Modern.az

“Dostluq yalnız pulla ölçülmür, bajı...”

 “Dostluq yalnız pulla ölçülmür, bajı...”

19 Noyabr 2015, 16:57

“Olur , olur, belə işlər də olur” silsiləsindən

“Çiçəkli” müalicə və istirahət mərkəzinin üçmərtəbəli korpusunun ikinci  qatında üzərinə “Aromaterapiya” yazılmış kabinetin qarşısında yığılan xəstələr içəri keçmək üçün öz növbələrini gözləyirdilər. Vaxt gəldi çatdı və otağın qapısı açıldı. İçəridəkilər mürgülü-mürgülü kabineti tərk etdilər. Nəhayət, musiqi ilə müalicə mütəxəssisi olan “muzıkalnıy doktor” göründü. Eynilə məşhur “İşdə məhəbbət macərası” (“Slujebnıy roman”) filmindəki direktor köməkçisini xatırladan gödək boylu, qısasaç qadın növbədəkiləri içəri dəvət etdi.

Vasif müəllimin əslində musiqi ilə yatmaq və guya bununla əsəblərini sakitləşdirmək, stresdən yaxa qurtarmaq proseduruna qətiyyən ehtiyacı yox idi. Sadəcə müalicə həkimi Səbirə xanımın təklifini yerə salmamış, bu müalicəni də qəbul etməyə boyun olmuşdu. Darısqal kabinetdəki kreslolar dərhal tutuldu və Vasif də özünə birtəhər yer eləyib həkimin tövsiyəsi əsasında hansısa əcnəbi və başa düşülməsi o qədər də asan olmayan həzin musiqinin sədaları altında mürgüləməyi və mümkün olsa elə yatmağı da qərarlaşdırmışdı ki, nəzərləri qarşısında yanaşı əyləşmiş gənc, cazibədar qadına və eynilə məşhur aktyor Silvestr Stallonenin oxşarı olan iri cüssəli kişiyə sataşdı. Ürəyindən keçdi ki, əcəb bir-birilərinə yaraşırlar. Dərhal qəlbindəkiləri dilinə də gətirdi: -“Nə gözəl yaraşır Muğana ceyran”.

Qadının sifəti turşudu.

-Nə demək istəyirsən, ceyran deyəndə kimi nəzərdə tutursan? Deyəsən, dünən gecə çox vurmusan ha...

Cavab ləngimədi.

-Mənə belə gəlir ki, dünən gecə biz bir yerdə olmamışıq axı...

Qadın qətiyyən pərt-zad olmadı.

-Sən mənimlə bacarmazsan. Heç bir barədə...

İçəridəkilərin şaqqanaq çəkib gülməsi musiqi həkimini bir o qədər hirsləndirməsə də, təbəssümlə iradını bildirdi:

-Buraxın lağlağını. Yatmaq, dincəlmək lazımdır. Belə fürsəti əldən qaçırmayın.

Stalloneyə oxşayan kişi də üzünü Vasifə tutub nə desə yaxşıdır:

-Məzəsən ha, harada aktyorluq edirsən?

Vasif də qətiyyən qorxub-çəkinmədən dedi ki, sirk ustasıyam, sənin kimisini axtarıram ki, çiyinlərinin üstünə çıxıb yaxşı nömrələr göstərim.

Gülüş səsləri bu dəfə lap artdı. Vasif fikirləşdi ki, daha buradan o yanası yoxdur. Bu kişi yəqin seans qurtaran kimi onun nəfəsini kəsəcək. Amma belə olmadı. Kabinetdən çıxan kimi sürətlə Vasifin dalınca şütüyən “Stallone” iri əlləri ilə onu qucaqlayıb dedi ki, qardaş, sən lap məzəsən ki, sənə qurban, ürəyim bu qanmazların içində sıxılıb qaxaca dönüb; - Gəl tanış olaq. Aliməm, Rusiyanın akademikiyəm. Nanotexnologiya üzrə barmaqla göstərilən mütəxəssislərdənəm, sadəcə qədrimi bilmirlər”.

-Bəs niyə buradasan? Sənin yerin Karlovı-varı, Trustkavets, Kislovodsk, İsveçrə dağlarıdır. Burada nə gəzirsən?

