Modern.az

Məmurların müdhiş cinayət dosyesi QHT məhbuslarını azadlığa qovuşdurur

Məmurların müdhiş cinayət dosyesi QHT məhbuslarını azadlığa qovuşdurur

13 Noyabr 2015, 12:40

Ölkədə ciddi bir prosesin getməsinə şübhə olmayan, amma ictimai rəyə  bütün incəliklərinə qədər açılmayan qaranlıq məsələlər daha iri bir siyasi fiquru da “uddu”- hakim elitanın sırasından bu dəfə Əli Abbasov çıxarıldı.

MTN, həmçinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin personalından zindana gedən isimlərin cərgəsi də durmadan artır.

Və nəhayət,  bu zəncirvari hadisələrə təsadüf edən, ev dustaqlığı ilə  şərtlənən bir azadlıq xəbəri gəldi-həm dələduzluq, həm də dövlətə xəyanət maddəsi ilə 7 il azadlıqdan məhrum edilən Arif Yunus qaranlıqdan qəfil işığa çıxdı. Üstəlik, sıradakının Leyla Yunus olacağına və bəlkə də daha bir neçə QHT məhbusunun yaxşı aqibəti ilə bağlı  ehtimallar gücləndi.   

Bir tərəfdən, hakimiyyəti içdən gəmirən, özünün qanunsuz əməlləri ilə onun altına partlayıcı minalar yerləşdirən yırtıcı məmurlar cəzasını alır, digər tərəfdən, beynəlxalq təşkilatların oyununda iştirak şübhəsi daşıyan  məhbuslara münasibət yumşalır.  Sinxron olaraq həbsxanalara bir qapıdan komanda üzvlərinin girişi və digər qapıdan müstəqil insanların çıxışı arasında sanki bir əlaqə var.  Nə baş verir?

Vətəndaş cəmiyyətinə qarşı atılan radikal addımlar indi kreslodan düşən məmurların da daxil olduğu sistemi, dövlət aparatını mümkün təhlükələrdən qorumaq siyasətinə xidmət edirdi. Fitri düşmənin ocağın düz başında oturması təsəvvürə gəlməyən bir halda, xarici maliyyədən asılı vətəndaş cəmiyyəti siyasi rəhbərliyə dövlət maraqlarına təhlükənin əsas mənbəyi kimi göstərilirdi. Müstəqil QHT sektoru kütləvi şəkildə cəzalanırkən, gerçək və qatı düşmən hakimiyyətin ayağının altını qazan min cür həngamələrdən çıxır, iqtidara müxalif QHT-lərin vura biləcəyi zərbənin daha betərini hazırlayırdı.

Deməli, QHT sektorunun bəzi isimləri ittiham olunduqları maddələrin mahiyyəti üzrə həbsxanada, hardasa, hakimiyyətin içərisində ifşa olunan siyasi dələduzların, hakimiyyətə və dövlətə xəyanət edənlərin yerinə cəza çəkirlər. Yəni, məmurların ortaya tökülən cinayət əməlləri kimin bu dövlət və hakimiyyət üçün daha pis düşmən olması suallarına gözəl aydınlıq gətirir. 

 

Kim zəmanət verə bilər ki, az qala bütün şübhəli məsələlərin, qoluna qandal taxılan bəzi insanların məhbusluq həyatının altından çıxan, öz simasını ləkəyən MTN QHT sektorunun fəaliyyətinin məqsədyönlü iflic edilməsində və onun kəskin  düşmən obrazının formalaşmasında  da rol oynamayıb? Onların həbsi müqabilində özünün dövlətçiliyə zərərli  əməllərini gizlətməyə çalışmayıb?

Axı bütün bu məsələlərə nəzarət və məruzə səlahiyyəti də  MTN –nin ixtiyarında olan məsələ idi. Quldur psixologiyası ilə hamını çapıb- talayan kəşfiyyat və  əks-kəşfiyyat qurumu heç ola bilməz ki, QHT-lərin fəaliyyətinin araşdırılması məsələsində dürüstlük prinsipinə sadiq qalıb.  Əgər dövlətə  xəyanət maddəsi məhbusa ev dustaqlığı şərti ilə azadlıq imtiyazını tanıya bilibsə, deməli  belə cinayət  dosyelərində hansısa yanlışlıqların mövcudluğu istisna deyil. 

Sandıqlar açıldıqca, pambıqlar töküləcək və hələlik bir QHT məhbusunun gözlənilmədən azadlıq havasını içinə çəkməsi komanda daxilindəki çirkin oyunların de- şifrə edilməsi ilə neçə həftədir, sarsılan cəmiyyətə xoş mesajlar, pozitiv  emosiyalar vermək, məmurları haqlı cəzalandıran radikal addımlara tarazlıq olsun deyə,  cəmiyyətin aktiv kəsiminə yönəlik loyal qərarlar çıxarmaq,  bu məsələlər ucbatından yaranan beynəlxalq aləmlə gərginliyi yeni təzahür edən mənfi situasiyalara alternativ əlavə bir gərginlik kimi saxlamaq istəməmək niyyətlərinə xidmət edir. Əsl düşməni harda axtarmaq həqiqəti ortaya çıxdığı bir şəraitdə, əlbəttə ki,  vətəndaş cəmiyyətinin hamısına deyə bilməsək də, bir sıra üzvlərinə yeni yanaşma tələb olunmalıdır.

...Məmurlarin müdhiş cinayət dosyesinin QHT məhbusunun azadlığında bir səbəb daşımaması o zaman inandırıcı ola bilərdi ki, sağlamlığında ciddi problem yaşayan  ictimai-siyasi fəal dustaqların hər birinin içindəki azadlıq yanğısı çoxdan söndürülmüş olaydı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu