Modern.az

Türkiyəli deputat: “Qonşularımızla münasibətlər böyük bir çıxmaza girib”

Türkiyəli deputat: “Qonşularımızla münasibətlər böyük bir çıxmaza girib”

Dünya

25 Noyabr 2015, 15:41


Türkiyənin Suriya sərhədində, Hatay bölgəsində Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurması bölgədə vəziyyəti gərginləşdirməklə yanaşı,  bütün diqqəti üzərinə çəkə bilib. Hər kəs Rusiya-Türkiyə münasibətlərində dönüm nöqtəsi ola biləcək qərarın verilməsini gözləməkdədir. Hətta Rusiya prezidenti Vladimir Putin  bunu terrorçularla əlbir olanların Rusiyanın kürəyinə vurduğu zərbə adlandıraraq, hadisənin Rusiya-Türkiyə əlaqələrinə ciddi təsir edəcəyəni bəyan edib.

Modern.az saytı məsələyə Türkiyənin münasibəti öyrənmək üçün Türkiyə Böyük Millət Məclisinə CHP-dən millət vəkili seçilən Türkiyə Qəzetçilər Federasiyasının sabiq sədri Atilla Sertellə əlaqə saxlayıb. A.Sertel Modern.az saytına açıqlamasında hadisələrin gedişini narahatlıqla izlədiklərini deyib:

“Türkiyə həyata keçirdiyi xarici siyasi xətalar səbəbi ilə təəssüf ki, Orta Şərqdə davam edən savaşın bir parçasına çevrilməkdədir. Bu, Türkiyə üçün son dərəcə narahatlıq yaradan vəziyyətdir. Bütün qonşularımızla dostca başlayan münasibətlər indi böyük bir çıxmaza girib.

Hökumətin xarici siyasəti, xüsusilə də Orta Şərq siyasətini yenidən dəyərləndirib Mustafa Kamal Atatürkün “Yurdda sülh, yurdda barış, dünyada barış” xəttinə gəlməsi doğru olar”.

Deputat “hadisənin Rusiya-Türkiyə münasibətlərinə təsirləri nədən ibarət olacaq” sualını “gözləməliyik” şəklində cavablandırıb.

“Rusiya hər tərəfdən-ticarət və turizm baxımından əlverişli ölkədir. Əgər hər hansı bir kriz ortamı olarsa, bunun Türkiyə turizm sektoruna təsirləri çox ciddi olacaq. Bildiyiniz kimi təbii qaz alış-verişini də Rusiyadan edirik. Dolayısı ilə həm ticarət, həm də digər sektorlarda qopmaz münasibətlərimiz var. Bu münasibətlərin düzəlməsini arzulayıram”.

A.Sertelin “baş verənlərdən ən çox zərər görən tərəf Türkiyə ola bilərmi” sualına cavabı belə olub:

“Mən bunu demək istəmirəm. Bildiyim budur ki, münasibətlərin korlanmasının hər iki ölkəyə təsirləri ola bilər”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi