Azərbaycan kino məkanında son onilliklərə nisbətən 2010-cu ildən bu yana qismən də olsa, inkişaf hiss edilir. Bu, özünü keyfiyyətdə tam olmasa da, kəmiyyətdə açıq-aşkar göstərir. İstər rəsmi olaraq nazirlik xəttiylə, istərsə də bir neçə özəl qurumların və fərdi şəxslərin sifarişi ilə 10-dan çox film ekranlara buraxılıb. Onların arasında “Nabat”, “Çölçü” kimi filmlər müxtəlif festivalların qalibi olub.
Bütün bunlara baxmayaraq, Azərbaycan kinosunun müsbət inkişafından hələ ki danışmaq olmaz. Bunun təbii ki, əsas səbəbi büdcə ilə bağlıdır. Bir filmin istehsalı üçün lazım olan vəsait çatışmadığından işçi qrupu məcburən aşağı keyfiyyətli iş ortaya qoyur. Filmlərin bu cür olmasının əsas səbəbi isə həm də rejissorlarla bağlıdır. Bir zamanlar Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Adil İsgəndərov, Şamil Mahmudbəyov, Tofiq Tağızadə kimi rejissorlar SSRİ-nin ən peşəkar kino xadimlərindən sayılırdı. Onların ekranlaşdırdığı filmlər böyük büdcəyə malik olmasa da, uğur qazana bilirdi. Belə faktlardan çıxış edərək, bu gün keyfiyətli filmlərin çəkilməməsini bəzi rejissorların qeyri-peşəkarlığı ilə əlaqələndrmək də olar.
Xalq artisti, aktyor Tariyel Qasımov Modern.az saytına bu gün həqiqətən də güclü rejissor kadrların yetişmədiyini deyib:
“Bu gün hər hansı filmin pis vəziyyətdə olmasının əsas səbəbkarı rejissordur. Düzdü, burada ssenari və aktyor ustalığından da çox şey asılıdır. Amma kinonun əsas memarı onun rejissorudur. Niyə bizim o zamanlar çəkdiyimiz filmlər uğurlu alınırdı? Çünki onlar usta rejissorların əlindən çıxırdı. Biz o zaman bunu tam başa düşmürdük. Amma sonradan gördük ki, həqiqətən də böyük şedevr filmlərdir. Ona görə ki, onların çox usta rejissorları var idi. Amma indi uğurlu filmlərin alınmamasının əsas səbəbi həmin rejissorlarımızın olmamasıdır.
Sizə bir epizodu danışım: ötənlərdə məni bir seriala dəvət etdilər. İlk çəkiliş üçün getdim. Saat 10-da deyilmişdi. Mən də o vaxt getdim, amma görürəm ki, rejissor yoxdur. Soruşuram ki, bəs rejissor hanı? Etinasız cavab verirlər ki, indi gələr də… Bir də gördüm saat 11-ə qalmış iki nəfər gənc oğlan gəlib mənimlə görüşdü, üzrxahlıq etdilər ki, “Tariyel müəllim, bağışlayın ki, gec qaldıq”. Dedim “bala, siz kimsinizz?”. Biri cavab verdi ki, “rejissor mənəm”. Sual verdim ki, “sən hələ çox gəncsən, bu yaşda haranı bitirmisən ki?”. Dedi, “heç haranı bitirməmişəm, amma başımız çıxır”. Mən həmən oranı tərk etdim. Dedim, “yekə oğlansınız, bu nə deməkdir?!”. Bu gün İncəsənət Universitetində Oqtay Mirqasımov və onun kimi bir neçə sənətkarlar dərs deyir. Amma yenə də lazımı kadrlar ortaya çıxmır. Rejissorluğu oxuyan tələbənin praktikası daha çox olmalıdır. O nə isə çəkməlidir, nəyisə istehsal etməlidir. Bax bu şərait çox azdır”.
