1975-cı ildə atam məni Leninqrada aparanda, gəzdiyimiz ekskursiya məkanlarından biri də türmələr idi. O vaxtın məşhur inqilabçılarının cəza çəkdiyi məkanlar muzeyə çevrilmişdi. Filan inqilabçı bu kamerada “yatıb”. Filan inqilabçını bax burada divara dirəyib güllələyiblər.
Rusca ekskursovodu başa düşmədiyimdən, atamdan soruşdum ki, “niyə onları türməyə salıblar ki?”. Atam da cavab verdi ki, əqidələrinə görə. Oktyabryat olan mənim üçün bunlar çox maraqlı idi. Bir də ki, türmə nədir, nəmənə olan şeydir – mən bunu 9 yaşında görmüşdüm. Cinayət törətməyə-törətməyə.
İndi sual edəcəksiniz ki, axı bu dediklərinin yazdığın başlığa – Azərbaycanın müasir Penitensiar Xidmətinə nə dəxli? Yaxud da bu xidmət hara, ailə podratı hara. Ailə podratı qaldı sovet dövründə. İndi heç kəndlərdə də bu podratın izi-tozu qalmayıb. Uşağı anadan olandan həddi buluğa çatana qədər kəndçi demir ki, torpağa bağlan. Deyir ki, “yaxşı oxu, get Bakıda instituta gir. Adam ol. Mənim kimi ömrü boyu palçıqda eşələnmə”. Uşaq da dədəsinə qulaq asır. İnstituta girir. Asfalta çıxır, torpağı unudur. Necə deyərlər, kəndi də unudur, türklər demişkən kəndini də. O ki, qalsın ailə podratını.
Bilməyənlər üçün: Ailə podratı , rusca “Semeynıy podryad” – sovet dövründə bir ailənin üzvlərinin manqa-qrup şəklində birləşərək kənd təsərrüfatında çalışanlara deyirdilər. Bu, ailəyə böyük gəlir gətirməklə yanaşı, yeniyetmələrin də zəhmətkeş ruhda böyüməsinə müsbət təsir edirdi. “Halal zəhmət”, “halal çörək” ifadələri də burdan qaynaqlanırdı. İnsanlar uşaqlıqdan bunu öz gözləriylə görürdülər, bu ruhda tərbiyə alırdılar.
İndi necə? Görəsən ailə podratı deyilən məfhum varmı? Var. Lap elə kapitalist dövlətlərində. Məşhur ailələr var ki, onlar babalarından miras qalan üzümçülük-şərabçılıq, yağ-pendir, tütünçülük sahələrini, brendlərini əsrlər boyu yaşadaraq bir-birlərinə ötürürlər. Bu sahələrdə özləri, ailə üzvləri çalışırlar ki, südə, şəraba su qatan olmasın. Onlar üçün əsas keyfiyyət və addır. Az, amma keyfiyyətli kəmiyyət isə adı – brendi daha da yüksəklərə qaldırır, qiymətə mindirir. Xeyrini də görürlər. Ailə anbarında 100 ildən qalan bir şüşə şərabı auksionda 1 milyon dollara satdırıb, xeyir də götürürlər.
HAŞİYƏ: Günlərin bir günü biri oğluna toy eləmək istəyir. Puldan başı çıxsa da, sənətdən-zaddan təsəvvürü olmur. Hər şeyə alverçi kimi yanaşır. Necə deyərlər “Aşağı qiymətə alım, baha satım”. Buna məsləhət görürlər ki, toya məşhur xanəndə Xan Şuşinskini çağırsın. O da Bakı parklarının birində skameykada oturan xanəndəyə yaxınlaşır ki, “Xan əmi, səni oğlumun toyuna dəvət edirəm. Bəs xələti nə edəcək? Əvvəlcədən de”. Xan əmi də qəlyanından bir qullab vurur və deyir: “Dəvət edirsənsə gələrəm. Bir mahnı oxuyacağam. Qiyməti də 100 rubl”. 100 rubl onda bir ali təhsilli adamın bir aylıq maaşı idi. Bu alverçi xislətli adamı tər basır. Özünü sanki bazarda hiss edir:
- Necə yəni 100 rubl. Çoxdur. Xan əmi, bir az aşağı elə.
