Türkiyədə son parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası təkbaşına iqtidar formalaşdırmaq üçün lazım olan səs baryerini aşaraq qalib gəlib. İndi nəzərlər yeni formalaşacaq hökumətin aparacağı siyasətə dikilib.
Xüsusilə, yeni hökumətin erməni məsələsi ilə bağlı hansı dəyişiklik edəcəyi Azərbaycanda diqqətlə izlənilir.
Kayseridəki Ərciyəs Universitetində ermənişunaslıq kafedrasının müdüri Qafar Mehdiyev (Çaxmaqlı) Modern.az-a açıqlamasında bildirib ki, Türkiyədə hökumətə kimin bşçılıq etməsindən asılı olmayaraq hər bir məsələ ilə bağlı dövlət siyasəti mövcuddur, "erməni məsələsi"ndə bəlli bir dövlət mövqeyi var.
“Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanımayan və ona qarşı ərazi iddiaları irəli sürən tək ölkə kimi yaxın gələcəkdə diqqət mərkəzində olacağına əminəm. İkinci tərəfdən də Türkiyənin Ermənistanla bağlı "qırmızı çizgiləri" var. Onun dövlət başçısı səviyyəsində dəfələrlə bəyan etdiyi prinsipial mövqeyi var.
Məsələn, Ermənistanla sərhədlərin açılması kimi ciddi məsələdə Qarabağdan Ermənistan Silahlı Qüvvələrinin çıxarılması şərti var. Buna əməl edilməyincə sərhədlər açılmayacaq. Yeni hökumətdə bu işi görəcək adamlar yenilənə bilər, amma siyasət qətiyyən dəyişməyəcək. Çünki Azərbaycan Türkiyənin vaz keçilməzidir”.
Ermənişunas alim bildirib ki, dünyada gedən məlum hadisələr fonunda erməni məsələsi bir qədər arxa plana keçsə də bu iş heç zaman diqqətdən kənarda deyil.
“Bunun gələcəkdə hansı istiqamətdə inkişaf etməsinə gəlincə bu bir qədər də Ermənistandan asılıdır. Ermənistan özünün idddialarından, qondarma "Erməni soyqırımı" yalanından imtina etməlidir.
Bu məsələ ilə bağlı erməni iddialarını təkzib etmək mümkündür və Türkiyədə bunlar edilir. Son zamanlar bir çox ermənişünasların, o cümlədən də mənim də tədqiqatlarımda ermənicə qaynaqlarda ermənilərin bu yalanı uydurduqları ortaya çıxır və bəzi məsələlərdə ermənilərin özləri də etiraf edirlər.
Ermənilər bütün bunlarla razılaşmaq məcburiyyətindədirlər ki, qarşılıqlı ölümlər olub, amma türk-müsəlman əhaliyə qarşı bu qətliamlar daha çox olub. Əgər bu tarixi faktları, təkzibedilməz qırğınları nəzərə alsaq onda məlum olar ki, soyqırımçı ermənilərin özləridir”.
Bu faktlardan irəli gələrək Q.Çaxmaqlı bildirib ki, Türkiyənin xarici siyasətinin erməni məsələsində bu yöndə olacağı şübhəsizdir.
“Əlbəttə Türkiyə Ermənistanla qarşılıqlı əlaqələr qurmaq istəyir, amma dediyim ki, bunun üçün münasib ortam, şərait olmalıdır. Yaxında Ermənistan- Türkiyə münasibətlərini sahmana salmaq üçün təşəbbüslər göstəriləcək.
Xarici siyasətdə bu məsələnin uzun zaman dondurulmuş vəziyyətdə qalması qardaş ölkənin xarici siyasət prinsiplərinə uyğun deyil”, deyə alim vurğulayıb.
Aytən ZƏHRA