filologiya üzrə elmlər doktoru, professor
Azərbaycan dilində elçi daşı ifadəsi işlənir. Belə bir elçi daşı evimizin qabağında vardı. Mən onun elçi daşı olduğunu sonralar başa düşmüşəm. Təbii ki, uşaq olanda anlamamışam. Həmin daş uzun və kvadrat şəkilli böyük bir daş idi. Onun üzərində rahatlıqla 3-4 nəfər əyləşə bilirdi. Uşaqlıqda bu daşın üzərində otururduq. Hətta bir işin arxasınca gedəndə bu daşın üzərində oturub onun hallalığını alıb gedərdilər. Bu elçi daşının xeyir duası ilə insanlar arzu və istəklərinə çatırdılar. Görünür ki, bu daşda qeyri-adi bir güc, enerji varmış. Yeri gəlmişkən, onu da qeyd edək ki, daş mənfi enerjini, gözdə ola pis nə varsa, onun hamısını öz üzərinə götürə bilir. Təsadüfi deyil ki, hər bürcün öz daşı var. Və həmin daşlardan daş-qaş kimi istifadə edirlər. Bu daş-qaşlar insanları xəbis gözlərdən qoruyur. Birisi mənə danışdı ki, o, öz bürcünün daşından hazırlanmış daş-qaşı taxıb toya gedir. Əgər o, toyda bəd gözlü, bəd niyyətli, mənfi enerjili adamların mühitində olursa, evə qayıdan kimi həmin daşlar sınır, dağılır. Deməli, daş mənfi enerjini özünə çəkməklə onu üstündə gəzdirən adamı qoruyur. Tarixən iri sal qayaların, nəhəng və iri qayalıqların, daşların olduğu yer müqəddəs hesab edilmişdir. Bu müqəddəs yerlərdən biri də Amasiya rayonunun Ellərkənd kəndində idi. Ellərkənd kəndinin yuxarı hissəsində Maraldaş deyilən bir yer vardı. Burada çox qeyri-adi bir iri daş istər-istəməz insanı özünə çəkirdi. Bu daşa nə yumrudan yumru, nə də kvadratdan kvadrat daş demək olurdu. Ancaq olduqca iri və qeyri-adi daş idi. Deyilənlərə görə, vaxtilə marallar bala verərəkən, yaxud bir təhlükə olarkən bu daşın ətrafına yığışarmışlar. Bu daş bütün çətinliklərdən, bəlalardan bura yığışan maralları xilas edərmiş. İnsanlar bu daşın və onun ətrafının təmiz saxlanılmasına xüsusi diqqət yetirərdilər. Bu daşı və onun yerləşdiyi ərazini müqqədəs bir yer sayardılar. Onu da qeyd etməyi vacib bilirik ki, Amasiya rayonu, o cümlədən Ellərkənd kəndi dağlıq ərazidir. Yəni burada meşəlik yoxdur. Görünür ki, burada maralların yaşaması daha əski çağlarda olmuşdur. Və Maraldaş deyilən yer də daha əski çağlarda yaranmışdır. Həmin əski çağlarda bu ərazilərdə, görünür ki, meşəlik olmuşdur. Sonra təbiət dəyişmiş, iqlim dəyişmişdir. Bir sözlə, Maraldaş bu ərazilərin tarixi coğrafiyası və təbiəti barədə müəyyən məlumat verən mənbə, qaynaq rolunu oynayır. Onu da qeyd edək ki, bu ərazidə və Ellərkənd kəndinin digər ərazilərində ağac kolluqlarına rast gəlinirdi. Bu da təsdiq edirdi ki, həmin ərazilərin təbiəti, iqlimi sonralar dəyişmişdir.
Nəvaidə dəvənin diz çöküb oturduğunu xatırladan daş ziyarətgah var. Deyilənlərə görə, onun arxa hissəsindən keçib çıxan adamların duaları qəbul edilir, onlar istək və arzularına çatırlar.
Sabirabad rayonunda Babasəmt deyilən pir vardır. Bu pirin içərisində yumurtavari (uzunu enindən böyük olan) qara çay daşı vardır. Müəyyən arzu və niyyət məqsədilə həmin daşı yerdən qaldırırlar. Əgər kim o daşı yerdən qaldıra bilirsə, onda onun arzu və niyyəti gələcəkdə baş tutur. Qəribə burasıdır ki, həmin daş zahirən o qədər də ağır deyildir. Ancaq onu qaldıran adamların bəziləri üçün daş yüngül, bəziləri üçün isə ağır olur. Onu da qeyd edək ki, Babasəmt piri qəbristanlığın içərisindədir. Bu qəbiristanlıqda keçmişdə ancaq nüfuzlu, müqəddəs adamlar dəfn olunubdur. İndi isə burada kiminsə dəfn olunmasına icazə verilmir.
Deyilənlərə görə, Bakının Fatmayi kəndində bir ziyarətgahın qabağında iri daş və həmin daşın ətrafında xırda, yumurta boyda, bəziləri yumurtadan iri daşlar varmış. Bəzən bu daşları böyük daşın ətrafından uşaqlar uzaqlaşdırar, yerindən tərpədər, başqa yerə atarmışlar. Uşaqlar böyük daşın ətrafından kiçik daşları kənara atanda böyük daş yaş, nəm olarmış. Həmin balaca daşları böyük daşın ətrafına yığdıqdan sonra böyük daşın nəmişliyi çəkilərmiş. Ağsaqqallar, ağbirçəklər belə hesab edərmişlər ki, bu balaca daşlar böyük daşın balalarıdır. Ona görə də guya balaca daşların hər hansı birini böyük daşdan uzaq salmaq onu incidir və ağladırmış. Bu səbəbdən balaca daşlardan hər hansı biri böyük daşdan aralı düşsə, böyük daş yaş, nəm olurmuş. Belə bir hadisəni nəzərimdən keçirməklə aşağıdakı misraları yazmalı oldum.
Gördünmü daş ağladı?
Ah çəkdi daş ağladı.
Təkcə insanlar deyil,
Dərd çəkib daş ağladı.
Əziziyəm o daşı
Daşlar gördü o daşı.
Daşın dərdi olarmı?!
Dərd yandırdı o daşı.
Gördünmü böyük daşı?
Balalı böyük daşı.
İnsan kimi dərd çəkir,
Anlasan böyük daşı.
Daş, özü də iri daş (və daşlar) tarixin elə mərhələrində və təbiət hadisələrinin elə dövrlərində yaranmışdır ki, onları incəliklərinə qədər təhlil etməyə elmin gücü çatmır. Ancaq daş yarandığı vaxtdan insanın karına gəlib. Ən azı insan yorulanda onun üzərində oturub. Yaxud özünə ev tikərkən ondan istifadə edib. Başqa birini qorxutmaq üçün, vurmaq üçün ona daş atıb və s. Ta qədim dövrdən başlayaraq indiyə qədər insanlar şeytana daş atmış, pis əməl sahiblərini daşa basmışlar. Bunların hamısı onu göstərir ki, şər qüvvələrə, bədxah qüvvələrə qarşı daşdan ilk silah kimi istifadə olunmuşdur.
Sonralar iri daşları və onların olduğu yeri pirlərə, ziyarətgahlara çeviriblər. Görünür ki, qədim insanlar bəşəriyyətin qədim çağlarında daşlıq, qayalıq yerləri sığınacaq yeri kimi seçiblər. Daşa sığınmaq, daşdan istifadə etmək sonralar insanların düşüncəsində daş pirlərin, ziyarətgahların yaranması ilə nəticələnibdir.