- Olmaz, - deyə Xan Şuşinski cavab verir, - Aşağı istəyirsən, odey Qulu Əsgərov... Get 25 rubl ver, bütün toyu oxusun. Mənim bir mahnımın qiyməti 100 rubldır,- deyə xanəndə həmin adamın toyuna getməkdən ümumiyyətlə imtina edir. (SON)
Ad qiymətli şeydir. Həm maddi, həm də mənəvi. Onu qorumaq isə çox çətindir. İndi yenə sual verəcəksiniz ki, ay Mahir, gəl mətləbə. Ürəyimizi çəkmə. Bütün bunların Penitensiar Xidmətə nə dəxli? Tələsməyin də... Yavaş-yavaş... Söhbətdir də... eləyirik özümüzçün.
BREJNEVİN YEGANƏ SƏHVİ
Yetirməsi olduğum sovet dövründə demə yazılmamış qanun varmış. Rəhbər işçilərin ailə üzvləri vəzifə üzünə həsrət imişlər. Stalinin böyük oğlu Yakov almanlara əsir düşməsəydi, bəlkə də heç kim onu tanımayacaqdı . Kiçik oğlu Vasili haqqında indiki dövrdə kinolar çəkilməsəydi, mən də onu tanımırdım. Bilmirdim ki, hərbi təyyarəçi olub. Müharibədən sonra 26 yaşında general rütbəsi alıb. Moskva hava qüvvələrinin komandanı olub. Atası tərəfindən də vəzifəsindən qovulub. Xruşşovun göndərdiyi sürgündə vəfat edib. Tələb də bu olub ki, “Stalin” familiyasından imtina et və “Mən Vasili Stalin yox, Vasili Cuqaşviliyəm” de. Deməyib. Sındıra bilməyiblər onu. Yalnız öləndən sonra qəbrinin üstünə “Vasili Cuqaşvili” sözlərini həkk etdirməklə acıqlarını çıxıblar.
Qızı Svetlana Alliluyeva isə adi elmi işçi, filoloq, Filologiya elmləri namizədi olub. O da nümayişkaranə ABŞ-a mühacirət etməsəydi, heç kim tanımayacaqdı. Stalinin övladları vəzifə sahibi olmayıblar. O cümlədən onun dövrəsindəki digər vəzifəlilərin uşaqları da... Övladları vəzifələrdə olmasalar da, hərbçi, konstruktor, ixtiraçı alimlər kimi çox böyük uğurlara imza atıblar. Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı, general, həkim, akademik kimi mərtəbələrə yüksəliblər.
Xruşşov, Brejnev, Qorbaçov və digər yüksək vəzifəlilər də bu yazılmamış qanuna həmişə riayət ediblər. Hətta iki qohumun yüksək vəzifədə olması və ya eyni nazirlik sistemində rəhbər vəzifə tutması da - qanunla olmasa da - qadağan imiş. Bu rəhbərlərdən yalnız biri – Mərkəzi Komitənin 1-ci katibi Leonid İliç Brejnev səhvə yol verib. Konkret öz familiyasını daşıyan ailə üzvlərinə qarşı yox. Arvadı Viktoriya Petrovna evdar qadın, qızı Qalina isə filoloq olub. Heç bir yüksək vəzifə daşımayıblar. Lakin 41 yaşlı Qalina 34 yaşlı mayor Yuri Çurbanovla ailə həyatı qurandan sonra Brejnev bu yazılmamış qanunu pozur. Kürəkənini SSRİ daxili işlər nazirinin 1-ci müavini təyin edir. Ona general-polkovnik rütbəsi verir. Yuriy Çurbanov hətta deputat da seçilir. SSRİ Dövlət mükafatına layiq görülür. Yazılan xatirələrə görə, Çurbanov varislik xülyasına da düşübmüş. Daxili Qoşunların Komandanı və əlində möhür olan Çurbanov bir çox sənədlərə imza ataraq, möhür vurur ki, bu da Brejnev öləndən sonra onun həbs edilməsi üçün növbəti SSRİ rəhbəri Andropovun əlində sübut-dəlilə çevrilir. Və Çurbanov korrupsiya ittihamıyla 12 il həbs cəzasına məhkum olunur.
Brejnevin qızı Qalinanın şıltaqlıqları ucbatından - hələ Leonid İliç vəzifədə olarkən - sovet əmlakını dağıtdıqlarına görə iki vəzifəli şəxs güllələnmə cəzasına layiq görülsələr də, Qalinanı atasının ölümündən sonra da həbs etmək mümkün olmayıb. Çünki rəsmi heç bir vəzifə daşımayıb. Nə bir sənədə qol çəkib, nə də ki, möhür vurub. Ona görə də Andropov şifahi dəlil-sübutlar olsa belə, onu məhbəsə saldıra bilməyib.
MƏNİM İDEALIM HEYDƏR ƏLİYEV
Heydər Əliyev də bu epoxanın ali şəxslərindən, SSRİ-nin rəhbərlərindən biriydi. Bu yazılmamış qanunları çox gözəl bilirdi yəqin. Məncə bu yazılmamış qanunlar yazılmamış qanunlardan ən alisiydi.
Həyat yoldaşı Zərifə xanım – göz həkimi, alim, laboratoriya, kafedra müdiri. Oğlu institutda müəllim, qızı şərqşünas, bəstəkar, elmi işçi. Gəlini həkim. Bacıları elmi işçi, orta məktəbdə kimya müəllimi, qardaşları rəssam, alim, müəllim, kafedra müdiri, akademik. Yaxın qohumları həkim, musiqiçi...
Əliyevlər ailəsi həm də görkəmli ictimai-siyasi xadimlər kimi respublikamızın həyatında fəllıqları ilə, xeyriyyəçilik aksiyaları ilə həmişə seçiliblər, indi də ön sıralarda gedirlər.
POTENSİAL CANİ
Böyük sovet rejissoru Eldar Ryazanovun “Vokzal dlya dvoix” (“İki nəfərçün vağzal”) bədii filmini çox sevirəm. Sadəcə mənim bir ailə başçısı kimi formalaşmağımda xüsusi rol oynayıb. Əsərin qəhrəmanı, musiqiçi olan bir nəfər sadə dildə desək, arvadının zibilinə düşür. Arvadı maşını sürərkən piyadanı vurub öldürür. Qeyrətli sovet kişisi olaraq, o, milis idarəsinə gedərək deyir ki, bəs sükan arxasında mən olmuşam, təqsir də məndədir. Kinoda cərəyan edən hadisələri danışmaq fikrim yoxdur. Bu yazımçun əsas məqam budur. Kişini tutub basırlar dama.
Deməli, sürücü potensial canidir. Hər an türmənin qapısı onun üçün açıqdır. Bu kinodan və bu misaldan nəticə çıxararaq, hər hansı bir kişi arvadının, qızının, gəlininin maşın sürməsinə icazə verməməlidir. Bilməyərəkdən qəza törədib, türməyə düşməməsi naminə. Axı qız, arvad, gəlin namus və qeyrət sayılır. İndi kişinin təqsiri boynuna götürməsi isə qeyri-mümkündür. Hər addımbaşı quraşdırılan kameralar və cib telefonları adamı yerindəcə qeyrətsiz çıxarır. Allah heç kimə, lap düşmənimə də belə bir şey qismət eləməsin.
