Modern.az

Dünya Sakit: “Jurnalistikadan yoldaşımın təklifi ilə uzaqlaşdım...”

Dünya Sakit: “Jurnalistikadan yoldaşımın təklifi ilə uzaqlaşdım...”

Media

13 Noyabr 2015, 16:39

Bir vaxtlar ən aktiv jurnalistik kimi fəaliyyət göstərən Dünya Sakitin doğum günüdür.

Modern.az saytı ad günü ərəfəsində Dünya Sakitlə söhbətləşib:

- Dünya xanım, uzun illər aktiv jurnalistikada olmusunuz, indi bu cameədan uzaq olmaq sizin üçün çətin deyilmi?

- Əslində mən jurnalist cameəsindən uzaqlaşmamışam. 1998-ci ildən 2006-cı ildək “Yeni Müsavat” qəzetində işləmişəm. Aktiv jurnalistikaya 2000-ci ildə başlamışam. “Yeni Müsavat”da korrektor işləyirdim, o zaman qəzetin redaktoru Şirzad Məmmədli bir məlumat yazmağımı xahiş etdi. Telefonla deyilən bir məlumatı xəbərə çevirib verdim ona. Baxdı və korrektor otağına gəlib zarafatla “a qıvlasız, sənin yamanca yazmağın varmış, nə oturmusan burda, keç jurnalistikaya” dedi.

Daha sonra mənə bir neçə mövzu da tapşırdı, işləyib verdim informasiya işlərinə məsul olan Etibar Cəbrayıloğluna. O da baxdı, çox bəyəndi və bildirdi ki, informasiya dilim çox gözəldir.

Beləcə, başladım əvvəlcə qısa xəbərlər, sonra iri mövzular işləməyə. Bir qədər keçmiş Rauf Arifoğlunun təklifi ilə səhər planlaşma iclaslarına qatıldım. Həmin arada “Yeni Müsavat”da sosial-iqtisadi sahədə yazarlara ehtiyac vardı, mən də o istiqamətə üz tutdum. İllər keçdikcə iqtisadiyyat sahəsinə marağım artdı, bacardığım qədər öyrəndim  bu sahəni. Həmin illərdə iqtisadiyyat sahəsində peşəkar jurnalistlər vardı - Əli Əhmədov, Anar Cəbrayılov, Vüsal Qasımlı, Şahin Məmmədov, İlham Şaban, Rövşən Ağayev və adlarını çəkmədiyim digərləri. Onların əhatəsində işləyib bilmədən nəsə yazmaq mümkün deyildi. Eyni zamanda çox dəyərli iqtisadçı-ekspertlərimiz olan Qubad İbadoğlu, Azər Mehtiyev, Əli Məsimli və digərləri jurnalistlərə çox dəstək olurdular.

2006-cı ilədək “Yeni Müsavat”da işlədim. Orada iş çox qaynar idi-bir gündə 2-3 tədbirə gedib, redaksiyaya qayıdıb hamısını yazırdım, üstəlik, planlaşma zamanı verilən mövzuları da işləyirdim.

2006-ci ildən isə keçdim İqtisadi Tədqiqatlar Mərkəzinə. Qubad İbadoğlunun rəhbərlik etdiyi mərkəzin informasiya işlərinə baxırdım, eyni zamanda müxtəlif layihələrdə araşdırma qrupunun üzvü olaraq çalışırdım. Yəni aktiv jurnalistlik etməsəm də, araşdırmalarımı davam etdirir, fasilələrlə də olsa çap olunurdum. Tədbirlərimiz olurdu, jurnalistlərlə sıx təmasdaydım. Bu çevrədəki prosesləri yaxından izləyirdim.

- Hazırda nə işlə məşğulsunuz?

- İki ildir evdəyəm. Analıq məzuniyyətinə çıxdım, o müddətdə də təşkilatın fəaliyyəti dayandı. Hazırda rəsmən işsizəm. Amma bir dostumuzun xahişi ilə onun saytına baxıram -admin işini aparıram. Bu iş elədir ki, əksər informasiya resurslarını izləməli olursan. Bu o deməkdir ki, hazırda aktiv jurnalistlik etməsəm də, bir qazanda qaynayırıq. Eyni zamanda imkan düşdükcə QHT cameəsindəki dostların layihələrində işləyirəm, bundan əlavə, böyük bir layihədə ekspert qrupunun üzvü və əlaqələndiricisiyəm. Bir işim də bacım Həbibə Abdullanın Afn.az saytına dəstək verməkdir. Bunların üzərinə 2 uşağa, ev-eşiyə baxmağı da əlavə etsək, hazırda məndən də məşğul insan olduğunu düşünmürəm.


- Dünya Sakitin bir günü necə keçir? Ana olduğunuza, həm də evdən işlədiyinizə görə çətin olar yəqin...

