I uşaq paralimpiya oyunlarının üzgüçülük üzrə qalibi Sənan Ələsgərov cemiponluq hisslərini Modern.az-la bölüşüb. Onunla Sumqayıt Paralimpiya İdman Kompleksində görüşüb söhbətləşdik.
Sənan Ələsgərov 1998-ci il fevralın 22-də Samux rayonunda anadan olub.
- Necə oldu ki, paralimpiyaya qatıldın?
- Mən 2014-ci ilin avqust ayında dostum Yusifin əlaqəsi ilə bu paralimpiya yarışlarına qatıldım. Üzgüçülüklə məşğul olurdum, amma qeyri-peşəkar şəkildə. Dostum təklif etdi ki, gəl sən peşəkar şəkildə bu idman növü ilə məşğul ol və yeni yaranan uşaq paralimpiyadasına qatıl. Və mən Kamal Məmmədovun qəbuluna getdim. O, məni qəbul edib və bu idman növünə yazdırdı. Əlbəttə asan olmadı bu yolda irəliləmək, amma valideynlərimdən gələn böyük dəstək mənə stimul verirdi. Müəllimlərim də mənə inanırdı hər dəfə uğur qazanacağımı deyirdilər. Mənə həmişə cəmiyyətə inteqrasiya etməkdə valideynlərimin dəstəyi böyük olub. Və ailəm hər zaman mənə ümid bəsləyib, bunun üçün də məni cəmiyyətdən gizlətməyib, əksinə, müxtəlif kurslara yazdırıblar.
- Əlil uşaqların valideynlərinə nə demək istəyərdin?
- Demək istəyirəm ki, əlil uşaqları cəmiyyətdən gizlətməsinlər, o uşaqların da bu sevinci yaşamaq haqqıdır. Əlil uşaqlar heç də bacarıqsız deyil, onlar da nəyisə bacarırlar. Valideynlərdən xahişim odur ki, əlil uşaqlarına görə utanmasınlar. Uşaqlarında olan bacarığı görüb, onu dəyərləndirib və inkişaf etdirsinlər.
- Həyatda hansı uğurları əldə etmisən?
- Mənim ilk uğurum orta məktəbi bitirmək oldu. Daha sonra kompüter kursuna getdim. Ən böyük uğurum isə I uşaq paralimpiya idman oyunlarında 1-ci yer tutmağım oldu. Bu uğuruma görə mənə dəstək olan Kamal və Faiq müəllimə öz təşəkkürümü bildirirəm. Mən daha bir yarış üçün məşqlərə başlamışam və 2020-ci ildə keçiriləcək paralimpiya yarışlarında iştirak edəcəm. O yarışlarda yer tutaraq Azərbaycanın bayrağını beynəlxalq arenada dalğalandırmağı arzulayıram və buna inanıram. Onu da qeyd edim ki, ən böyük arzum bu hisslərimi cənab prezidentlə bölüşməkdir.
***
Azərbaycan Milli Paralimpiya Komitəsinin Təhsil-tədris informasiya şöbəsinin müdiri və Əlil İdmançılara Dəstək İctimai Birliyinin sədri Kamal Məmmədov da Modern.az-a müsahibəsində əlil uşaqların idman fəaliyytindən danışıb:
- Sizin komitəyə ilk dəfə gələn əlil uşaqlar nə hiss edir?
- Öncə onu qeyd edim ki, uşaq idmançılarla böyük idmançılar arasında çox böyük fərq var. Böyüklərin təkcə özləri ilə işləyirik, amma uşaqlarda belə deyil. Həm uşaqla, həm də onun valideynləri ilə işləyirik. Bizim qapımıza ilk dəfə gələnlər ümidsiz şəkildə gəlir. Valideyin düşünür ki, görəsən mənim uşağım idmançı ola biləcəkmi? Belə olan halda valideyn nə özünə, nə də ki, uşağına inanır.
İlk dəfə gələndə onların üzündə təbəssüm olmur. Amma zamanla bizim psixoloqlarımız həm uşaqla, həm də valideyni ilə işləyir ki, onların hər ikisini bu depresiyadan çıxsınlar. Müşahidələrim nəticəsində müəyyən olunur ki, uşaqların qələbə qazanmasında valideynlərin rolu çoxdur. Əgər valideynin psixoloji durumu düzəlirsə, uşaqla işləməyə ehtiyac qalmır. Çünki uşaq valideynin sözünə əməl edir. Yəni bizim burada uşaqla 4 saat işləməyimiz ona çox təsir etməyəcək, amma valideyn uşağın yanında olduğu üçün, uşaq da onun təsiri altında olur.
- İdmana götürülən əlil uşaqlardan nə tələb olunur?