HAŞİYƏ: Atam köhnənin maşın sürəni idi. Uzun yola çıxanda, ürəyimiz çəkilirdi. 60-dan yuxarı qalxmırdı. Başqası belə, sükan arxasında olsa, ona da bu qaydanı diqtə edirdi. Məsləhəti belə idi: “Maşını yavaş sür. Yavaşın ziyanı yoxdur. Lap avariya eləsən belə, ziyanı az olacaq. Bir təhər qurtaracaqsan. Birdən maşının qabağına qəfil adam çıxsa belə, dayandırmaq da asan olacaq”. (SON)
SOVETİN XOFU
Dayılarımdan biri sovet vaxtı yaxşıcana varlanmışdı. İnsan varlananda nə edər? Birinci maşın alar. Varlı adamın ağzı nə idi ki, sovetin ən yaxşı maşını sayılan “Volqa” alsın. Moment tutub dama basardılar. Ona görə də dayım “Jiquli” aldı. Evini dəyişə bilmədi. İndiki kimi deyildi ha, gedib istədiyini alasan. Moment tutub dama basardılar. Hər ailə üzvünə 5 kvadrat metr sahə icazə verilirdi. Əgər 4 ailə üzvün və 28 kvadrat metrlik evin vardısa, o vaxt ikinci mənzil almaq haqda düşünə bilərdin. Özü də havayı mənzil yox, kooperativ. Yəni ki, pullu. Onun da 40 faizini əvvəldən, 60 faizini isə 25 ilə ödəmək şərtiylə. Kooperativ binada hər adambaşına 9 kvadrat metr icazə verilirdi. Qanunlar çox ciddiydi. “Bərabərlik” əsas devizlərdən biri idi. Cəmiyyətin tarazlığı qanunlarla qorunurdu.
Dayımın yaxşı pulu olmasına baxmayaraq, təzə, böyük ev almaq arzusu ürəyində qaldı. Gücü ona çatdı ki, bağ tikdirsin. Amma burda da biclik işlətməliydi. Bax onda “Əməkdar müəllim”, “Əmək veteranı” 70 yaşlı kənd müəllimi olan atası və Böyük Vətən Müharibəsi əlili, qocaman həkim, 70 yaşlı qaynatası yadına düşdü. Onların ərizəsini alıb təqdim etdi Bağlar idarəsinə ki, “bəs qocalmışıq. Bizə dənizin təmiz havası lazımdır. Bağ tikdirib, ağac əkmək istəyirik”. Bu ərizə də daşdan keçən ərizə idi. Axı kim iki qocaman müəllim və həkimə, özü də yüksək maaş alan sovet adamına etiraz edə bilərdi? Əlbəttə ki, heç kim. Dayım beləcə arzusuna çatdı. Əlbəttə ki, yenə də qorxa-qorxa, ürkə-ürkə. Möhür-imza atası ilə qaynatasının adına ola-ola. Maşın lap yadımdan çıxacaqdı. O da qaynının adına idi.
MƏN BU YAZINI YAZMAYACAQDIM
Artıq bir aydır ki, saytlara girəndə qorxuram. Deyəcəksiniz ki, nə sayta gir, nə də orda yazılanları oxu. Əlbəttə ki, əgər qorxursansa. Və ya qanın qaralırsa. Amma özümlə bacarmıram. Çox maraqlıdır bu son bir ayda yazılan yazılar. Baş verən olaylar. Ömrümdə bu qədər, biri-birinə bənzəməyən, zəngin informasiyalar oxumamışdım. Kim təqsirkardırsa cəzasını alacaq.
HAŞİYƏ: Bir nəfəq araqızışdıran birinə yaxınlaşıb deyir ki:
- Alə, dözməzdim e... Filankəs səni söydü.
- Sənə nə? – deyə həmin adam sakitcə reaksiya verir. Bunu görən araqızışdıran vəziyyəti bir az da gərginləşdirmək üçün.
- Yox e... nəinki səni, atovu da söydü.
