“Cəmiyyətdə baş verən heç bir hadisə mənim yaradıcılığımdan kənarda qalmır. Hər zaman çalışmışam ki, bu günümüzü yazım. Son günlər baş verən hadisələr, MTN olayları da gələcək əsərlərimdə öz təsirini buraxacaq”.
Bunu Modern.az saytına açıqlamasında tanınmış detektiv-yazar Elxan Elatlı bildirib.
Qeyd edək ki, dünya dedektiv ədəbiyyatının ənənələrindən biri də yazıçının aid olduğu cəmiyyətin, eləcə də bütün dünyanın siyasi-sosial gündəmini əks etdirməkdir. Romanlarının bir çoxunda güc orqanlarından, Qarabağ hadisələrindən bəhs edən tanınmış detektiv yazar Elxan Elatlı son zamanlar bütün gündəmi zəbt edən Milli Təhlükəsizlik Nazirliyi ətrafında yaşanan hadisələrdən romanında bəhs edəcəyini deyib:
“Heç kim istəməzdi ki, belə bir şeylər olsun. İnsanı təəccübləndirən bir məsələdir və mənim yazılarımda təsirsiz ötüşməyəcək. Siz də bunu hiss edəcəksiniz. Ən çox da onların sahibkarlarla davranışlarından gələcək romanımda bəhs edəcəyəm”.
Sabiq maliyyə naziri Əvəz Ələkbərov bir müddət öncə Modern.az-a açıqlamasında məşhur yazıçı Çingiz Abdullayevə "MTN işi"ndən yeni detektiv roman yazmağı tövsiyə etmişdi. Belə görünür ki, Elxan Elatlı Çingiz Abdullayevi qabaqlayacaq.
Qeyd edək ki, Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılması ilə güc qurumunda çox ciddi qanunsuzluqlar aşkarlanıb. Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşları həbs olunub, bəziləri isə vəzifəsindən uzaqlaşdırılıb.
Elmin NURİ