Modern.az

Nazir əvəzi müşavirə keçirdi: "Baş vermiş hadisələrdən nəticə çıxarmaq vacibdir"

Nazir əvəzi müşavirə keçirdi: "Baş vermiş hadisələrdən nəticə çıxarmaq vacibdir"

İqtisadiyyat

17 Noyabr 2015, 10:16

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunan müşavirə keçirilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, birlik və müəssisələrin video-bağlantı ilə qoşulduğu müşavirədə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini İltimas Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə Əli Abbasovun nazir vəzifəsindən azad edilməsini diqqətə çatdırıb.

O deyib ki, bu gün də cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatını yüksək səviyyədə təmin etmək üçün dünya təcrübəsi əsaslı şəkildə öyrənilir, sahə üzrə ən müasir yeniliklərin ölkədə tətbiqi imkanları dərindən araşdırılır: “Bununla belə, rabitə sahəsində qurulmuş və inkişaf edən düzgün texniki siyasətə baxmayaraq, nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların ayrı-ayrı məsul şəxsləri tərəfindən ciddi qanun pozuntuları üzrə baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparıldığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı faktları ilə əlaqədar ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Müşavirədə baş vermiş hadisələrdən nəticə çıxarmağın, əmək ahənginin normal saxlanılmasının və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkilinin vacibliyi qeyd olunub.

Müşavirənin sonunda İltimas Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin, eləcə də rabitə sahəsində bütün istiqamətlər üzrə profilaktik tədbirlərin daim diqqətdə saxlanılması, vətəndaş müraciətlərinin baxılmasının operativliyinin təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama