XX əsrin əvvəllərində Gürcüstandan zorla köçürülən Ahısxa türklərinin geri qaytarılması məsələsi bir müddət gündəmdə olan məsələ idi və bununla bağlı nə qədər insanın vətənə qayıtdıqları açıqlanırdı. Lakin uzun müddətdir ki, Ahısxa türklərindən daha neçə ailənin Gürcüstana getdiyi məlum deyil. Modern.az vaxtilə zorla köçürülmüş türklərin geri qaytarılması işinin nə yerdə olduğunu və neçə ailənin vətənə qayıtdığını öyrənməyə çalışıb.
Azərbaycandakı Ahısxa türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov Modern.az-a açıqlamasında bildirib ki, Gürcüstandan sürgün olunmuş şəxslərin vətənə geri dönmələri haqqında Gürcüstan tərəfindən qanun qəbul edilib.
Qanuna əsasən, geri dönmək istəyən şəxslər lazımi sənədlərlə birgə 4 səhifəlik 33 maddədən ibarət ərizə ilə Gürcüstana müraciət etməlidir. 2008-2009-cu illərdə təxminən 13 minə yaxın ailədən lazımi sənədlər toplanaraq təqdim olunub.
Eyni zamanda da tələb olunan sənədlər notariusda ingilis və ya türk dilinə tərcümə olunaraq Gürcüstana göndərilməlidir.
İbrahim Burhanov onu da bildirib ki, qanun əsasında müraciətlər edilib:
“Qanunda müəyyən olunan müddət az olduğundan biz, 13 min ailədən yalnız 5428-nin müraciətini Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim edə bildik. Həmin qanun əsasında da Gürcüstan dövləti müraciətlərimizə baxaraq ailələrə repatriant statusu verməyə başladı. Bu günə kimi Azərbaycanda yaşayan Ahısxa türkləri arasında təxminən 1800-ə yaxın repatriant statusu alanlar var.
Azərbaycanda yaşamasına baxmayaraq, artıq 479 nəfərə Gürcüstan vətəndaşlığı verilib. Bu statusların verilməsi hələ də davam edir və artıq vətəndaşlıq almış şəxslərə Gürcüstana köç edib, vətəndaşlıq pasportu alaraq sərbəst şəkildə yaşamaq hüququ verilib.
Lakin bu gün insanların orada ev almaq imkanı olmadığından, geri dönüş prosesi bir qədər ləngiməkdədir. Kimin imkanı varsa, gedib ev alaraq öz yaşayışlarını orada davam etdirə bilir”.
Vüsalə Qəzənfərqızı