Modern.az

“Parlamentdə Qarabağ komitəsinin yaradılması daha vacib idi”

“Parlamentdə Qarabağ komitəsinin yaradılması daha vacib idi”

25 Noyabr 2015, 12:17

Milli Məclisin yeni tərkibdə ilk iclasında 4 yeni komitə yaradıldı. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov seçiliblər. Maraqlıdır, dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, yenə Qarabağ komitəsi yaradılmayıb.

Ümumiyyətlə, Qarabağ komitəsinin yaranmasına ehtiyac varmı?  

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Modern.az-a deyib ki, Qarabağ komitəsinin yaradılması daha vacib məsələdir:

“Milli Məclisdə Qarabağ komitəsi mütləq yaradılmalı idi. Azərbaycan üçün ən mühüm məsələ Qarabağ münaqişəsinin həlli olmalıdır. Çünki Milli Məclis səviyyəsində bütün danışıqlar, layihələr, təkliflər hamısı orda sistemləşdirilib vaxtaşırı müzakirəyə çıxarılmalı idi. Görünür, Qarabağdan daha vacib məsələlər prioritet olaraq görülüb”.

Fazil Mustafanın sözlərinə görə, Qarabağ komitəsinin yaradılmaması bu məsələnin vaxtaşırı müzakirəyə çıxarılmasını əngəlləyir: “Qarabağ komitəsi olmayanda bu o deməkdir ki, Milli Məclisdə Qarabağ məsələsi çox da əhəmiyyətli məsələ sayılmır.

Hesab edirəm ki, Qarabağdan vacib məsələ yoxdur. Çoxluğun rəyi budur ki, ondan daha vacib məsələlər var.   Ona görə də məsələni gündəmə gətirməyin bir mənası qalmadı”.     

Namidə BİNGÖL

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi