Azərbaycan Ermənistandan Rusiyaya uçan An-124 təyyarəsinə öz hava məkanına buraxmayıb. Modern.az bildirir ki, bu iddia ilə Ermənistanın razm.info saytı mil.avia aviasiya bloquna istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, noyabrın 15-də Rusiyaya məxsus ağır nəqliyyat təyyarəsi “Ruslan” An-124 Gümrü hava limanından havaya qalxıb və hər ehtimala qarşı Rusiyaya istiqamət götürüb. Ancaq havaya qalxdıqdan bir neçə dəqiqə sonra geri qayıtmaq məcburiyyətində qalıb. Ermənistan tərəfi bunun səbəbini Azərbaycanın öz hava məkanından təyyarənin uçuşuna icazə verməməsi ilə izah edir.
Digər məlumata görə, təyyarənin pilotunun Gümrüdəki hava limanının dispetçeri ilə radio danışığı da mövcuddur. Adıçəkilən bloqda iddia edilir ki, guya danışıqda pilot Azərbaycanın hərbi sektorunun zonaya girişinə qadağa qoyduğu üçün geri dönmək məcburiyyətində olduğunu bildirir.
Bununla bağlı nə rəsmi Bakının, nə Moskvanın, nə də Yerevanın hansısa şərhi var.
Modern.az