Əməkdar artist, rejissor-aktyor Nicat Kazımov isə bu məsələdə rejissorları qətiyyən günahlandırmır. Onun fikrincə, bu gün ümumən kino sektorunda ciddi problemlər var.
“Əslində kinonun zəif olmasının səbəbi hansısa rejissor deyil. Problem odur ki, Azərbaycan kinosu bu gün böhran yaşayır. Ümüd edək ki, düzələcək. O ki, qaldı rejissorlara- rejissorluq peşə deyil, alın yazısıdır”.
Rejissor Mahir Dərviş də konkret olaraq həmkarlarında günah görmür. Onun fikrincə, maddi problem deyilən bir çey var ki, başqa yaradıcı adamlar kimi, rejissorları da nəyəsə məcbur edir:
“Ümumiyyətlə, yaradıcı insanlar maddiyyatdan həmişə kənar olublar. Onlar maddiyyatı ancaq ehtiyaclarını ödəmək üçün, yaşayıb-yaratmaq üçün vasitə biliblər. Lakin maddiyyat onların yaradıcılığına bəzən mane də olub. Bu maddiyyat çox olduqda rejissor ya nəfsinə uyaraq bu peşəni qazanc mənbəyi edib, yaradıcılığa xələl gətirib, sənəti arxa plana çəkib. Maddiyyat az olduqda o da öz beyninin məhsulundan daha çox istifadə edərək, gözəl sənət əsəri yaratmağa cəhd göstərir. Bu əsl yaradıcı insanların taleyinə uyğundur. Onlar Tanrı tək, yoxdan var etmək qüdrətinə malik olmağa səy göstərirlər. Baxmayaraq ki, onların öz sosial vəziyyətləri qənatbəxş olmur. Lakin onlar peşələrinə xəyanət etmirlər. Yağ-bal içində bəslənən rejissorlar bu dadı gördükdə peşəni unudaraq maddiyyat dalınca qaçmağa başlayır və bu məqamda biz kinonun əcəlinin şahidi oluruq”.
Aktyor Anar Səfiyev isə rejissorlardan razı qalsa da, bir nöqsanlı detalı vurğulayır. Aktyorun sözlərinə görə, bəzən filmlərə peşəkar aktyorlar yox, həvəskarlar dəvət olunur: “Mən düşünürəm ki, kinoda qımıldanmaya, tərpənişə bənzər nələrsə baş verir... Zəif seriallar çəkilir, amma istedadlı rejissorlar da var. Bərbad filmlər hər zaman olub. Belə filmlər tez də itib gedəcək. Uğurlu filmlər çəkilir, sadəcə onları seyr etmək imkanı olmur...
Bir də bəzi filmlərdə peşəkar aktyorlar yox, kimlərsə çəkilir. Bu isə çox bərbaddı...”.
Kukla Teatrının baş rejissoru, bir çox filmlərdə aktyor kimi çəkilən Qurban Məsimov məsələyə tam fərqli baxır. O, ümumiyyətlə hər hansı rejissorun kinonu öldürdüyünü qəbul etmir: ““Kinonu öldürən rejissor” anlayışını qəbul etmirəm. Bu mümkün deyil. Uğursuz film tarixdə əriyir və qeybə çəkilir. Uğurluları isə mədəniyyət tariximizdə qalır.Nə qədər film çəkilsə, o qədər yaxşıdır. Zamanla hamısı ələnəcək.
Mədəniyyət sahəsində, xüsusən də kino xadimlərindən silsilə yazılar yazan jurnalist Əli Novruzəliyev isə qısa və sərt danışıb:
“Bəzi rejissorlar məşuqələrini, sevgililərini çəkməklə kino sahəsinə zərbə vururlar. Sənətkarlardan layiqincə istifadə olunmur. Məsələn mən Kənan MM-i rejissor hesab etmirəm. Teatrlarımızda super aktrisalar var ki, onlardan istifadə olunmur”.
Elmin NURİ