- Onda mənə nə? – deyə yenə də həmin adam təmkinini pozmadan cavab verir. (SON)
İndi lətifəsi bizdən uzaq. Deyəcəksiniz ki, kimisə vəzifədən çıxartdılar. Və ya türməyə basdılar. Ay Mahir, sənə nə, bizə nə? Guya vəzifədə olanda sənə bir gün ağlamışdılar ki, indi də onların ifşa olunmasına ürəyin ağrayır? Vallah düz deyirsiniz. Amma, bir amma var axı. Mən axı dövlətimi çox sevirəm. Bu ifşa olunanlar axı dövləti içindən yeyiblərmiş. Pul boş şeydi. Geri qaytaracaqlar, qəpiyinəcən. Lap el dilində deyək: “Qusacaqlar”. Bəs imic? Bəs ad?
Amma yenə də yazmayacaqdım. Dövlət orqanlarının çox dəqiq müdaxiləsinin fonunda yazdıqlarım çox cılız görsənəcəyinə görə.
Amma bir şeyi başa düşmürəm. Cinayətə yuvarlanan bir şəxs də öz ailəsini bu işə qoşar? Qardaş, oğul, quda, əmioğlu, dayıoğlu, bir sözlə kişi olanları hardasa başa düşdüm. Kişinin başına iş gələr. Türməyə də düşər, ordan çıxar da... Amma son günlər bu cinayət hadisələrinin fonunda bacı, arvad, qızların da adının hallanması çox pis haldır. Bir nazirlik çərçivəsində və həndəvərində ailə podratı yaratmaq hansı ağlın məhsuludur? Axı ailə podratı kənd təsərrüfatına aid bir qurumdur. Özü də sadə və halal qurum.
Yaxşı, tutaq ki, bu ailə podratları ifşa olundu. Hamısının da əlində möhür. Törətdikləri qanunsuzluqlar da nə qədər. Bir də ki, müasir cinayət məcəlləsində heç möhürün olmasın, dələduzluq deyilən gözəl bir maddə var. Nə möhürə baxır, nə də imzaya. Belə çıxır ki, Penitensiar Xidmət türmələrdə də xüsusi kameralar yaratmalıdır? Adını da “Ailə podratı kamerası” qoymalıdır? Bu, biabırçılığın son həddidir. Uşaqlığım yadıma düşür. Leninqradın soyuq və muzey türmələri. O vaxt inqilabçılar əqidələrinə görə türmələrə düşürdülər, sınmırdılar. Sonda fəhlə-kəndli hökuməti qurub, varlıların dövlətini, pulunu müsadirə edib xalqa payladılar. İndi isə türməyə xalqın pulunu mənimsəyənlər düşür. Yəqin ki, bu dərs sonuncu olacaq. Digərlərinə bir örk.
Belə getsə, detektivlər yox, ədəbiyyatda fantaziya janrı daha inkişaf edəcək. Paxıl deyiləm. İstəyirsiniz bir-iki cümləsini mən deyim, əsər qəhrəmanının dilindən:
“2070-ci il. Evdən çıxıram. Nəvəmi muzeyə ekskursuyaya aparıram. Birinci Kürdəxanı izolyator-muzeyi”nə baş çəkirik. Ekskursovod bizə izah edir:
- Bu kamera çox nadir, tarixi kameradır. Burada filan vəzifəli özü, arvadı, qızı, oğlu, kürəkəni, yaxın qohumları filan ildən filan ilə qədər cəza çəkiblər. Sonralar kürəkənlər bu kameralardan digər kolonlara köçürülüblər.
- Niyə? – deyə nəvəm sual edir:
- Çünki vəzifəli işdən çıxandan və ya həbs olunandan sonra onun qızını boşamaq, o vaxt Azərbaycan ailələrində bir dəb imiş.
- Axı, onları niyə həbs etmişdilər? – deyə nəvəm yenə soruşur.
- Sovet vaxtından miras qalan yazılmamış qanunları pozduqlarına, qohumlarını möhür və imzaya layiq gördüklərinə görə”.