Azərbaycan Milli Elmlər Akademiyasının son zamanlar barəsində ən çox söhbət gedən institutu təbii ki, Nəsimi adına Dilçilik İnstitutudur. Belə ki, elmi qurumun direktoru akademik Tofiq Hacıyevin müəyyən səbəblərdən istefa ərizəsini yazması, əvəzinə isə professor, müxbir üzv Möhsün Nağısoylunun gətirilməsi, sonra yenidən Hacıyevin öz postuna geri qayıtması institutda direktorun kimliyi haqqında mediada və cəmiyyətdə qeyri-müəyyənlik yaradırdı.
9 noyabr tarixində baş tutan və ölkə prezidentinin də iştirak etdiyi 70 illik yubileydən sonra AMEA-nın Rəyasət Heyəti dünən ilk dəfə olaraq rəsmi toplantı keçirib. Toplantıda əsasən prezidentin AMEA-nın qarşısına qoyduğu tapşırıqlar müzakirə edilib. Məruzəçilər arasında akademik Tofiq Hacıyev də olub və o, dilin saflığının qorunması barəsində məruzə ilə çıxış edib.
Qeyd edək ki, dilin saflığının qorunması və potensialının inkişaf etdirilməsi məsələsinə ilə bağlı ölkə başçısı yubileydə xüsusi olaraq toxunub.
“Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi” adlı məruzə ilə çıxış edən akademik böyük ehtimalla tədbirlər planına da özü nəzarət edəcək.
Qeyd edək ki, o, Dilçilik İnstitutunu direktor əvəzi yox, birbaşa direktor kimi təsmil edib. Bu isə akademikin artıq rəsmi şəkildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor kimi qalmasının təsdiqidir.
AMEA-nın hər zaman yenilənən rəsmi saytında da Tofiq Hacıyev Dilçilik İnstitutunun direktoru, Möhsün Nağısoylu isə Əlyazmalar İnstitutunun şöbə müdiri kimi göstərilib.
Elmin NURİ