- Günə səhər saat 8-in yarısında durub uşaqlara səhər yeməyi hazırlamaqla başlayıram. Onları rahatlayıb kompüterin arxasında otururam, arada onlara günorta yeməyi vermək, qulluqlarında durmaq- heç xəbərim olmur ki, axşam necə gəldi. Axşam 6-dan sonra sabahın yeməklərini bişirmək, uşaqların axşam yeməyi, ondan sonra isə layihələrdəki işlərim üçün yenidən kompüter arxasında oturmaq. Gecə saat 2-nin yarısından tez yatdığım axırıncı dəfə nə vaxt olub-xatırlamıram. Bu qədər işlərin öhdəsindən gəlməyimdə, əlbəttə, yoldaşım böyük rol oynayır. O, mətbuat sahəsindən çox uzaq bir sahənin adamıdır. Amma biri-birimizi yaxşı başa düşürük. Evdə olanda gün ərzində uşaqların oynamaq həvəsini qarşılamaq, onları gəzdirmək, bir çox hallarda yatırtmaq onun səlahiyyətindədir. Uşaqlar onsuz yatmırlar. Eyni zamanda işə başım qarışıb yeməyi gecikdirəndə (təəssüf ki, tez-tez olur), hansısa digər işlər yubananda çox anlayışla qarşılayır. Düzünü deyim, yəqin ki, yoldaşım belə anlayışlı adam olmasaydı, bu işləri çatdıra bilməzdim. Buna görə ona təşəkkür edirəm. Necə deyərlər, birlikdə əl-ələ verib dolanırıq.

- Sirr deyilsə, jurnalistikadan uzaqlaşmanıza səbəb nə idi?

- Aktiv jurnalistikadan uzaqlaşmağım yoldaşımın təklifi ilə oldu. Mən də onun sözünü yerə salmadım. Xatırlayıram ki, işdən çıxmağım barədə ilk olaraq “Yeni Müsavat”ın baş redakator müavini olan Azər Ayxanla danışdım-səbəbini də açıq dedim. Rauf bəyə şəxsi məsələ olduğu üçün deməyə utandım. Azər əvvəlcə başqa səbəb olduğunu düşündü, maaşı artırmağı-filan təklif etdi. Amma onu inandıra bildim ki, məsələ maaşda-filanda deyil. “Yeni Müsavat”dan çıxdım, amma jurnalistikadan tam da uzaqlaşmadım.

Hələlik evdən işləmək mənim üçün sərf edən varinatdır-uşaqlar balacadılar. Böyük oğlumun 4 yaşına, kiçiyin isə 2 yaşına az qalıb. Onları bağçaya, yaxud başqa bir adama etibar etməyə cəsarət etmirəm düzü. Amma bir gün evdən işləmək imkanları tükənərsə, yaxud çox cəlbedici bir təklif olarsa, yəqin ki, imtina etmərəm. Çünki hardasa rəsmi müqavilə ilə işləmək, həm də əmək haqqı və sosial fonda ödənişin olması deməkdir ki, bu da gələcəkdə pensiya ala bilməyim üçün çox vacibdir. Gördüyünüz kimi, mən pensiyamın da qeydinə qalıram.

- Dünya xanım, gündəlik olaraq mətbuatı izləyirsinizmi?

- Şübhəsiz. Admin işi, üstəlik, layihələr və tədqiqatlar istər-istəməz mətbuatı aktiv izləməyi tələb edir. Digər tərəfdən isə az qala 20 ilə yaxın bu sahədə və ona çox yaxın olmaq elə bir vərdiş yaradıb ki, hətta kənar sektorda olsam belə, mətbuatı izləməmək mümkün olmayacaq.

- Bugünki jurnalistikanı necə qiymələndirisiniz və necə görmək istəyərdiniz?

- Bugünkü jurnalistikanın səviyyəsi, əlbəttə, heç kimi qane etmir, o cümlədən də məni. Peşəkarlıq çox azalıb, qeyri-peşəkarlıq, mövzulara səthi yanaşma, bir çox hallarda isə qərəzli yanaşma önə çıxıb. Amma düşünmürəm ki, burada yalnız jurnalistlər günahkardır. Jurnalistika cəmiyyətdə baş verən dəyişikliklərə ən operativ reaksiya verən sahədir. Cəmiyyətimiz necədirsə, jurnalistikamız da o cürdür. Hamı jurnalistlərin reketçiliyindən danışır. Bir ölkədəki nazir reketçiliklə məşğul olur, o halda jurnalistdən nə gözləyəcəksən? Məmur jurnalistə normal material hazırlamaq üçün lazım olan məlumatları-hansı ki, qanunla o məlumatlar o məmurun rəhbəri olduğu qurumun internet saytında yerləşdirilməlidir-vermirsə, demək, özü şərait yaradır ki, onun barəsində təxəyyül məhsulları dərc olunsun. Yaxud reketlik edən saytlar, qəzetlərə baxın - ən çox o məmurların üstünə gedirlər ki, hansısa qanunsuz əməlin sahibidir və qorxusundan yazıların qarşısını almaq üçün pul verir.

Çox istəyərdim ki, mətbuatımız, jurnalistikamız heç olmasa 2002-ci ildəki səviyyəsinə qayıtsın – gücü və peşəkarlığı baxımından.


Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi