks etdirən daş abidə insanı heyrətləndirməyə bilmirdi. Bu doğrudanmı çobanın və qoyunların daşa çevrilməsi idi?! Yoxsa Allahın bir sehri, möcüzəsi idi?! Hər halda qeyri-adi bir mənzərə idi. İndi, gəl aç, görüm, bu mənzərənin sirrini, sehrini?!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu