Modern.az

Bakı Dəmiryol Vağzalının təmiri gələn il başa çatacaq

Bakı Dəmiryol Vağzalının təmiri gələn il başa çatacaq

25 Noyabr 2015, 11:33


Bakı Sərnişin Vağzalı yenidən qurulur. Əsaslı təmir işlərinin 2016-ci ilin ikinci yarısında başa çatması nəzərdə tutulur. Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin dəmir yolu vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb:

“Bu məqsədlə bu ilin mart ayında Bakı Sərnişin Vağzalında yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri həyata keçirilir. Bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənəcək. Sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər.

Təmir işləri davam edir. Hazırda vağzal binasının fasadı üzlənir.

Əsaslı təmir işlərinin 2016-ci ilin ikinci yarısında başa çatması nəzərdə tutulur”.

XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib.

Vağzal binasının mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olmuş, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.

Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.

1977-ci ildə Bakı-sərnişin stansiyasında 10 min sərnişinlik yeni vağzal binası tikilmişdir. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi