Noyabrın 16-da saat 16.30-dan sonra Azərbaycan məkanında internet çöküb. Ölkənin demək olar ki, əksər aparıcı internet provayderlərinin abunəçilərə verdiyi internet kəsilib.
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Mushfiq Əmirov Modern.az saytına açıqlamasında respublikada yaranmış internet problemini Delta Telecom-dan qaynaqlandığını bildirib.
Onun sözlərinə görə, Delta Telecom telekommunikasiya provayderinin xətlərində baş vermiş güclü yanğın ölkə ərazisində internetin kəsilməsinə səbəb olub. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovu söndürüblər.
Hazırda kabellərin bərpası istiqamətində iş aparılır. Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov da hadisə yerinə gedib. Axşam saatlarında internetin bərpa olunacağı gözlənilir.
Müşfiq Əmirov hadisənin təxribat olub-olmadığının araşdırıldığını vurğulayıb.
Aytən Zəhra