Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) artırılıb.
Sənədə əsasən 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 1,5 milyard manatdan 4,5 milyard manata qaldırılıb.
İqtisadçı-alim Vüqar Bayramov Modern.az saytına fərmanı şərh edərkən deyib ki, bu, büdcəyə daha çox borc vəsaitlərinin cəlb edilməsinə imkan verəcək: “Bununla Azərbaycanın daha çox borc cəlbetmə imkanları açılıb. Praktik olaraq neftin 1 barelinin qiyməti aşağı düşdükdən sonra xarici borclanmaya ehtiyac yaranıb. Bu qanunla müəyyən qədər xarici borclanmanın qarşısı alınacaq.
Daxili dövlət borcları dövlətin birbaşa istiqrazlar və qiymətli kağızlar vasitəsilə borclanmaya getməsidir. Bu zaman müxtəlif dövlət qurumları borclanmaya gedir və onlar cəlb etdiyi vəsaiti müxtəlif fiskal istiqamətlərə xərcləyirlər.
Ona görə də 2015-ci il üzrə daxili borclanmanın yuxarı hədinin artırılması, cəlb edilən daxili borcların həcminin artırılmasına imkan verəcək”.
İqtisadçı qeyd edib ki, qanuna əsasən dövlət qurumları, xüsusən qiymətli kağızlar bazarına müdaxilə etməklə daha çox vəsait cəlb edə biləcək:
“Limitin artırılması əslində daxili bazardan vəsaitlərin ehtiyacın yüksəlməsi ilə bağlıdır. Manatın devalvasiyasından sonra Azərbaycanın xarici borcunun Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 12, 5 faizə çatıb. Xarici borcun Ümumi Daxili Məhsuldakı payının riskli həddə olmamasına baxmayaraq, hökumət çalışır ki, maliyyə resurslarına olan tələbatı daxili borclanma hesabına həyata keçirməkdədir. Bu baxımdan prezidentin imzaladığı fərman xarici borc limitinin tənzimlənməsinə xidmət edəcək, digər tərəfdən daxili mənbələrdən daha çox vəsait cəlb edilməsinə şərait yaradacaq”.
Gülşən RAUFQIZI