“Qarabağ qaziləri” birliyi son günlər QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə bağlı mətbuatda yayılan həqiqətdən uzaq olan məlumatlarla bağlı açıqlama yayıb. Modern.az-a daxil olan açıqlamada deyilir:
“Qarabağ qaziləri birliyi son günlər QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə bağlı mətbuatda yalan, böhtan və iftira dolu məlumatların yayılmasından narahatdır. Biz ona qarşı başlanan bu kampaniyanı pisləyir və bunu edən şəxslərə öz etirazımız bildiririk!
Biz hələ 90-cı illərin ortalarında Azay Quliyevi tanıyır, onunla birgə Azərbaycanda QHT sektorunun yaranması, inkişafında uzun bir yol gəlmişik. O, bütün fəaliyyəti dövründə yalnız dövlətimizi və dövlətçiliyimizi dəstəkləyən bir insan, milli mənəvi dəyərlərimizə önəm verən vətəndaş olub. Millət vəkili kimi daima Azərbaycanımızın ən ağrılı məsələsi olan Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ problemi ilə bağlı aktiv fəaliyyət göstərib. Bu səbəbdən biz Qarabağ qaziləri, fərdi şəkildə, böyük həvəslə sonuncu parlament seçkilərində 8 Binəqədi seçki dairəsindən onun namizədliyini dəstəklədik. Heç kəsə sirr deyil ki, onun seçki kampaniyası bütün proses boyu həm aktivliyi, həm də rəngarəngliyi baxımından yaxşı mənada fərqləndi. Belə bir insanın dövlətçiliyimizə zidd əməllər törətmiş, dövlətçiliyimizə xəyanət etmiş adamlarla əlaqələndirilməsi heç bir əxlaqa və mənəviyyata sığmayan əməldir.
Bir məsələni xüsusi ilə vurğulamaq istəyirik. Bu gün dünyada insan haqlarının, demokratiyanın müdafiəçisi rolunda çıxış edən Avropanın, Amerikanın fondları, təşkilatımızın ən aktiv və dəstəyə ehtiyac olan dövründə dəfələrlə müraciət etməmizə baxmayaraq, müharibə əlillərinin hüquqlarını müdafiə edən təşkilat olduğumuz görə bizə bir manat da olsun vəsait ayırmadı. Hətta bir dəfə bizə belə bir cavab vermişdilər: “Sizin və təşkilatınızın adı gələndə Azərbaycan insanının yadına ermənilər tərəfindən Qarabağın işğal olunması faktı düşür!...” Şərhə ehtiyac varmı?
Amma QHT-lərə Dövlət Dəstəyi Şurası yarandığı vaxtdan bizim layihələri maliyyələşdirməyə başladı. Bu illər ərzində xeyli səmərəli layihə həyata keçirmişik.
2008-ci ildən bəri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri kimi də Azay Quliyevin fəaliyyəti göz qabağındadır. Büdcəsi hamıya bəlli olan, layihələrin seçimi QHT sektorunun böyük əksəriyyətini razı salan QHT-lərə Dövlət Dəstəyi Şurası, sirr deyil ki, ölkəmizdə ən şəffaf bir dövlət qurumudur.
Azay Quliyev həmişə cəmiyyətə açıq olub, rəhbərlik etdiyi qurumla bağlı daim QHT rəhbərləri ilə müzakirələr keçirmiş, vətənimizə, millətimizə sadiq bir insan olub. Biz ümid edirik ki, Azay Quliyev belə iftiralara, böhtanlara fikir verməyəcək, bundan sonra da öz fəaliyyətini uğurla davam etdirəcəkdir”.