-Qardaş, imkan yoxdur, alimin nə qazancı olur axı... Bura da pis deyil, gəl dostcasına hərlənək. Axşamlar bir yerdə konsertə gedək, kafedə boğazımızı yaşlayaq. Sən ürəyimə yatmısan, haradansan, qardaş?

-Elə mən də oradanam.

-Hə, deməli, yerliyik.

-Hə, hə, mən də oradanam, - deyə Vasif canını qurtarmaq istədi. Amma heç cür alınmadı. İlk söhbətləri düz saat yarım çəkdi və kimin hansı bölgədən olması barədə söhbətin üstünə gələn də olmadı. Beləliklə, alimin təbirincə desək, “şayka”nın əsası qoyuldu.

Ertəsi gün sayları artıb beşə çatdı. Qazaxlı şair Elhad, İmişlidən suvarma mütəxəssisi Elbrus və ustad tamada kimi ad-san qazanan ələtli Hacıağa da Vasiflə alim İxtiyara qoşuldular, nə qoşuldular. Bu açıq ürəkli, nikbin və səxavətli adamların qarşısına çıxan tapılmadı. Gəlirdilər, söhbətə müdaxilə edirdilər, amma heç nə başa düşmədiklərindən tez də ayrılırdılar. Hər axşam yaxınlıqdakı kafedə şam yeməyi yeyirdilər. Hər kəs stolun üstünə qulpundan çıxanı, əlinə keçəni düzürdü, bir-iki şiş kabab da sifariş olunurdu, vəssalam.

Günlərin birində lap kitaba yazılası hadisə baş verdi. Şəkidən olan bir xəstə çox cidd-cəhdlə “şayka”ya qoşulmaq istəyini açıq biruzə verdi. “Ujin”ə tələsən dəstənin quyruğuna düşüb əl çəkmədi ki, çəkmədi. Axırda Vasif dəstədən ayrılıb “Bəyin oğurlanması” filmində aktyor Arif Quliyev necə edirdi, lap o sayaq sanatoriya boyu o baş-bu başa qaçmağa başladı. O birilər də məsələni başa düşüb bu cür hərəkətə keçəndə şəkili daha bilmədi ki, hansının dalınca qaçsın. Deyilənə görə, səhərisi günü “şayka” üzvlərini bir-bir göstərib deyirmiş ki, onlara yaxın durmayın, havalıdırlar.

Bir gün də şair çox pərt vəziyyətdə dostlarından məsləhət istədi ki, bəs bir salyanlı var, adı Vüqardır – onu döymək lazımdır. Səbəbini soruşduqda nə desə yaxşıdır: - “O, çox forslu gədədir. Yanında hərlədiyi qadınla çox şit hərəkətlər edir, rəqs meydançasında da özünü çox həyasız aparır. Guya camaat qadın-zad görməyib? Gərək onun dərsini verək”.

Elə oldu ki, Vasifgil o gədəni daha döyəsi olmadılar. Çünki o cütlüyün özü parçalandı və hər şey yoluna qoyuldu. “Şayka” öyrəndi ki, ayrılmaq sadəcə maliyyə problemləri ilə bağlı olub. Günlərin birində Vüqarın oturub-durduğu sarışın və həndəsi ölçüləri ətrafdakıları olduqca narahat edən “qadın” Vüqara deyib ki, son günlər çox xəsisləşmisən, səninki ilə mənimki daha tutmaz. Yaddan çıxartma ki, mən uşaqlarımın dərsliklərini, məktəb paltarlarını (söhbət sentyabrın əvvəllərindən gedir) buradan alıb aparmalıyam rayona. Vüqar da qayıdıb deyib ki, daha mən neyləyim, rayondan gətirdiyim pulları axırıncı qəpiyinəcən sənə xərcləmişəm. Bir də ki, dostluq yalnız pulla ölçülmür axı, bajı?!

Vüqarın çaşıb dediyi bu “bajı” kəlməsi cütlüyün küsüşməsi və ayrılması üçün bir tutalqa olur və elə buradaca “Çiçəkli” sağlamlıq istirahət mərkəzindən hazırlanmış ikinci yazı da başa çatır.

Ardı olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi