Ağdam Çay evi haqqında kifayət qədər araşdırma apardığımdan və bu istiqamətdə mənim üçün hər hansı qaranlıq məqam qalmadığından, fikirləşirdim ki, bir daha bu mövzuya toxunmaram. Amma yanılmışam...
Bu günlərdə dostum Tahir Ağaməmmədovun sözün həqiqi mənasında kəşf etdiyi Sərvər Abdullayevin yaratdığı əsərlər diqqətimi çəkdiyindən mövzuya yenidən qayıdası oldum...
Növbəti dəfə doğma kəndimə gəlişimin bir məqsədi də məhz gənc ağdamlıyla tanış olmaq, əsərlərini yaxından görmək və qiymət vermək idi.
Əslən Ağdamın Zəngişalı kəndindən olan Abdullayevlər Azərbaycan mədəniyyətinə Vahid, Sabir və Cabir kimi sənət adamlarını bəxş edib. Qəhrəmanım Sərvər isə məhz bu tanınmışların qardaşı İnqilabın oğludur. Sərvərin qardaşı hazırda “Asəf Zeynallı”da oxusa da, özü orta təhsillidir. Atası İnqilab kişinin də gözəl səsi var...
Sərvərlə söhbət edirəm...
“Çay evi”nin maketinin düzəldilməsinə altı ay vaxt sərf etdiyini deyir. On iki minə yaxın kibrit çöpündən istifadə edib. Çardağını isə ağ sinkləşdirilmiş metaldan ustalıqla düzəldə bilib.
Şuşadakı “Kövhər ağa” məscidi, saat, şəkil çərçivəsi, uşaq bağçası, “Qız qalası” əsərlərini tamamlayıb.
“Uşaq bağçası”na 17 minə yaxın, “Qız qalası”nın maketinin düzəldilməsinə 10 minə yaxın kibrit çöpü istifadə etdiyini deyir. Atasından aldığı pulu yalnız əsərləri üçün mal-material almağa xərcləyir...
Maraqlı gəncdir. Həvəslidir.
Yaratmaq niyyətində olduğu əsərlər çoxdur: Ağdam Çörək muzeyi, Mədəniyyət evi, “Qutlu Musa” Türbəsinin eskizlərini hazırlayıb.
Hazırda monumental bir əsər üzərində iş aparır. Heydər Əliyev Mərkəzinin karkasını kartondan hazırlayıb. Fikrində bu əsəri çox ustalıqla tamamlamaqdır. Hər detalını yüz ölçüb bir dəfə biçir. Əsərə çox diqqətlə yanaşır...
Bu gün yaratdığı əsərlərin sayı azdır. Cəmi yeddi əsəri tamamlayıb. Amma az yaratsa da, sözün həqiqi mənasında ƏSƏR yaradıb.
Yaratdığı əsərləri sərgiləmək niyyətindədir. İlk olaraq Quzanlı qəsəbəsində inşa edilən Çay evində əsərlərini sərgiləmək niyyətində olsa da, əsas məqsədi Ağdamdakı Çay evində bu niyyətini həyata keçirməkdir. Qəhrəmanımın fikrincə gənclərimiz doğma torpaqlara çox bağlıdır:
-Mən Ağdam şəhərini görməsəmdə atamdan, əmilərimdən bu şəhərin füsunkar gözəllikləri haqqında eşitdiyim xoş sözlər mənə bu şəhəri və torpağı sevdirib. Rəhmətlik Cahid əmim doğma torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub...
Beləliklə, qəhrəmanım danışır. Hərdən söhbətə atası İnqilabda qoşulur. Oğlunun necə həvəslə bu işə qoşulduğunu, hətta əmilərinin bu işdən xəbərləri olmadığını belə dilə gətirir...
***
Mənİ isə xəyallarım 28 il əvvələ aparmışdı. Fəxrimiz Xudu Məmmədovun təşəbbüsü, memar Naiq Səmədovun layihəsi və birinci katib Sadıq Murtuzayevin təşkilatçılığı ilə inşa edilən “Çay evi”nin birinci mərtəbəsində oturub həngəl sifarişi vermişdim...
Həqiqətən o dövrdəki həngəlin ayrı dadı, ayrı tamı var idi...
***
Qəhrəmanım göründüyü kimi kibrit çöplərindən maket düzəldir. İlk baxışda sadə görünsə də, yaratdığı əsərləri yüksək səviyyəli əl işləri hesab etmək olar. Xüsusəndə Ağdam “Çay evi”nin maketini.
Bu maketi elə ustalıqla düzəldib ki, əhsən deməyə məcbursan...
Bu gün Quzanlı qəsəbəsində yeni “Çay evi”ni inşa etməklə, gənclərimizə Ağdamın müasir simvolunu qaytardıq.
Yüz faiz əminəm ki, məhz belə bir “Çay evi”ni öz əvvəlki yerində inşa etməklə hər bir özünü Azərbaycan vətəndaşı hesab edənlərin, habelə qəhrəmanımın xəyallarını gerçəkləşdirə biləcəyik.
Xəyallarımızın gerçəkləşməsi isə zaman tələb edir...