- Standartlar beynəlxalq paralimpiya tərəfindən qoyulub. Başqa yarışlardan bizim əsas fərqimiz tibbi təsnifatdır. Burada əllilik dərəcəsinə görə idman növü var. Misal üçün gözdən əlil olan şəxs cüdo idman növünə götürülür. Əlbəttə, burada dərəcələr də var, onun görmə qabiliyyəti müəyyənləşir və öz dərəcəsində olan idmançılarla döşək üzərinə çıxır. Paralimpiyanın özəlliyi tibbi təsnifat mərhələsidir. Gözdən əlliyi olan şəxs cüdo, üzgüçülük, qaçış kimi idman növü ilə məşğul ola bilər, amma gülləatma, nizəatma və bu kimi yarışlarda iştirak edə bilməz.
Sizə bir hadisə danışım: bura bir qadın gəlmişdi, əlbəttə ki, uşağına görə. Uşaq qoldan əlil idi və anası onu cüdoya yazdırmaq istəyirdi. Mən qadına dedim ki, bu mümkün deyil. İzah etdim ki, beynəlxalq paralimpiyadanın tibbi təsnifat mərhələsindən keçə bilməyəcək. Və mən ona başqa idman növü təklif etdim. Amma o mənimlə razılaşmadı
- Uşaqları idmana necə cəlb edirsiniz?
- Bizim uşaq paralimpiya mərkəsi yeni yaranananda ilk vaxtlar çox çətinliklərlə üzləşdik. Valideynlər əlil uşaqları idmana yazdırmaq istəmirdilər. Bir valideynə müraciət edəndə, cavab verdi ki, “mənim uşağım 9 ildir əlildir, amma qonşularım bunu bilmir. İndi siz deyirsiniz ki, bütün Azərbaycan bilsin ki, mənim uşağım əlildir?!”.
Amma zaman keçdi bizim yarışımız oldu və o yarışdan sonra valideynlər özləri bizləri axtarmağa başladılar. Bu çətin günlər mənim yadaşımdan silinməz. Bizim çətin problemlərimizdən biri də regionlarda olan uşaqları bura cəlb edə bilməməyimizdir. Buna hələ ki, imkanlarımız çatmır. Əgər bizim imkanlarımız çatsa, paralimpiya idman növlərinə yazılan əlil uşaqların sayı 100 min ola bilər. Amma indiki vəziyyətdə bizim buna imkanımız çatmır. Nə psixoloqumuz, nə də ki, məşqçilərimiz çatışır. Güman edirəm ki, nə vaxtsa bizim buna tam imkanlarımız çatacaq və bu qapılar bütün əlil uşaqların üzünə taybatay açılacaq. 6 noyabr tarixində keçirilən yarışda bizim təmsilçilərimiz Ağdaşdan, Şəkidən, Sumqayıtdan və Bakıdan idi. Və bu o deməkdir ki, biz artıq 4 rayonda təmsil olunuruq.
- Əlil idmançılarımız hansı idman növündə daha çox uğur əldə edir?
- Ümumiyyətlə azərbaycanlı cüdolar dünyada tanınır. Azərbaycan cüdoçuları çox güclüdür. Bizim cüdo üzrə 40-a yaxın idmançımız var. Bununla yanaşı, nizəatma, oxatma, uzunluğa tullanma, qaçış və üzgüçülükdə idmançılarımız çox uğur əldə edir.
İdmançımız İradə Əliyeva nizəatma idman növündə qızıl medal əldə edərək, vətənə dönüb. Bu da onun dəlalət edir ki, bizim yüngül atletikamız güclüdür. Üzgüçülükdə isə iki idmançımız var. Onlar da hər yarışdan medallarla geri qayıdırlar.
- Uşaq paralimpiya yarışları keçirilən zaman nə kimi çətinliklər oldu?
- Yarışlar zamanı könüllülərdən ibarət qrup yaradıldı və o qrupun köməyi nəticəsində bizə böyük yük düşmədi. Bizim tərəfdaşımız olan “Azercell” şirkəti tərəfindən böyük dəstək verildi. Və bundan başqa, biz QHT rəhbərlərilə işlədik.
Sekil06
- Milli Paralimpiya Komitəsinin idmançılara münasibət necədir?
- Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov 1996-cı ildən bu günə kimi bizim rəhbərimizdir. İlqar müəllim bu sahəyə o qədər bağlı bir insandır ki, bizim uşaqların rəqiblərini idmançılarmızdan da yaxşı bilir. Və əvvəlcədən güman edə bilir ki, idmançımız rəqibindən nə qədər zəif və ya güclüdür. Hətta rəqibin və bizim idmançımızın hansı fəndlərdən istifadə edəcəyini də təxmin edə bilir. Bu da o deməkdir ki, rəhbərlik öz idmançıları ilə nə qədər maraqlanır. Başqa tərəfdən isə komitənin işçilərinin hamısının yarışlara getməsi və dəstək olması idmançılarmıza ruh yüksəkliyi verir və onlar da arxada olan böyük dəstəyi hiss edir. Bəzən olur ki, beynəlxalq yarışlarda iştirak edə bilmirik.
Emil Rasim